ayb.az şair Elxan Zalın şeirlərini təqdim edir.

Torqovı peyzajı

bura nə Parisdir, nə Sidney,
bura heç Dakar deyil.
adam nə iş tapa bilir özünə,
nə də ki, bekar deyil.

reklamların işıqları,

rəngli kombinezon geyir.

urussayaq akkordeon,

gələnlərə bonjur deyir.

 

sel kimi axır izdiham,

meydan top model sərgisi.

qonub eşqli dodaqlara,

boyalı reklam şərqisi.


daş cəngəllik  səhnəsində 

rejissorsuz bir teatr.
bura bizim Brodveyimiz,
bura bizim Monmartr.

 

 

 

duyğular çimişir ulduz odunda

 

səhərin sehrində, Zöhrə zikrində,

durub dinləyirəm mələk xorunu.

oyanan ağaclar heyran baxırlar,

seviş ritmindədir dalğa dansları.

 

eşq var dünya boyda, eşq var tanrısal,

duyğular çimişir ulduz odunda.

bizim sevişimiz ilahədəndi,

bizimdi şəhvətə bürünmüş şəhər.

 

səni gözləyirəm, sən harda varsan?

telefon eləsəm zəng çatarmı, gəl.

sığal şərqiləri istəyir bədən,

yaşam yaşıllanır dodaq dadında.

 

küçələr səhərin sehrində donuq,

araba seyrəkdi, gözləmə kövrək.

eşqin Qız qalası, yalnız qalası,

şumer ləhcəsiində şərqi oxuyur.

 

səhərin havası bumbuzdu, sən gəl,

acıqmış duyğular qunduzdu, sən gəl,

can yanıb əriyər gözləmələrdə,

eşqin dünyaları sonsuzdu, sən gəl.

 

səni gözləyirəm, sən harda varsan?

yalnızlıq sığışmaz kainatlara.

səhərin sehrində, Zöhrə zikrində,

dualar yollanır gizli qatlara.

 

 

 

 

*****

 

 

Tauz Paris deyil, mən qall deyiləm,

xəyalım fırlanır tonqal başına.

yarpaq qoxusunda əriyən külək,

druid duaları söyləyir mənə.

 

Ay işıq çiləyir, telefon susur,

yalnızlıq qorxusu pıçıltısızdı.

sevda ulduzunun bayatıları,

mələk günahına qarışır ertə.

 

qənirə  ilahəm, qutlu ilahəm,

axşam düşüncəsi eşq tamındadır,

könül kafeləri gəl-gəl deyirlər,

reklam işıqları öpüş göndərir.

 

gəzməli günlərin balet çağıdır,

fontanlı parklara bilet var, gedək.

“Torqovı” Monmartr olmasa belə,

bizim də öz zəfər tağlarımız var.

 

sevgilər sığışmaz kainatlara,

“Yelisey çölü”nə yel qovur həvəs.

müqəddəs türkülər oxuduram mən,

saçlı söyüdlərin yarpaqlarına.

 

gözləmə ömürdən uzun olurmuş,

ilahi yanğılar qucağa sığmaz.

ulduz baxışları Elen kimidir,

Parisə bənzəyir yaşılgöz gecə.

 

 

kenquru həvəsli anlar

günəşdən doymasa səhra bozarmaz,

işığın içində tap qaranlığı.

dəvə gövşəyində əzilir sükut,

küləyin səsində söz dilimlənir.

 

sakit qafalarda həzin müzik var,

rahatsız saatlar hay-küyə pərçim.

iş güc olmayanda vaxtın leşını,

armudu ctəkanla boğur yalquzaq.

 

göyə buynuz atan evlər evkalipt,

kenquru həvəsli anlar hoppanır.

izdiham takt tutur dalğa ritminə,

kütlə danışanda söz də quruşdu.

 

uçaqlar dalınca yel qovur səma,

yalını oynadır avtomobillər.

gəzişmə həvəsi at iyindədir,

madyan macəralar kəmənd istəyir.

 

işlər plebeyvari, binalar kübar,

ömür teatrosu bürkülü boxça.

həzrəti biznesin saksaulları,

bütün girişləri kölgələyiblər.

 

dəblər sərgilənib fontan bağında,

ağ maya qızların göbəyi üryan.

sevdalı duyğular yatırım yığır,

baxışlar xərcləyir kredit kartını.

 

yosma dalğaların çalısı çılğın,

qayğılar qumunda ağnayır şəhər.

izdiham takt tutur dalğa ritminə,

küləyin səsində söz dilimlənir.

 

 

üzüntülər oteli

üzüntülər otelində üzülən dəqiqələr,
içilməmiş qədəhlərin içilmək ehtirası.
macal qarsonumuzla üzülüşüb bir təhər
hesabları bağlayacaq bir  italyan havası.

duyğuların deposuna  zəng olunub nə vaxtdan.
sığalların əzginliyi taksi gözləyir gedə.
yapışmayan kəlmələri uc-uca calamaqdan
üzüntülü bir oteldə halsız qalıb vaxt-vədə.

hər görüşdə bir ayin var, hər öpüş bir yatırım.
könüllərin külfəsində yanmaz sevgi vekseli.
keçənlərin acısını söz selində batırıb,
hərdənbir zəng vur mənə, sevirdir "Azərseli".

 

 

 

apağ bir qız idi

 

apağ bir qız idi, qoftası mavi,

axşam işıqları tor toxuyurdu.

“Torqıvı” tinində təpik döyərkən

bir ayrı dünyadan gəldi elə bil.

tanışdıq, danışdıq, yaman yapışdıq,

mənin töküntülü hücrəmə gəldik.

qəhvənin üstündən isti bir öpüş

soyunma həvəsi qaldırmadaydı.

nəfəsi yanğılı, bədəni kipdi,

 ilan qabığı tək çıxır şalvarı.

dilinin ucunda likor tamı var,

seviş şərqiləri rep üslübunda.

könlün kəhərini Tiflisə çapdıq,

duyğu dənizində sulandı sığal.

sevişi bilənlər doymaz öpüşdən,

 bulud bezar olmaz boşalmalardan.

apağ bir qiz idi, gülüşü gömgöy,

timsah dərisindən çantası vardı.

tanışdıq, danışdıq, yaman yapışdıq,

ayrıldıq təzədən görüşmək üçün.

 

 

uyqu bilməz İstambul

 

Masanın üstündə ötən günümüzü əridir şam, axşam zadəgan qismində oturub lokantılarda.

 sən və mən qosqoca bir şəhərin intim bir köşəsində yep-yeni şeylər düşünürük, əski anılardan ayrılmadan. Əlbəttə bu dans yapanlar yeniçəri rəqslərini unutmuşlar çoxdan və Avropadan nə gəlsə tapınaq önündə oturmuş kimi qatlayırlar dizlərini. Lampalar gözlərini gizlədərkən azan səsindən, sən və mən iyi şeylər düşünürük bozqır qoxulu sevdalardan. Şəhər həmişə gözəldir və bir ehram sehri var sokaklarda, sənin sehrin sokakların sehrindən daha da mistik. Mən yabanı baxışlarla toxunuram sənə, əllərimlə toxunuram, zərif bir don biçərək toxunmalardan. bilirsən nə gözəldir İstambulda hava udmaq və sənə toxunmaq. Eşikdə saatları qovur rüzgar, bahar berkut kimi məsud. Əlimdən tut bozqırı gör və Ötükəndə müqəddəs bir ormanı. İndi camelərdə danışırlar göylərlə, azman kümbəzlər üstündə toplaşır dualar. Bəs sən tanrıdan nəsə dilədinmi, söylə?  Susmağın da gözəldi saçların kimi, saçların Quşadasındakı sirli çalılara tüzaq. Elə bilmə ki, uzaq gedirəm, İstambuldan Bakıya iki-üç saatlıq yoldur, yolçuluq əbədi yoldaşıdır macəraçı türklərin. İstər qıraq ovadakı Krakova get, istər Lozannaya, yenə bir ayrı yeri var İstambulun. Bu alanlar, bu caddələr, bu parklar sənə toxunmağı şərəf bilmişlər və keçmişlər burada çox şanlı...qaranlıq kəsibsə də qapını, aydın günlər görünür yarında, bizimlə həp bərabər dans yapanlar, qucaqlarında yürgələyirlər dadlı uyqularını. İşıqlar ayaq altına tökülür pul-pul, dayanıb tanrı zikrində necə yüz ildi uyqu bilmir İstambul. Biz İstambul olammarıq, saata bax, gedək yataq.

 

 

bir gün İzidanı Bakıda gördüm

yel yatıb, yelkən oynamır,

hava yorğa yerişlidir.

darıxmalı dədiqələr,

üç yüz altmış girişlidir.

 

göyün gizli qapıları,

açılır duadan sonra.

düşüncəmin uçuşunu,

asan eylə ey Amon-Ra.

 

həvəs gizlənib qəsrində,

İzida isirmir qınağı.

şalvar deşən yançaqları,

döyür baxış mancanağı.

 

məmələr Xeops ehramı,

ağ sinə olsa da səhra,

azdırmalar ilanını,

dişlərinə sıxıb doğra.

 

içini görünməzliyə aç,

nəfsinin bağla pultunu.

tanrıçaların gənəşi,

bəlkə silə insultunu.

 

çiskinli müzik

qara manto, ağ urbaşqa,
bu şəhərin nağılları
bambaşqadır, bambaşqa.
daş və beton meşəsində,
yarıməxfi bir kabare,
şərqi deyir Zəki Müren,
üstümüzə damcı-damcı
axır müzik,
neftə bulaşmış şəhərdə,
ən duyğulu anıların
notlarını yazan bizik.
kokteylli söhbətlərə isti qatır
bir az qəhvə, bir az brendi,
duyğuların tans çağında
aralığa toran endi,
titrək bir an,
utancaqlıq sınırında
dayanmadan
yana qoydu qolçasını,
bir az açdı qılçasını,
yüngül öpüş, ürkək tumar,
çılpaqlandı xumar-xumar,
dodaqlar üstündə boya,
yavaş-yavaş döndü suya.
könülləri loğmalanmaq,
bundan şirin olurmu ya?
istəyirəm vaxt uzansın,
istəyirəm gəlməsin son,
bu qapını açma qarson,
açma qarson.

 

 

 

*****

 

 

nə Dao müdrikinin eşq eleksiri, nə Kamasutra,

nə Şolpan oğlu Erosun atdığı ox,

duyğulara sığal verməz bundan çox.

bu plazma toxunmaları,

bu ultrabənövşəyi baxışlar,

ayrı dünyadandı bəlkə,

bəlkə də biz ayrı dünyadanıq?

küçədə, metroda,

ya Elton Conun konsertində,

qızmar çimərlikdə, kondissionerli “cip“də,

hər yerdə bu toxunma, hər yerdə bu baxış,

gözlərini yum, əlimdən yapış,

fikrini süpürgə üstündə uçurt,

duyğularını sfinksə mindir,

sevgi özü bir ayrı dindir.

hər yanda ovsun və sehr,

nə olar, mənə bir öpüş duası ver.

 

 

 

 

 

                                    *****

upuzun öpüş və yüngül bir həyəcan musiqi ritmində rəqqas,

 sığallar don toxuyan bir hörümçəkdir, dodaqlar qan içmiş gilas.

 bu otaq, bu yataq bizə məbəddir,

 duyğu odunda ətirli məlhəm tək alışır dualarımız,

 canda günəş istisi var, kefli baxışlarda qımız.

 biz heç nə düşünmərik bu anda,

 kəlmə kəsmək üçün vaxt tapanda,

 sözlərin səsini batırır ürəklərin çaldığı dum – dum...

 om mani padme xum.

 unutmuşuq bu şəhəri, yeri göyü unutmuşuq,

 nə evsizləri düşünürük, nə işsizləri,

heç bombalar altında ölənləri də düşünmürük.

 hörümçək toru toxuyur sığallar,

 dodaqlar qan içmiş gilas.

 bu anda nə bir manyak, nə Fantomas

 düşücəyə qonaq olmaz.

 düşüncə uçuş istəyir, sevişlər cıdır və yarış.

 hər şey təzə, hər şey tanış,

 göylər çəkir ruhumuzu,

suç yükü hopmaz bu cana...

 nirvana, nirvana, nirvana.....




Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə