Dinlə, rəssam, sözümün hikmətini,

Burda kim gizləyəcək heyrətini?

Dini-islamə tapındıqca elin

Sındı fırçan və əlin!

 

“Şəkli çəkdin-ona can  verməlisən,

Qəlbinə sən həyəcan verməlisən,

Onu hökmünlə danışdırmalısan,

Küsdürüb sonra barışdırmalısan,

Ağladıb sonra da güldürməlisən,

Yaşadıb sonra da öldürməlisən!”-

Belə bir hökmü şəriət verdi,

Fırçana bax, belə qiymət verdi.

Bunu allah bacarar-söylədi o,

Sənə rəsmi qadağan eylədi o.

 

Kecdi günlər,sənələr,kecdi zaman

Rafael sənətini gördü cahan,

Rembrandtın adını bildi bəşər,

Tək səni din ilə zəncirlədilər.

Öldü könlündə Qobustan rəsmi,

Bu qədim torpağa dastan rəsmi.

Nə Füzuli,nə də Vaqif o zaman

Düşmədi bircə kağız parçasına.

De,rəvadırmı gözəllik yaradan

Əl buxovlarda qala,fırçasına?!

İndi zəhmətlə açırsan səhəri:

Oxuyub cüngləri,təzkirələri

Altı yüz il geri addımlayaraq

Qanlı-qırğınlı,fəqət doğma,uzaq

Aləmi bir də görürsən,rəssam!

Sənə bir canlı qanaddır ilham.

 

Babamız şair İmadəddini sən

Əbədən görməmisən.

Sən xəyalən çəkəcəksən deməli?

Nə böyükdür əməlin!

Çəkəcəksən,bilirəm qüdrətini,

Çünki dünyaya sənin şöhrətini

Nə zamandır ki,tanıtmış fırçan.

Qardaşım,bircə ricam var ancaq:

Sən Nəsimini çəkərkən elə çək

Baxışından səpələnsin şimşək.

Günəşin nurunu doldur gözünə,

Kişilik nəqş elə dönməz üzünə.

Kişilik-atəşə yansın dönməz!

Soyunub buzda uzansın-dönməz!

Kişilik-tərsə soyulsun-dönməz!

Gözü xəncərlə oyulsun-dönməz!

Kişilik-rütbədən ensin-dönməz!

Əyninə dərdi geyinsin-dönməz!

Kişilik-bir tikəsin daldalamaz!

Kişilik-söz dedi-udmaz,yalamaz!

 

Kişilik-başladı qoymaz yarıda,

Söyləyər qul da mənəm,şah da mənəm.

O salar heyrətə allahları da,

Söyləyər tanrı da,allah da mənəm!

Babamız şair İmamdəddini sən

Qardaşım,bax,bu sayaq çəkməlisən.

Rəsmini seyrə dalarkən hər kəs,

Donub heyrətdə qalarkən hər kəs,

Biri:-Yalnız Halileydir bu!-desin.

Biri israr ilə:-Çordanodur!

Tez Nəsimini düşünsün birisi:

-Bu odur,-qoy desin,-ancaq bu odur!!!

Bu olar şeirin al səmasında,

Bu olar tanrı iddiasında!

 

                                     1972

 

Əliağa Kürçaylı. Həyatın dolayları.Bakı. “Azərnəşr”.1973.s. 60-63

Əliağa Kürçaylı. Bütövlük.Bakı. “Yazıçı”.1978.s. 317-319.

Əliağa Kürçaylı. Seçilmiş əsərləri.Bakı. “Azərnəşr”.1989.s.323-324

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə