Son xəbərlər

 

Ayrılıq

 

Ayrılıq nə yaman çətin olurmuş,

Budaqdan inciyən quş barışaydı.

Küskün xəyalların, qəmli günlərin,

Basıb ürəyinə daş, barışaydı.

 

Gecikmiş yolçudan, qonaqdan küsən,

Şaxtadan bezikən, sazaqdan küsən.

Kirpikdən od alıb, yanaqdan küsən,

Gözlərdən süzülən yaş , barışaydı.

 

Bir ömrü yolundan saxlayıb gedən,

Bir qəlbin qapısın bağlayıb gedən.

Ruhuma yas tutub ağlayıb gedən

Kaş geri dönəydi, kaş barışaydı.

 

 

Gülüm

 

Dərdimə dərmanım tapılmaz yəqin,

Halımı pərişan eləsən, gülüm.

Deyirlər zülm etmək ayrılıq salır,

Qorxma ayrılıqdan elə sən, gülüm.

 

Uyma tənələrə, yalan sözlərə,

Dəyişən dillərə, gülən üzlərə.

Məni dəli edib salsan düzlərə,

Nə cavab verərsən elə sən, gülüm?

Səndə göz oxşayan gözəllik qamət,

Nə ağır təbiət, nə gözəl surət.

Şeytanda, mələkdə olmaz bu cürət,

Şeytan da,mələkdə elə sən, gülüm.

 

Xələfəm o təmiz, o ülvi sevgin,

O qədər qəlbimə kəsildi hakim.

Yüz il bundan sonra deyərdim yəqin,

Sən mənim gözümdə, elə sən gülüm.

 

 

  

 "Allahın balaca qızı"

(Xocalı soyqrımına həsr olunub)

 

Soyuq qar üstündə körpə meyidi,

Mavi gözlərində ümidlər yatır.

 Bu ölü körpənin, ölü baxışı,

Hələ də insanda ümid oyadır.

 

Baxırsan xəyallar aparır səni,

Bəlkə ölməyibdir bəlkə diridir,

Üç ayliq körpənin bu qış günündə,

İntiqamı nədir, günahı nədir?

 

Görəsən bu körpə kimə nə etdi?

Silahmı qaldırdı, Kəlməmi kəsdi?

Hələ ana sözün deyə bilməmiş,

Başında ölümün tufanı əsdi.

 

Nə sakit mənzərə, nə sakit sükut,

Ana bir tərəfdə,körpə də o bir.

Ana öz qızına süd verə bilmir,

 Anadan balaya qan arxı gedir.

 

Ay körpə, üz daha ümidlərini.

Ananın əlləri sənə çatmıyar,

Alıb kəfənini, qazıb qəbrini,

Səninçün ediblər əbədi məzar.

 

Gələndə günahsız gəldin dünyaya,

Məzara günahsız getdin, qoyuldun.

Dünən öz ananın şirin qızıydın,

Bu gün də Allahın bir qızı oldun.

 

 

Səni istəyir

 

Yollarına boylanıram hər axşam,

Kor olubdu gözüm səni istəyir.

 Ucalanda göy üzünə fəryadım.

Kəlməm səni, sözüm səni istəyir.

 

Qərib qalıb bağçamızda bir çiçək,

Boynu bükük, qəlbi qırıq, yetimtək.

Tor üstündə bəslədiyin hörümçək,

Bu ot basan izim, səni istəyir.

 

Qəm üstündə köklənmişəm bu səhər,

Ağılarla bəslənmişəm bu səhər.

Yenə yaman kövrəlmişəm bu səhər,

 Dağım, dərəm, düzüm səni istəyir.

 

Dağılmışam, fikrim , hissim dərbədər,

Gülər üzüm sənsiz olub qəm, kədər.

Göz yaşımdan, suya dönən cümlələr,

 Ağ vərəqdə yazım, səni istəyir.

 

Kədər məni daşa basıb bu evdə,

Yağmalayıb, kəsib, asıb bu evdə,

Dön geriyə! Sənsiz, kasıb bu evdə,

Çoxum səni , azım səni istəyir.

Kor olubdu gözüm, səni istəyir.




Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə