ŞƏHİD ANASI GƏLİR

(İş yoldaşım Ceyran Axundovanın timsalında bütün şəhid analarına)

Oğlu şəhid oldu ki, vətən darda qalmasın,
Anaların çöhrəsi saralmasın, solmasın.
Səhərlərin üstündə zülmət zəfər çalmasın,
Çıraqları yandıraq! - Şəhid anası gəlir,
yolunu nurlandıraq! - Şəhid anası gəlir!

Sözündəki ülvilik üzündəki nurdumu,
Qoşa bəyaz hörüklər Arazdımı, Kürdümü,
O öpdüyü başdaşı Kəbədimi, pirdimi,
Gah Tomris libasında, gah Nigar görkəmində
Şəhid anası gəlir!
Təzim edək önündə! - Şəhid anası gəlir!
Bayatılar, ağılar-dodağının boyası,
Göz yaşına yem olub gözlərinin ziyası.
Dərd əlində əsirdir zərifliyi, həyası,
Əynində qara paltar, alnı açıq, üzü ağ
Şəhid anası gəlir,
Baş əyək, qarşılayaq!-Şəhid anası gəlir.

AZƏRBAYCAN ƏSGƏRİ
 
(Əbdül Məcid Axundova və bütün aprel döyüşləri iştirakçılarına)

Boynumuzda nə qədər sənin haqqı-sayın var,
Boyuna qurban olum! Nə mübarək boyun var.
Qol qaldırıb süzməyə vağzalın var, toyun var,
Mən hər səni görəndə könlümə həvəs gəlir,
Azərbaycan əsgəri.

Qoymaz rahat yatmağa köksümdə ürək məni,
Səndən özgə kimim var, əl mənim, ətək sənin.
Qarabağsız səadət nəyimə gərək mənim,
Onsuz dünya gözümə qaranlıq qəfəs gəlir,
Azərbaycan əsgəri.

Qarabağın möhtəşəm dağlarına çıx, bala
Yaxasından yapışıb yağıları yıx, bala.
Başladığın bu yürüş qoyma yarımçıq qala,
Sənsən işğalda qalan yurdların xilaskarı,
Azərbaycan əsgəri.

Dilimizdə Üzeyirin, Xan əminin bəstəsi,
Biz qələbə təşnəsi, biz qələbə xəstəsi.
Qarabağın himnidir Qarabağ şikəstəsi,
Ağabəyim ağanın ruhu da qəfəsdədir,
Azərbaycan əsgəri.

Ərgünəşin, Murovun dərd yolduqca saçını,
Səndən nicat gözləyir, sənə tərəf uçunur
Cəbrayılı,
Qubadlısı, Zəngilanı, Laçını,
Füzulisi, Ağdamı, Şuşası, Kəlbəcəri,
Azərbaycan əsgəri.

Ağıları dərdinə məlhəm şəhid anası,
Xiyabanda göyərib bitər şəhid anası...
Dörd tərəfi Kərbəla... Vətən-şəhid anası,
Ay könlümün güvənci, ay dilimin əzbəri,
Azərbaycan əsgəri.

Bağlar necə sınıxıb , dağlar necə qocalıb,
Əsir düşüb Qarabağ, şəhid olub Xocalı.
Sənin əllərindədir qələbənin açarı,
“Heyratı”dır, “Cəngi”dir hər yürüşün, zəfərin,
Azərbaycan əsgəri.

Hər Şəhidin məzarı qaladır burda, qala,
Analar istəyər ki, daş olub burda qala...
 “Bizim qisasımızı qoymayın yerdə qala”
 Şəhid məzarlarından qulağıma səs gəlir,
Azərbaycan əsgəri , Azərbaycan əsgəri!

lll

Bütün vücudunla yurda bağlısan,
Basılmaz ordumsan, alınmaz qalam.
Sən indi Vətənin əsgər oğlusan,
Sən elə mənim də balamsan, balam!

ƏSGƏR ATASININ MƏKTUBU

Gözüm yığışmayıb yollardan hələ,
Əllərim uzanıb Vətənə sarı.
Bütün əsgərlərə, komandirlərə
Oxu bu məktubda yazılanları.

Tez- tez evdən ötrü qəlbi darıxan,
Təzə əsgərlərin önündə oxu.
Yuvası dağılan, yurdu dağılan
Əsgər atasının məktubudur bu.

Ürəyim çırpınmaz, nəbzim döyünməz,
M ənim sizin kimi arxam olmasa.
Kiçik bir zəfər də üzümə gülməz
Böyük qələbəyə inam olmasa!

İnamla danışıb dinsin hər əsgər,
Yurdumuz bürünsün toy libasına.
Əsgər paltarını geyinməyənlər
Çox da tələsməsin bəy libasına.

Ölmərəm, gözlərəm o günü, qardaş-
Bayrağım Şuşaya sancılan günü.
Bu bağlı yolların düyünü, qardaş,
Atəş xətlərində açılan günü.

Sözüm isitməsə soyuq səngəri,
Könlüm perik düşər öz yuvasından.
Vətəni işğalda olan əsgərin
Marşı gözəl olar bəy havasından.

Bu vətən eşqinə, bu yurd eşqinə,
Qələbə çalmağı öyrət oğluma.
Şahintək şığıyıb düşmən üstünə
İntiqam almağı öyrət oğluma.

Sevməyi də öyrət əsgər balama,
Yurd üçün canından keçər sevənlər.
Zirvədə bir şahin göstər balama
Görsün ki, vətəni necə sevərlər.

Ona səxavəti mən öyrətmişəm,
Əzmi, cəsarəti sən öyrədərsən.
Dosta sədaqəti mən öyrətmişəm,
Düşmənə nifrəti sən öyrədərsən!

ƏSGƏR ATASIYAM

Ulu yaradandan imdad istərəm,
Əsən küləklərdən qanad istərəm.
Bir ocaq istərəm, bir od istərəm,
Könlüm isinəsi, əlim yatası
Əsgər atasıyam, əsgər atası.

Dizinin xətası dizimə gəlsin,
Gözünün qadası gözümə gəlsin.
Gəlirsə qoy mənim özümə gəlsin.
Çovğunun, boranın, qarın xətası.
Əsgər atasıyam, əsgər atası.

Bir ana qəfildən bitdi yanımda,
O da özü boyda dərddi yanımda.
Poçtalyon fikirli ötdü yanımdan,
Üzümə gülmədi meşin çantası,
Əsgər atasıyam, əsgər atası.

Güllərdən bir çələng hörüm göndərim,
Yanından gələn var görüm, göndərim.
Bütün çiçəklərdən dərim, göndərim,
Hər gülün öz ətri, çətri, butası
Əsgər atasıyam, əsgər atası.
Ay oğul, mən sizdən hünər gözlərəm,
Qələbə gözlərəm, zəfər gözlərəm,
Hər gün “Xəbərlər”dən xəbər gözlərəm,
Mənə yetişəsi, mənə çatası
Əsgər atasıyam, əsgər atası.

İgid səngərləri od-ocaq yerim,
Şəhid məzarları yatacaq yerim.
Sənsən ümid yerim, tutacaq yerim,
Ey yaylım atəşi, zəfər sədası,
Əsgər atasıyam, əsgər atası.

ŞƏHİDLƏR XİYABANI

Yurdun yaralarına bağlanan tənzifdirmi
 Şəhidlər Xiyabanı?
Oxunan dastandırmı, varaqlanan mifdirmi,
“Segah”ında “Dəraməd”, “Şur”unda təsnifdirmi
Şəhidlər Xiyabanı?
Hər baş daşı, hər məzar
Cinas sözlərə bənzər
Vətənin yaddaşında saxlanan təcnisdirmi
Şəhidlər Xiyabanı?!

YOLUM - MƏMMƏD ARAZ YOLU

Mənim yolum söz yoludur,
Yolum- Məmməd Araz yolu,
Sağım Məmməd Araz yolu,
Solum Məmməd Araz yolu.

Eşitdikcə sədanızı
Əl isinir, ürək qızır.
Gəlin sizin qadanızı
Alım Məmməd Araz yolu.

Ovucumu deşib qalan,
Cibimdə ilişib qalan,
Sağ yanıma düşüb qalan
Qolum Məmməd Araz yolu.

Günahımı əfv eyləyin,
Ya da əzin, məhv eyləyin.
Yol üstündə dəfn eyləyin,
Olum Məmməd Araz yolu,
Gedin Məmməd Araz yolu,
Gəlin Məmməd Araz yolu.

GEDİN

Bütün dərdinizlə, kədərinizlə
Gəlin, ürəyimi dağlayın, gedin.
Yazın ortaları sellər sayağı
Coşun, çalxalanın, çağlayın, gedin.

Görcək qanadlanıb uçum təzədən,
Göyçək boynunuzu qucum təzədən.
Gəlin, gözlərimi açın təzədən,
Gəlin gözlərimi bağlayın, gedin.

Döyüşə girmişəm yalın əlimlə,
Əlimdən çıxmayın, qalın əlimdə.
Mənim nəyim varsa alın əlimdən,
Bir azca mənə də saxlayın, gedin.

Soruşun: Ay Əşrəf, nə var, nə yoxdur,
Dünyanın dilində deyim -“hə” yoxdur.
Qışda çox istidir, yayda soyuqdur,
Gəlin əhvalımı yoxlayın, gedin.

Gəlin sazlı-sözlü bir yaz keçirək,
Niyə aralıqdan Araz keçirək.
Ya da ki yığışıb iclas keçirək,
Siz də eynək altdan yuxlayın, gedin.

Orda bir quş qonar hasarım üstə,
Ötər “Çahargah”da “Hisar”ın üstə...
Gəlin bircə kərə məzarım üstə,
Gəlin, özünüzü ağlayın, gedin.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə