EY QÜRBƏTİN DAĞLARI
 
 
Dünyanın hər yerində üz tutduğum dağlardı, 
Çayıyla, bulağıyla ilhamımdı… çağlardı,
Dağ olmasa kim məni bu yadlıqda saxlardı 
Yolları, cığırları, izləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük! 
 
Qürbət dedim, küsmədi… Bura da öz elimiz, 
"Göy” adında göyləri – imanımız dinimiz. 
Bu ad muzeylərində dipdiridir dilimiz
Tarix etibarında sözləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük! 
 
Mənə açdı qəlbini, yabançı gəlsə laldı, 
Bu qədər uzaqlıqda bu doğmalıq xəyaldı,
Yollar çəkib aparır, qoy aparsın halaldı 
Qayalar pəncəsində düzləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
 
Zirvələrin hər biri – tarixin bir parçası, 
Hansına əl uzatsam mənə ürək açası, 
Salam, Tanrı dağında buz olmaqdan qaçan su,
Bulaq-bulaq çağlayan gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük! 
 
Oyan, ey türkün oğlu, gör sərhəddin hardadı,
Bir ucalıq dünyan var zirvələri qardadı,
Təkcə qardaşların yox, dağların da dardadır, 
Milyon sirrin açarı gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük! 
 
Nə əbədi dözümdü, nə müqəddəs ucalıq, 
Saç bu sayaq ağara, belə gələ qocalıq
Öz dilində danışsan pıçıltın da ucalar 
Hər qayadan, hər daşdan səs gələr: "xoş görmüşük!"  
Ey qürbətin dağları, sizləri xoş görmüşük! 
 
 
ƏLİ BƏNÖVŞƏLİ QADIN
 
 
Saçları ağarmış, üzü qırışmış
yaşlı bir qadın
kötüyə dönmüş əlində
üçcə saplaq bənövşə
gedir yolla
yanından ötüb keçən 
adamları görmədən. 
İlgiləndirmir onu 
"bu yaşda çiçək nə, sən nə?”  
deyə bilərlər… 
Eləcə bənövşəylə danışır
ya da bu sehirli mikrafonla
Tanrıya yerdən 
reportaj verirmişcəsinə 
tutub üzünə çiçəkləri
nəvə əlindən tutmuş kimi 
Gedir 
üzündə üç saplaq 
qar altdan çıxmış 
solğun bənövşənin təbəssümü. 
Gedir – bəlkə də 
bu çiçəklərə 
ömrünün ən ağır etirafını edir,
ya dərdini açır 
özü də bənövşə olduğu illərin.
Ya da duyaraq 
yaxınlaşan sonunu 
Tanrı dərgahına beləcə getmək istəyir,
əlində bənövşə 
qarşılamaq istəyir onu… 
Saçlarına taxsaydı
qar altdan çıxıb deyərdim – 
yaz yaxınlaşır… 
qızıl gül yaraşmazdı bəlkə,
bənövşə yaraşır. 


BAŞLANĞIC
 
Üzür son limana ömrün gəmisi 
Harda dayanacaq – o hələ bilmir. 
Allahın yoludur su da, quru da 
Mənzilə yetməsə dincələ bilmir. 
Ömrümün dəyişməz rəngidir sanki 
Başımın üstündə qəm bayraqları. 
Nə qədər çəksəm də azalmır dərdim 
Dərdim 
bu dünyanın ayrılıqları… 
Dalımca uzanır qağayı əllər, 
Dalğalar önümdə min bir sualdı. 
Nə qədər soru var, bitir mənimlə 
Nə qədər cavabım yarımçıq qaldı… 
Həyatın güzgüsü dənizdi elə
Köksündə bir iz də saxlayan deyil. 
Özü göz yaşından yarandığından 
Ulduzlar tökülsün ağlayan deyil!.. 
Silinib gedəcək mənim də izim, 
Hər dalğa tələsir öz limanına. 
Dəniz sildiyini yazar yenidən 
Yüz qonaq gətirər söz limanına. 
Beş arşın yolumuz ilkdən sonacan 
Biri şirindirsə, biri acıdır. 
Elə arxayınam sanki son səfər 
Başqa bir yolumun başlanqıcıdır. 
 
 
ŞEİR MƏZARI
 
 
Günəşlə, işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.
Bəlkə də göylərdən əl üzdüyündən,
Mənim ürəyimə sürgün bir şeir. 
 
O daim tələsir, o daim yanır 
İnanır nəyinsə bitəcəyinə.
Dilimdən qopantək bir yol başlayıb,
Əsl ünvanına yetəcəyinə. 
 
Özüm də bilmirəm niyə doğuldum,
Bəlkə ilahidən bir səsdir ömrüm. 
Bəlkə mən özüm də sürgün yeriyəm
Bülbül nəğmələrə qəfəsdir ömrüm. 
 
Şeirin də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var. 
Bu boyda dünyada yer tapmır biri,
Birinin yüz evdə gözləyəni var. 
 
Birinin firkimdə yetişdi sonu,
Biri deyilməmiş sonunu bəklər.
Biri də dilimin ucunda yanır,
Qorxur ki söyləsəm, öldürəcəklər. 
 
Bizim başımıza nırx qoyanların,
Başının üstündə ucalır sözüm.
Ya da ki boğulur öz qəfəsində,
Dilimə gəlmədən qocalır sözüm. 
 
Bir gün bağlananda zindan qapısı,
Mənim öz cəzam da yetəndə başa.
Yaza bilmədiyim şeirlərimə,
Bir məzar qazılsın qəbrimlə qoşa. 
 
 
*** 
 
 
Sirr verdi – alıb qaçdım.
Söz verdi – ürək açdım. 
Ömrüm bir adlamacdı
Torpaqdan Tanrıyacan. 
Bitirib hər əzabı
Əcəl köhləni çapır
Ölüm – sonuncu qapı
Yoluma çıxar haçan?
Göydən gəlir bu yazı,
Yazı yox, haqq duası.
Hər insan sirr boxçası
Biz qıfıl, Tanrı – açar. 


*** 
 
 
Nəfəsim gəlib gedir 
Ağlım da başımdadır. 
Bir yol var keçmişimdə,
Bir yol da qarşımdadır. 
 
Bir arzu gəlməyimdə,
Bir çarə ölməyimdə
Bir qisas gülməyimdə
Biri göz yaşımdadır. 
 
Gül yolu, çiçək yolu,
Göz yolu, ürək yolu
Var olmağın tək yolu
Sonsuz savaşımdadır. 
 
 
SUAL
 
 
Bəkə də dünyada mən yoxam artıq,
Qarışıb payıza uçub getmişəm.
Sahibsiz adımdır ortada qalan,
Özümsə xəlvətcə köçüb getmişəm. 
 
Sən adda adam da yaşamır bəlkə,
Özündən yadigar qoyub bu səsi,
Verdiyi əzabı unutdurmağa,
Beş-on söz eşidim sevgi əvəzi. 
 
Bəlkə də bu özü də bir aldanışdır,
Bəlkə gördüyüm də yuxudur elə.
Çoxdan itirdiyim nəğmələrimi, 
Tale başqasına oxudu elə. 
 
Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsansa, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?
 
 
İNSAN
 
 
Ömrümüz andan qısa, 
Uzun! – əbədiyyətdən.
Uzunluğu cəhənnəm, qısalığı cənnətdən.
Mənzilə nə aparır daşıdığı sərvətdən,
Həm quş kimi azaddır, həm də əsirdir insan…
Canlı bir kəhkəşandır, kəhkəşanlar içində
Təmiz ana südüdür, keçir qanın içindən.
Tanrının nəfəsidir – bir damlanın içində.
Həm sirrlərin açarı, həm özü sirdir insan.
Bir sehirli göz baxa çəmənin hər gülündən
Bir nağıl dinləyəsən təbiətin dilindən
Gündə bir xəbər gələ milyon işıq ilindən
Neçə dünyalar gəzsən, yenə də birdir insan.
Həm Tanrının övladı, həm Tanrının özüdür,
Gözünə mil də çəksən, yenə yerin gözüdür.
Dənizlər keçə-keçə özü sirr dənizidir
Yerdə göyün parçası, Göylərdə Yerdir İnsan…

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə