lll 

Bitdi, səni ağrıdan
O, acı sevgi bitdi!
Ürək saldı taxtından -
O tacı, sevgi bitdi!

 

Günü səpib hədərə
Boyun əydi qədərə...
Yeddi qardaş kədərə -
Bir bacı - sevgi bitdi...

Sənə oldu baş qatmaq
Onu başdan başlatmaq
Əbülfəti yaşatmaq -
Əlacı - sevgi bitdi!..

lll 

Sən bütün ümidlərin 
Qapısın kilidlədin.
Qopmuş vərəqlərini
Topladın, cilidlədin -
kədərin...

Sübhün kirpiyindəki
Şehi mənə qurutdun.
Nələr yaşatdığını 
Bilə-bilə unutdun -
kədərin...

Baxdım, ölçdüm, düşündüm
Gözüm yolda bozardı.
Mən həsrətdən üşəndim
Yanaqları qızardı -
kədərin!

Bu sevginin hər anı
Məni aldı qoynuna.
Yerdə qoyma bu qanı 
Sən onu yıx boynuna -
kədərin...

lll 

Halım, günüm ortadadı,
Gün verəydin, gün görəydim.
Hallandıqca orda adım,
Könlü necə güldürəydim?!

Söylə görüm nə çin olub,
Olubsa, bəs neyçün olub?
Ürəyim ki, elçin olub,
Özgə kimi göndərəydim?!

Öz içində sıxılmayıb,
Künc-bucağa sığınmayıb.
Hələ dözür, yıxılmayıb -
Ürək, sənə bildirəydim!

lll 

Allahım, yoruldum daha,
Dincəlmək keçir içimdən...
Yır-yığış eyləyən ruhum -
Sakitcə köçür içimdən!

Allahım, səsim də qırıq,
Dilim d işimə dolaşır.
Didilməkdən yaxam cırıq -
Dırnağıma qan bulaşır.

Allahım, üzümdəki qan,
Quruyur gözüm dibitək...
Sənindi bu sevdalı can -
Alıb götür, özünə çək!

lll 

Gördüm ovcumun içitək
Gördüm bütünlüklə səni...
İçim qayğıyla doluydu -
Seçdim bu tünlükdə səni!

Bir-bir tanış cizgiləri,
Oxşadım, ovdum durmadan...
Mənə yad olan hisslərin -
Birin də üzə vurmadım!

Pərdəsin qaldırıb cismin
Ruhunun gözünə baxdım...
Kirpiyində damla idim -
Yanağın aşağı axdım...

lll 

Uşaq kimi gülümsəyir -
Hamıdan öncə dan üzü!
Çiçəklərin ən gözəli -
Açılan qönçə, dan üzü!

Gecənin canın qoparır
Yuxusun alıb aparır.
Dünəndən sanki top alır -
Çəkilir küncə dan üzü!

İnsan gəlir görə-görə,
Min cürə dəyişir hərə...
Sevgisin anamız yerə -
Qoymur ki, dincə 
                  Dan üzü!
lll 

Bir umud ağacım var,
Yarpağı hələ yaşıl.
Sən də öz umuduna,
Gəl, dərib bələ yaşıl!

Uymadan fitnə-fəndə,
Öyünsün saçda dən də.
Bu dünyada heç bəndə
Görməyib belə yaşıl!

Bəxt öncədən yazılıb,
Sinəmizdən asılıb.
Üzümüzə açılıb -
Hər səhər gələ yaşıl!

lll 

Məni “ah”ına tapşır,
Son günahına tapşır,
Uzaq uzaq tutacaq
Sən lap yaxına tapşır -
Üzünü görə bilim...

Məni qəzəbində boğ,
Sevgi əzabında boğ...
Küsmərəm, incimərəm,
Təki mən hamıdan çox -
Gözünü görə bilim...

Sən ağrıt, mən də dözüm,
Közün yandırsın közüm
İmkan ver axşam, səhər -
Gözünə baxsın gözüm
Özümü görə bilim...

lll 

Kədərinə şükür et
Hamıdan boldu səndə.
Damarına su qaçdı -
O xoşbəxt oldu səndə!

Yazı, qışı bilmədi
Gözdən yaşı silmədi.
Demə yanlış ilmədi -
Yox, yaşıl yoldu səndə!

Özünə bax , ona bax
Səsindəki tona bax...
Ay Əbülfət, sona bax -
Gör nələr soldu səndə...

lll 

İllərin ələyində
Əridi getdi ömür.
Bir ağrı bələyində -
Kiridi, getdi ömür!

Əli ələ yetməmiş,
Üzündən su getməmiş,
Uşaqlığı bitməmiş -
Yeridi, getdi ömür!

Yar dilin öyrənəndə
Özünə öyrədəndə,
Sevgisin göyərdəndə -
Çürüdü getdi ömür! 

lll 

Durub üzü dan yerinə
Unut, nə qədər ki, dərd var!
Unut, bil ki, bu dünyada,
Sevinmək üçün də şərt var!

Yaxanı aç şəfəqlərə
Nura bələnib, nurdan keç.
Düşün imtahan verirsən -
Neçə mininci turdan keç!

Dözümün ümid böyütsün,
Özün özünə mayak ol!
Həsrət bir az fürsətcildi,
Sən öz sevgində oyaq ol!

lll 

Mən gün işığı kimi, 
Gözləyirəm tər dərdi.
Nəmdisə kirpiyindən,
Gətir gülüm, sər dərdi.

Diş-dırnaqla qazıram,
Sinəmə ad yazıram.
Ovutmağa hazıram -
Kürlük edən hər dərdi...

Elə sev, hamı bilsin,
Ov, əllərim isinsin.
Ömründən Tanrı silsin -
Qada, bəla, şər dərdi!

lll 

Bir sevginin qorunu,
Səbrimlə tonqal saydım.
Kirpiklə od götürüb,
Sinəmi manqal saydım.

Dözüb durdum inadla,
Uçdum sınıq qanadlı.
Qoymadım ki, qanada -
Dərdləri yonqar saydım.

Ömrə işıq çilədim,
Günü günə bələdim.
Saçıma dən ələdim,
Onu da son qar saydım.

lll 

Zarafatyana

Dərdi yaxın buraxıb,
Fikir eləmə, gülüm!
Hər addımı niyyətlə -
Zikir eləmə, gülüm!

Həsrət sinəmdə çaxıb,
Qanım su kimi axıb.
Sənə bir dəli baxıb -
Şükür eləmə, gülüm!

Ruhumdakı hər zərrə,
Həm xeyirlə, həm şərlə.
Birləşib sən bəşərlə,
Fikir eləmə, gülüm!

lll 

Mən bir az özümü sevdim,
Ondan bir az artıq səni!
Özümü sevib qurtardım,
Sən oldun ruhun vətəni!

Nə ağ, nə qara seçmədim,
Necə var, elə götürdüm.
Çəkdim buludu başıma -
Hər gün ildırım ötürdüm...

Tapdım ruhumun sözçüsün,
Bir gözəl üfüq açıldı.
İtirdim yolun ölçüsün -
Ürəyim sənə qaçırdı...

lll 

Sən bu şəhərdə idin
Mən bu şəhə rə gəldim.
Bu, alın yazım imiş -
Mən üzümə açılan -
Nurlu sabaha gəldim.

Sən bu şəhərdə idin -
Gəlmişdin məndən öncə.
Bu, alın yazım imiş,
Yolumu gözləyirmiş -
Mənim burda bir qönçə...
Sən bu şəhərdə idin -
Ürəyindəki odla.
Bu, alın yazım imiş
Sevgindən dəli olub -
Tanınmağım bu adla!..

Sən bu şəhərdə idin
Mən də gəldim, tam olduq!
Bu, alın yazısıydı -
Bir ürəkdə ikimiz -
Məşəl olduq, şam olduq!

lll 

Özün özünə, gülüm,
Çox olsa da dost-tanış
Hərdən məndən də danış -
Yadında təzələnim...

Söylə üzümə, gülüm,
Mənəm sənin qadan da...
Şirin tikə dadanda -
Dadında təzələnim...

Kaş ki, özüm də, gülüm, 
Qəlbə işıqtək dolan
Sevgimə ana olan -
Qadında təzələnim!

Açılan səhər üçün
Dua etdim - əl açıb.
Bu açılan səhərdə
Bir ümidim dil açıb.

Duyğularım elə bil
Yaz şehinə bələnib.
Günəş şüalarıtək -
Üst-başıma ələnib!

Könlümdə həyat eşqi
Bir ümiddən od alıb.
Bu ümid açılacaq -
Səhərlərə od salıb!

lll 

Sarmaşıb bir-birinə
Doğmalaşıb gül-çiçək.
Arılar aman vermir,
Gül-çiçəyə əl çəkək -
Oxşayaq...

Al-əlvan kəpənəklər
Yaman çaşdırır bizi.
Gözləyr qanadları,
Görünmür gülün üzü -
Oxşayaq...

Sərgi açıb özünə
Bu talada gözəllik.
Açılan bu sərgini 
Gözümüzdə üzərrik -
Oxşayaq...

lll 

Oturmuşuq, kiminsə 
Günahını çözürük.
Günahların yerinə
Özümüzü üzürük
Budaqdan yarpaq kimi.

Gah çöhrəmiz dəyişir, 
Gah səsimizin tonu.
Bütün üzüntülərin 
Bəllidir bizə sonu
Bir ovuc torpaq kimi.

Kiminsə günahından,
Danışıb, küsüşürük.
Sevgimizin ahından,
Utanıb büzüşürük,
Saralan yarpaq kimi.
lll 
Bir dan üzü havası, 
Bir qürub nəğməsi çal.
Onların arasında 
Sən bir ruh körpüsü sal,
Düşünək...

Atlanaq ağır-ağır,
Tələsmədən, səbirlə.
Bitəcək hər bir cığır -
Yol beşikdən qəbirə! 
Düşünək...

Çölümüzdən içəri,
İçimizdən çöləcən
Yanlış addım atmayaq,
İnsanlığı böləcək -
Düşünək...



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə