Susur Qala.

Susur Hələb.

Susur bir küncdə tozlu canamaz.

Susur naxışlı su camı.

Sükutu pozur qoca.

“Ya şeyx niyə tövbə etmədin?

Səni bağışlardı məzhəb, din”.

İmadəddin qaldırır başını,

deyir:

“Qoca!

Böyük həqiqətə,

doğru sözümə  tövbə deyimmi?

hər yanda

zülmü, səfaləti

görən gözümə tövbə deyimmi?

Ülvi gözəlliyə - Kəbəmə,

ləkəsiz məhəbbətə,

insan adına bağlı həqiqətə

tövbə deyimmi?

Mən deyirəm Allahın

canlı təcəssümü

sənsən, mənəm.

Allahın damlası

İnsan özüdür.

İnsan düşüncəsi,

doğru sözüdür.
Bax, budur allah...”

Salavat çevirir

Nicat kişi.

Yavaşdan deyir:

“Əstəğfürullah!”

Nəsimi qəzəblə səslənir:

“İndi bir can üçün

dediklərimdən dönüb

tövbə edimmi?

Qazının, zahidin

yalan, riya yolunu

tutub gedimmi?

Yox!

Yox!

Qoca,anla məni!

Tövbəyə qurban vermək olmaz

vicdan deyəni.

Sən dövrana nəzər sal!

Göz yumma olanlara.

Aldanma təsvirlərə,

məqsədli yalanlara.

Ölkəni götürüb başına

rüşvət, iftira, böhtan.

Satılır, alınır hər şey;

namus, vicdan.

Satılır cənnət

huri qılman.

Allahların da

Doğma, ögey bəndəsi var.

Qıl körpüdən keçməyin də,

cənnətdə yuxarı, aşağı başın da

nırxı var,

Məzəndəsi var.

Ödəniş bu dünyada,

Nəqd, pulnan.

Əvəz o dünyada.

Ömrü vur başa

bu ümid, bu üsulnan.

 

1973-1974

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə