BƏSTƏKAR ŞƏFİQƏ AXUNDOVANIN XATİRƏSİNƏ

BU AYRILIQ NƏDƏN OLDU...

Vəfatından bir az əvvəl ona zəng etdim. Onda ANS Şirkətlər Qrupunun "El" jurnalının şef redaktoru idim. Şəfiqə xanım əvvəlcə səhhətinin yaxşı olmadığını və müsahibəyə hazır olmadığını desə də, mənim israrlı təkidimdən sonra razı oldu. "Nə deyirəm ki, qızım, gəl"-dedi. Sevincək fotoqrafı da götürüb Prezidentin ona hədiyyə etdiyi evinə getdik. Əllərini öpməyi özümə şərəf bildim. İlahi, bu yaşında da necə gözəl görünürdü!.. Qəlbinin işığı sanki üzündə idi. Həmin anda düşündüm ki, Tanrı hər insana belə nurlu təbəssüm bəxş etmir. Hər halda qarşımdakı o idi: canlı sənət korifeyimiz, bəstəkar Şəfiqə Axundova.

 

-Şəfiqə xanım, özünüzü necə hiss edirsiniz?

Yaxşıyam, şükür Allaha. Çox şadam ki, məni sayıb gəlmisiniz.

-İstərdim söhbətimizə elə soyadınızdan başlayaq. Şəkidə Axundovlar nəsli çox məşhur olub. Sizin yazıçı-dramaturq Mirzə Fətəli Axundovun nəsli ilə qohumluq əlaqəniz varmı?

Hə, düz fikirləşirsiniz. Mirzə Fətəli Axundov mənim uzaq qohumum çıxır.

-Anadan olmağınız isə Leninin vəfatı gününə təsadüf edir…

Elədir. Mən 1924-cü il yanvarın 21-də Şəkidə anadan olmuşam. doğulan zaman anamın başında çoxlu qohum-əqrəba varmış. Mən dünyaya gələndən sonra anam gözlərini açıb ki, yanında heç kim yoxdur, yalnız bir qadın var. Soruşur ki, bəs bu camaat hara getdi? Cavabında qohumumuz deyib ki, ay Züleyxa, bilirsən, dahi rəhbər Lenin vəfat edib, hamı gedib aşağıya, mitinqə, sən narahat olma. Bunu eşidən anam çevrilib mənə baxıb və deyib: «Can ay bala, nə pis gündə doğuldun...».

-Sonradan ağlınız kəsdikcə belə bir gundə anadan olmağınız sizə pis təsir etmirdi?

Yox. Pis təsir etmirdi. Həmişə ad günümü qeyd edirdim.

-Atanıza niyə «bolşevik Qulam» deyirdilər?

Atam 1917-ci ildən 20-ci ilədək partiya işində çalışıb. Çox qabaqcıl ziyalılardan olub. Şəki, Qax, Balakən mahalında birinci katib işləyib. Ona görə də atama bolşevik Qulam deyiblər.

-Bildiyimə görə, sizin musiqi ilə məşğul olmağınıza atanız razı deyilmiş. Elədir?

Hə, doğrudur. Atam istəyirdi ki, həkim olum, mən isə istəmirdim. Atam çox ciddi adam idi. Çox danışıb-gülməyi xoşlamazdı. Musiqiyə də o qədər aludə deyildi. Evimizdə piano olmasına baxmayaraq, həmişə onu qıfıllı saxlayardı ki, mən çalmayım. Çünki dediyim kimi, musiqiçi olmağımı heç istəmirdi. Amma atamın təkidinə baxmayaraq, musiqidən ayrıla bilmirdim. Onu da deyim ki, bu yolda anam mənə çox dəstək oldu. Atam Konservatoriyaya getdiyimdən xəbər tutub məni cəzalandırdı; evə buraxmadı. Həmin gün qonşuda gecələməli oldum. Bir neçə dəfə belə oldu. Anam məni müdafiə edəndə atam ona acıqlanıb deyirdi ki, qoy ağlı başına gəlsin, özünə düz-əməlli sənət seçsin. Belə qarlı-şaxtalı havaların təsirindən böyrəyim zədələndi və sonralar professor Cavadzadə cərrahiyyə yolu ilə bir böyrəyimi çıxartdı. Bax, o düzdür ki, sənət qurban tələb edir.

-Atanız niyə razı deyildi?

Deyirdi, bu sənət sənə gələcəkdə çörəkpulu qazandırmayacaq, sən elə istedadlısan ki, həkim kimi də məşhur olarsan. Amma mən musiqini o qədər sevirdim ki, ondan ayrıla bilməzdim. Bu sənətdə olmaq üçün çox ağır yollar keçdim.

-Atanız sonra sizin sənətinizlə barışdı?

Hə, barışdı. Zaman keçdikcə mənim musiqilərimi eşidəndə çox sevinirdi.

-Sizin ilk müəlliminiz Üzeyir Hacıbəyov olub. Onun haqqında nə deyə bilərsiniz? Necə adam idi?

Onun kimi adamlar yüz ildənbir doğulurlar. O, dahi idi. Çox xeyirxah, gözəl insan və böyuk şəxsiyyət, həm də müəllim idi. Mən fəxr edirəm ki, Üzeyir Hacıbəyov kimi bir insan mənə dəstək olub. Şəxsən evində olmuşam, mənə hərtərəfli yardım edib. Vaxtının az olmasına baxmayaraq, Üzeyir Hacıbəyov məni və sənətimi bir dəfə də olsun diqqətdən kənarda qoymurdu. Hətta ad günümə teatrda heç kimin xatırlamadığı bir vaxtda Üzeyir bəy bunu yadında saxladı və həmin gün məni təbrik etdi. Çox xeyirxah insan və böyük şəxsiyyət idi.

-Üzeyir bəylə bağlı başqa hansı xatirə qalıb yadınızda?

Xatirələr çoxdur. 1944-cü ildə Tiflisdə Zaqafqaziya musiqi baharı keçirilirdi. Bu çox tarixi hadisə idi. O vaxt Ağabacı Rzayeva da ilk qadın bəstəkarlardan idi. Üzeyir bəy ona da xüsusi diqqət yetirir, xətrini istəyirdi. Ona həm də qayğıkeşlik göstərirdi. Üzeyir bəy bir dəfə ona dedi ki, Şəfiqə ilə geyinib gəlin, görüm Tiflisə hansı geyimdə gedəcəksiniz? Biz də geyinib gəldik. Amma bizim geyimimiz onun xoşuna gəlmədi. Üzeyir bəy dərhal köməkçisi Ramazan Xəlilovu çağırdı. Dedi, Ramazan, bunları anbara apar, yaxşı paltarlar seç ki, bəstəkara oxşasınlar, axı Tiflisə gedəcəklər…

Başqa bir xatirə də danışım. Yadımdadır, Mirvarid Dilbazinin sözlərinə «Beşik başında» adlı mahnımı Üzeyir bəyə göstərdim. İlk mahnılarımdan idi. Üzeyir bəy mahnını sona qədər dinlədi və xoşuna gəldi. O vaxt onun dediyi sözlər hələ də qulağımdan getmir: «Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Ay qız, sən bu musiqiləri hardan tapırsan?». Daha sonra ilk mahnım olan «Kolxoz qızları»nı da dinlədi və bəzi düzəlişlər etdi. İnanın ki, hər hansı əsərimi bəyənəndə həmin gün sevincim yerə-göyə sığmırdı. Üzeyir bəy sənətə qiymət verən insan idi. O vaxt bir qrup açmışdı, bəstəkarlar orada təhsil alırdılar. Hətta bizə muğamların əsaslarını da öyrədirdi. Bizim əsərlərdə milli ruh vardı. Bax, həmin o milli ruh insana dayaq olur.

-Evinizdə məşhur adamlar, yazıçı və şairlər, ədəbiyyatçılar olub. Xüsusilə də bacınız Zümrüd xanımın evində…

Bəli, bacım Zümrüd Axundova Məmməd Arif Dadaşzadənin həyat yoldaşı olub.Universitetdə dərs deyirdi. Yadımdadır ki, o zaman Süleyman Rüstəm, Cəfər Xəndan, Məmməd Rahim və bəşqa sənətkarlar gəlirdi bizə. Mən onlardan çox şey öyrənmişəm.

-Neçənci ildə ailə həyatı qurmusunuz?

Lap çoxdan. Həyat yoldaşım sonradan rəhmətə getdi.

-Niyə bir övlad dünyaya gətirdiniz? İstəmədiniz iki və ya üç olsun?

Bilirsiniz, sənət elə bir şeydir ki, adamı cəzb eləyir. Çox doğmadır, candan, içdən gəlir. Uşaqlar sənətimə mane ola bilərdi. Ona görə də özümü sənətimə qurban verdim.

-Buna görə bu gün peşmansınız?

Əlbəttə, təəssüflənirəm. Mənim bir neçə övladım ola bilərdi, amma vaxtımı sənətə həsr etdim, bir də ayıldım ki, yaşa dolmuşam, yenidən ana olmaq gecdir. İndiki gənclərə bunu tövsiyə etmirəm. Amma hər şeyi sənətə qurban versəm də, yenə də xoşbəxtəm ki, hər şeyi xalqım üçün etmişəm.

-Yeganə övladınızı itirsəniz də, özünüzü təmkinli aparmağınız sizin böyüklüyünüzdür. Neyləmək olar, həyat çox amansızdır…

Həyat mənə ağır zərbə vurdu. O mənə tək övlad yox, həm də dərd ortağı idi. Onsuz tək qalmışam. Amma musiqi həyatımın mənasıdır. Yaxşı ki, bu sənəti seçmişəm. Məni yaşadan da budur. Yaxşı ki, bacım var, Rəfiqə. Mənə yaxşı baxır, dayaq olur. Bu yaxınlarda Qənirə Paşayeva mənə şeirlər verəcək, onlara musiqilər yazacağam. Məni yaşadan musiqidir.

-İndi bəstələnən musiqilər haqqında nə deyə bilərsiniz?

Yeni mahnılar bəzən mənə çatmır. Diqqət yetirirəm ki, bəlkə mahnının hansı tərzdə yazıldığını başa düşüm. İnanın, bir şey anlaya bilmirəm. Çünki müəllif özü nə yazdığını bilmir. Şou-biznes əgər buna deyirlərsə, bu bizim musiqiyə xələl gətirə bilən addır. Üzeyir bəy həmişə deyirdi ki, yazılan mahnılar kökə bağlanmalıdır. Yəni musiqidə də milli ruh hiss olunmalıdır. Mən Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov, Zeynəb Xanlarova kimi sənətkarlarla çalışmışam deyə, bugünkü gənclərə bir qədər savadsız baxıram. Səs insanın ürəyini titrətməlidir. İndiki gənclərin əksəriyyətini dinləyə bilmirəm. Bir neçə il əvvəl mənə mahnı almaq məqsədi ilə bir çox gənclər müraciət etmişdi. İfaçının səsini

bəyənməsəm, ona mahnı verə bilmərəm. Bir çoxunu bu adla yola salmışam. Heç zaman mahnı bəstələmək xatirinə çalışmamışam. Əgər bəstəm ifaçının səsində itib-batacaqsa, heç üzə çıxmasa yaxşıdır.

-Mahnılarınızı ən çox kimlər ifa ediblər?

Flora Kərimova, Zeynəb Xanlarova.

Çox gözəl xanım olmusunuz. Əlbəttə ki, indi də elədir. Pərəstişkarlarınız çox olub?

Hə, çox olub. Amma mən musiqiyə o qədər aludə olmuşam ki, ancaq sənətimi düşünmüşəm.

-Mir Cəfər Bağırovu görmüsünüz? Onunla söhbətiniz olub?

Hə, şəxsən görmüşəm. Amma yadımda heç nə qalmayıb.

-Deyilənə görə, Mir Cəfər Bağırov sənətinizə xüsusi dəyər verirdi. Bu düzdür?

Hə, düzdür, çox dəyər verirdi. Üzeyir bəy həmişə məndən ona xoş sözlər deyirdi. M.C. Bağırov özü də mahnılarımı dinləyirdi. Əlbəttə, dövr, zəmanə çox pis idi. Əgər dayaq olmasaydı, mən bugünkü səviyyəyə çatmazdım.

-Bağırovun ədəbiyyata, mədəniyyətə münasibəti necə idi?

Münasibəti çox yaxşı idi. Özü də çox səmimi, qayğıkeş adam idi. Mən Konservatoriyada oxuyurdum, orada təqaüdü az verirdilər. Bağırov göstəriş vermişdi ki, təqaüdümü artırsınlar.

Gözəlliyiniz heç başınıza bəla olubmu?

Olub. Amma mane olmayıb ki, yaradıcılığımdan əl çəkim.

-O zaman paxıllığınızı çəkənlər çox idi?

Əlbəttə, vardı. Paxıllıq hər zaman olub. Amma mən onlara əhəmiyyət vermirdim. Çox iradəli idim, möhkəm xasiyyətim vardı. Elə buna görə də sənətdə istədiklərimi qazandım.

-Sizə haqsızlıq edənlərə qarşı necə davranırdınız?

Əhəmiyyət vermirdim. Vəssalam. Dediyim kimi, o vaxtlar çox möhkəm, iradəli idim. Əlbəttə ki, mənə qarşı haqsızlıq edənlər çox da irəli gedə bilmirdilər.

-30 il bundan öncə qapılar bağlı olan bir zamanda Türkiyədə bir film çəkildi və baş rolda çəkilən İbrahim Tatlısəs sizin «Nədən oldu» mahnınızı ifa edirdi. Amma adınız titrdə yox idi. Bu haqda nə deyə bilərsiniz?

Hə, doğrudur, həmin mahnımı İbrahim Tatlısəs oxumuşdu. Amma məni narahat edən də, sizin dediyiniz kimi, o oldu ki, filmdə adımın yerinə anonim yazmışdılar. 90-cı illərdə İbrahim bəy Bakıya gələndə onunla görüşdüm və dedim ki, o mənim mahnımdır. Əllərimdən öpdü, dedi: «Çox gözəl şarkıdır, amma müəllifinin siz olduğunu bilməmişik...». Bundan sonra anonim sözünü çıxarıb adımı yazdılar. Mahnılarımı təkcə Türkiyədə yox, Almaniyada da oxuyurdular, bəyənirdilər. Bunu oradan gələnlər deyirdilər. Xüsusi ilə də «Nədən oldu» mahnımı çox sevirlər.

-Şəfiqə xanım, Şərqdə ilk dəfə olaraq «Gəlin qayası» operasını yazdınız. Necə oldu ki, belə bir fikrə gəldiniz?

Bilirsiniz, insanda gərək hər şey ürəkdən gələ. Mən ürəksiz musiqi yazmamışam. O vaxt çoxlu mahnılar yazmışdım, fikirləşdim ki, bir dəfə də irihəcmli musiqi yazım. Musiqidə iki janr var: sadə və mürəkkəb. Opera mürəkkəb janrdır. Şükür Allaha mənim operam uğur qazandı.

-Həyat başdan-başa ziddiyyətlərlə doludur. Bəzən istəsək də, istəməsək də həyat rolunu oynayır və biz hardasa səhvlər buraxırıq. Sizin də səhvləriniz olubmu?

Bəli, səhvsiz insan yoxdur. İnsanın özünə «Mən nə üçün yaşayıram?» sualını verməsi çox pisdir. Həm də əgər onun arxada buraxdığı səhvləri varsa… Mənim də ən böyük səhvim ikinci dəfə ana olmaq istəməməyim oldu. Yeganə övladımı itirəndən sonra bunun acısını daha çox yaşamağa başladım. Amma təəssüf ki, geri qayıtmaq, həyatı yenidən yaşamaq mümkün deyil.

-Qəlbinizi nə ilə ovundurursunuz?

Ancaq musiqi ilə. Musiqi olmasa, ölərəm. Yaxşı ki, bu sənəti seçmişəm.

-Piano arxasına keçirsiniz?

Hərdən keçirəm. İstəmirəm barmaqlarım yorulsun, musiqidən ayrılım…

Nə düşünürsünüz o anlarda?

Bəzən gecəyarısı yuxum qaçır, durub gözlərimi zilləyirəm pianoya. Onun şirmayı dillərinə toxunmaq istəyirəm. Amma hzərdən ayaqlarım sözümə baxmır. Bax onda uzun-uzun düşünürəm, saatlarla çalışdığım günlər düüşr yadıma…

-Şair demişkən, «keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim…».

Hə, keçən günləri qaytarmaq, həm də unutmaq çətindir. Ötən günlərə gün çatmaz. Amma mən sənətdə nə arzuladımsa, onu da qazandım. Və bu sənətdə olmaq üçün çox ağır yollar keçdim. Piano arxasına keçəndə cavanlaşıram, elə bilirəm əvvəlki Şəfiqəyəm. Musiqi mənim həyatım, dünyamdır, dayağımdır, hər şeyimdir. Bu gün də mahnı bəstələmək istəyirəm. Amma səhhətim imkan vermir. Sağ olsun Rəfiqə bacım, onun övladları. Məni tək qoymurlar. Onların və həkimlərin diqqəti sayəsində böyük problemləri geridə qoya bildim.

-Heydər Əliyevlə bağlı bir xatirə deyə bilərsiniz?

Heydər Əliyev sənətkara çox böyük dəyər verirdi. Şəxsən mənə çox dayaq olub, xüsusi qayğı göstərib. Bu mənzili də mənə o verib. Prezident təqaüdü də alıram. Sağ olsun hökumətimiz, təşəkkür edirəm. Mən Heydər Əliyevə bir musiqi həsr etmişəm. Mahnının sözləri Bəxtiyar Vahabzadəyə aiddir, «Vətən qədər ucalar» adlanır. Bu yaxınlarda arxivimdən tapmışam. Lazım olan yerlərə göndərəcəyəm.

-Bu gün özünüzə qarşı biganəlik hiss edəndə nə düşünürsünüz?

Düşünürəm ki, insanlar niyə belədirlər? Tələbələrimin biganəliyi məni çox düşündürür. Axı mən müəllimimə qarşı belə olmamışam. Üzeyir bəyi ömrünün son günlərinə qədər yalqız buraxmırdım. Vəfatına qədər ona baş çəkdim, heç də unudulmadığını ona göstərməyə çalışdım.

-Qocaman bir ömür yaşamısınız. Ömür qatarı illərimizi arxada buraxaraq sürətlə irəliyə gedir. Geriyə baxanda nə düşünürsünüz?

Geriyə baxanda fəxr eləyirəm. Çünki çox şey qazanmışam. Əgər iradəli, dəyanətli olmasaydım, hər sözə əhəmiyyət versəydim, bunu qazana bilməzdim. Və elə olmasaydım, ucala bilməzdim, indi çoxdan batmışdım. Bir əlimlə musiqi yazmışam, o biri əlimlə də mübarizə aparmışam.

-Yaşınız imkan verir soruşum ki, həyatdan doymaq mümkündür?

Yox, mümkün deyil. Yenə də yaşamaq istəyirəm. Həyat çox gözəldir. Bu haqda mənim mahnılarımda da var. «Həyat, sən nə şirinsən, kim səndən doydu getdi, gedənlər də qəlbini, dünyada qoydu getdi…» - Bəxtiyarın sözləridir.

-Etiraf etmək istədiyiniz və ya bu vaxta qədər demədiyiniz bir sözünüz varmı?

Nə deyim? Bizi yaşadan xatirələrdir. Amma etiraf edirəm ki, bu sənətdə olmaq üçün çox ağır yollar keçdim, ən çətin dərdlərimə belə səbirlə yanaşdım. Əlimdən gələni musiqi aləmində etmişəm. Və nə qədər ki, sağam, bacardığımı edəcəyəm. Bəstəkarlıq mənim canımda, qanımdadır. Bir müddət əvvəl «Ömürdən bir gün də keçdi» musiqisini bəstələmişəm. Doğum günümə həsr etmişdim. Hərdən qulaq asıb ağlayıram. Qocalıq bir şey deyil. İnsanın beli yerə gəlir. Amma bu yaşımda da yazıb-yaratmaq istəyirəm…

-Ən çox nəyə ehtiyac duyursunuz?

Bir xoş sözə, qayğıya, yad edilməyə. Bunlara çox ehtiyac duyuram.

-Məşhur bir bayatıda deyilir: «Tikmədim özüm qalam, tikdim ki, izim qala…». Şəfiqə xanım, bunu sizə də aid etmək olar…

Nə deyim… Sənət aləmində əlimdən gələni etmişəm. Ən böyük qiyməti mənə xalqım verir. Hərdən yaratdığım əsərlərə nəzər salanda düşünürəm ki, bunları xalqım üçün qoyub gedirəm. İnsanlar məni

bunlarla xatırlayacaqlar…

Şəfiqə xanımla, bu böyük bəstəkarla vidalaşıb çıxıram.

Nədənsə, yolboyu ancaq onun haqqında fikirləşirdim. Qismətə bir bax ki, bu yazını hazırlayıb sona çatdırarkən çox sevdiyim «Nədən oldu» mahnısı türk sənət musiqisinin «baba»sı Müslüm Gursəsin ifasında gedirdi. Heyrətləndim. Bu bir təsadüf deyildi, zərurətdi. Həmin anda düşündüm ki, ölməz şairimiz bu şeiri sanki Şəfiqə xanımın dilindən yazıb:

Öz eşqimdən, diləyimdən

Ayrı düşdüm illərlə mən

Amma səndən ayrı gəzən,

Ürək deyil, bədən oldu…

Yandı ürək, kabab oldu,

Gül bağçamda xəzan oldu.

Mən ki, səndən ayrılmazdım,

Bu ayrılıq nədən oldu?

Görəsən, bizlər onun böyüklüyünün fərqindəyikmi?

 

SÜDABƏ SƏRVİ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə