(Hələbdə Nəsimi ilə xəyalən görüş)

 

Sənin dastanını qoyub yarıda,

Sənin görüşünə gəlmişəm, ustad!

Qəbrini hifz edən bu diyarı da

Yurdum tək müqəddəs bilmişəm, ustad!

 

Yağır göz yaşlarım ağ yağış kimi,

Tarix tilsimini qırdı hicranın.

Gətirib gəlmişəm sənə, Nəsimi,

Kövrək salamını Azərbaycanın!

 

Kövrəklər ağlayar... daşlar ağlamaz

Ağlamaq özü də mərdanəlikdir.

Ağılsız, fikirsiz başlar ağrımaz

İgidlik - ən zəif pərvanəlikdir.

 

Qədim Şamaxıdan qədim Hələbə

Qanlı-qadalıydı, ağırdı yollar.

Mən bu gün asudə gəldim Hələbə

Gör necə sakitdi, fağırdı yollar...

 

Çatdım bu şəhərə qaş qaralanda

Hanı Aşıq Qərib, Əsli və Kərəm?

Vitrinlər, reklamlar elə bu anda

Mənə göz vurdular... başqadır aləm...

 

Vitrin soyuqqanlı, reklam da sərin...

Əsli, Kərəmlərin barəsində hə...

Onda Nəsimidən bir soraq verin,

Üzünün nurunu göstərin mənə.

 

Nə vitrin? Təyyarə səsləndi, eheyy,

Nə reklam? Mersedes qıjhaqıj axdı.

Yer-göy dilə gəldi:  - Dəyişib hər şey,

Səyyah! Keşmiş ola Nəsimi vaxtı!

 

İncidim Hələbdən, təzə Hələbdən,

Əgər incidimsə... barışam çətin .

Dəb yox, əbədiyyət axtarıram mən,

Yox vaxtı, saatı əbədiyyətin.

 

Qaranlıq göylərə diqqətlə baxdım

Dünənin, bu günün çırağıyla mən.

Dönüb ildırıma gurladım, çaxdım

Müzəffər şairin sorağıyla mən.

 

Bələdçim eyləyib mən öz qəlbimi

Girirəm qaranlıq məhəllələrə.

Bax, bu cür nabələd gəldi Nəsimi

Amalı naminə həmin şəhərə.

 

-Eheyy! – dilə gəldi qaranlq, Hələb:

-Yəni bir beləmi çoxdur cürətin?!

Yanır Zahidlərin gözündə qəzəb:

Məni qorxutmayır odu dəhşətin.

 

-Ehey! Əks-sədam haray qoparır

Zahidlər indi də qalırlar yəni?

Hələbi müdhiş bir qəhrəhə sarır,

Zahidlər dövrəyə alırlar məni.

 

Solğun günbəzlərin yarıqlarından,

Qədim qapıların əndazəsindən,

Uçuq hasarların qırıqlarından,

Köhnə məscidlərin darvazasından.

 

Susuz quyuların kalafasından.

Kirli bazarların kif havasından,

Paslı qıfılların açar yerindən

Qara qarğaların uçar yerindən.

 

Hələbin hörümçək dalanlarından,

Dirəyi çürümüş eyvanlarından,

Çökmüş qəbirlərin baş daşlarından,

Pünhan mücrülərin qaş-daşlarından-

 

Zahidlər güdürmüş məni sən demə

Zahidlər üstümə tökülür qəfil.

Par-par parıldayır əllərdə qəmə,

Bu zaman qaranlıq sökülür qəfil.

 

Babam Nəsiminin nurani üzü

Zülməti səhərə döndərir bu dəm.

Zahidlər güruhu tərk edir bizi,

Çaşqın gözlərimdə dəyişir aləm.

 

Mən köhnə Hələbdə qəribəm, təkəm,

Demə təkliyimi bilib Nəsimi.

Çoxdan həsrətiylə qəlbi kövrəyəm

Eşidib, öyrənib gəlib Nəsimi.

 

Yenə də zahiddir səslənir bu dəm:

-Eheyy !! Qorxmayırsan, bura Hələbdir?

Bizim fitvamızla ömrün olar kəm ,

Görmürsən cəlladlar nə dotələbdir?!

 

-Ehey!  Xoş gəlmisən - deyir Nəsimi,-

Qorxma zahidlərdən mabədə, oğlum!

Mən çoxdan bilirəm zahidlər kimi

Qorxaq görünməmiş dünyada, oğlum!

 

Qanlı yaralarım çoxdan sağaldı,

Gəl canım-ciyərim, gəl qucaqlaşaq!

Yenə zahidlərin rəngi saraldı,

Qaranlıq gizlədi onları ancaq.

 

Qəbrim də onlara kəsildi düşman,

Silə bilmədilər izimi, oğlum!

Məni yada salıb Vətənim, cahan,

Bəxtəvər bilirəm özümü, oğlum!...

 

Biz köhnə Hələblə təzə Hələbin

Durduq hüdudunda söküləndə dan.

Dişini qıcıdı gözlərində kin

Zahidlər guruhu yenə uzaqdan...

 

Açdı təzə Hələb öz qollarını

Təzə meydanları... insanlarıyla,

Yurdumun uzanan dost yollarını

Bəzədi ətirli reyhanlarıyla.

 

Hələb! Məkkəm mənim, Mədinəm mənim!

Səndə Azərbaycan əmanəti var.

Çağlayır gözümdə sevinc, qəm mənim

Görüşdə ağlayar, gülər adamlar...

 

Nəsimi şöhrətdir Bəşəriyyətə

Şöhrət zirvəsinin qaşındayam mən.

Onunla qovuşdum əbədiyyətə

Bu saat altı yüz yaşındayam mən.

 

                                              Suriya,  Hələb şəhəri

                                                                         1973

Qabil. Seçilmiş əsərləri. Bakı. “Azərnəşr”.

1988. s. 109-112

Qabil. İlahi qisməti.  Bakı. “Gənclik”.

2001. s. 182-185

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə