Bu qadın...

Yorğundu çöhrəsi, qəmlidi üzü
Bezir bu həyatdan, bezir bu qadın!
Öyrəşib dərdini tənha çəkməyə,
Dərdiylə özünü əzir bu qadın!

Qaranlıq gecədən çıxa bilmir o,
Sevib, bir ürəyə axa bilmir o.
Həyatın üzünə baxa bilmir o...
Havalı-havalı gəzir bu qadın!

Dərdini Allaha deyibdi... yazıq!
Özünü içindən yeyibdi... yazıq!
Qayğılar qəddini əyibdi... yazıq!
Düşüb taleyinə əsir bu qadın!

Dəyişməyəcək...
                     
Nə olsun seçilmir güldən o gözəl,
Yaman acıdildi dildən o gözəl.
Salıbdı lap məni əldən o gözəl,
Qurbanı olsam da, dəyişməyəcək.

Çətin ki, insafa gələsi, vallah...
Mənə lazım deyil beləsi, vallah!
Olmaram eşqinin köləsi, vallah,
Heyranı olsam da, dəyişməyəcək.

Vursam da ömrünə, gününə zinət,
Nə fayda, versəm də ən böyük qiymət?
Qursam da könlümdə ona imarət,
Sultanı olsam da, dəyişməyəcək.

Heç yaxşı bitərmi bu işin sonu,
Özü unudursa kim olduğunu?
Bir gün üzsə əgər tənhalıq onu,
Həyanı olsam da, dəyişməyəcək.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə