Son xəbərlər

 

Həmsöhbətim Ağdamdan olan şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzadır.

 Publika.az-a müsahibə verən şair Ağdamla bağlı xatirələrini paylaşdı. Yeri gəlmişkən, Xəyal Rza doğulub boya-başa çatdığı Ağdamdan yeni qayıdıb.

 

Sözümün canı budur ki, cəbhə bölgəsində baş verən hadisələri yerindəcə öyrənmək məqsədi ilə Ağdama yollanan Xəyal Rza ilə söhbətimiz təsadüfi olmadı. Onu da deyim ki, həmsöhbətim mənimlə söhbət eləsə də, bir gözü qarşısındakı kompüterdə idi - cəbhə xəbərlərini izləyirdi.



- Dünən Ağdamdan qayıtmısan, bilirəm ki, hamı kimi sən də cəbhə bölgəsində baş verənlərdən narahatsan. İstərdim belə bir ərəfədə, doğulduğun və uşaqlığını qoyub gəldiyin Ağdamdan danışaq. Bax Ağdam deyəndə yadına ilk olaraq nə düşür?

- Düz deyirsən, Ağdam deyəndə mənim yarımçıq qalmış arzularım, orda qoyub gəldiyim uşaqlığım yadıma düşür. Ən çox xatırladığım, məzəli də olsa, uşaqlıq sevgim, bir də başıma yağan qəlpələr, gözümün önündə alışıb-yanan evlərdir. Birinci sinfə gedəndə yüzə qədər sayıb beş almağım, müəllimimin alnımdan öpməyi, sevdiyim iki qızın arasında qalmağım – hamısı yadımdadır. İki qızı bəyənmişdim, bilmirdim ki, hansını sevim. Sonra gözümün qabağında alışıb-yanan Ağdam passajını xatırlayıram. İndi hansısa ticarət mərkəzinin təmtəraqlı açılış mərasimini görəndə mənə gülməli gəlir. Çünki Ağdamda olan ticarət mərkəzi heç bir yerdə yox idi. Ağdam çox imkanlı bir bölgə idi.

- Ağdamdan çıxanda özünüzlə nəyi götürüb gələ bildiniz?

- Yalnız şəkillərimizi. Çoxları malını-mülkünü götürüb çıxdı, amma biz orda çəkilən şəkillərimizi götürüb gəldik ki, bugün də həmin şəkillərə baxıb Ağdamda keçən həyatımızı xatırlayırıq. Əslində, biz oradan birdəfəlik çıxacağımızı ağlımıza da gətirmirdik...




- Heç yuxularına girir Ağdam?

- Yox, bir dəfə də olsun yuxuma girməyib, elə yaxşı ki, girməyib.

- Niyə?

- Yuxuma girsə, daha ağır olardı mənim üçün. Ayılıb görərdim ki, bu, yuxuymuş. Amma heç yuxuya ehtiyac yoxdur, hər gün Ağdamı xatırlayıram. Məktəbimizi, məhəlləmizi, orda baş verən hadisələri...

- Ağdamdan sonuncu dəfə çıxmağını necə, xatırlayırsan?

- 1993-cü il  iyunun 23 idi... Ağdamın işğal olunduğu gündən öncə valideynlərim bizi intensiv atəş təhlükəsindən qorumaq üçün evdən çıxarırdı, səhəri gün geriyə qayıdırdıq. Bir dəfə də geriyə qayıdanda dedilər ki, Ağdam işğal olunub. Şəhərin girəcəyində əsgərlər dayanmışdı. Saatlarla orda dayandıq.

- Ağdamda ilk dəfə eşitdiyin ən dəşhətli xəbər nə olmuşdu?

- İlk dəhşətli xəbər  respublikanın ilk iki şəhidi – ağdamlı Bəxtiyarla Əlinin ölüm xəbəri oldu. Biz də məktəbdən qaçıb ora getmişdik. Bütün şəhər camaatı ermənilərin üstünə gedirdi. Onda müxtəlif xəbərlər yayılmışdı, hərə bir söz danışırdı. Bəziləri deyirdilər ki, rus əsgərləri onları qorxutmaq üçün ayaqlarından vurmaq istəyiblər, amma yerə uzandıqları üçün güllə başlarına dəyib. Əslində, elə ermənilər özləri onları öldürmüşdülər...



- Xəbər gəlsə ki, Ağdam alınıb, ilk getdiyin yer hara olardı?

- Bilirəm ki, hər yer talan olub, yandırılıb. Dəfələrlə şəkillərdə baxıb evimizin yerini, küçələri müəyyən etməyə çalışmışam ki, görüm necə, hansı yollarla, cığırlarla gedib evimizə çıxa bilərəm. Amma gedib çıxa bilməmişəm. Küçələrdə cığırlar itib, hər yer xarabazara çevrilib. Bir dəfə şəkillərin birində yarıuçulmuş Çay evini gördüm. Bəlkə, indi onu da məhv ediblər. Çay evi ilə bağlı mənim çoxlu xatirələrim vardı. Məşhur bir “Sünbül” kafesi vardı... 13 yaşım olsa da, “Sünbül”də oturub kişi-kişi hesab verirdim. Ağdamda olan kinoteatrı, çörək muzeyini çox xatırlayıram. Həmin kinoteatrda ən son filmləri nümayiş etdirirdilər... On üç yaşıma qədər uşaqlığımı xatırlayıram, ondan sonra heç nə hiss etməmişəm. Sanki iynə vurub keyidiblər. İndi televiziyada Fələstinlə bağlı dəhşətləri görəndə mən uşaqların nə böyük zərbə aldıqlarını içimdə hiss edirəm. Çünki o dəhşətləri mən də yaşamışam. Hesab edirəm ki, bu ağrını yalnız yaşayanlar anlaya bilər. Yeniyetmə idim, Ağdamdan çıxıb Bakıya gələndə çox əziyyətlər gördüm. Dost-tanış evində qaldıq, utana-utana, sıxıla-sıxıla yaşadığım o günləri unutmaq çətindir. Əslində, bu gün məni işğaldan da artıq incidən düşmənin o təhqirləri, təhdidləridir. Yutubda girib baxırsan, o şərhləri oxuyub dəhşətə gəlirsən. Amma əsas odur ki, Azərbaycanın Dilqəm kimi qurd ürəkli oğulları var – öz torpağına rahatlıqla girib, doğma yurdunu gəzən Vətən oğulları...

-  Sənin üçün vaxtilə Ağdamda adiləşən və adiləşməyən nələr oldu?

- Mənim üçün adiləşdi atılan toplar, mərmilər, alazanlar, qradlar… İlk dəfə dəhşətlə qarşıladığım o atəş səslərini sonradan top səsləri əvəzlədi. Əvvəl qradların, mərmilərin qulaqbatıran səslərini eşidib qorxduq, amma sonradan o səslər mənim üçün adiləşdi. Təsəvvür edin, ilk dəfə başımın üstündə vıyıldayan mərmilərin səsindən qorxub kolluğa girmişdim. Amma sonradan hər şey dəyişdi, alışdıq. Hətta soyumayan barıtları sonradan yığıb oyuncaq kimi də istifadə edirdik. Adiləşməyən isə Vətən oldu. Yenə də o torpağa gedib, həmin dəhşətləri yaşayarsan, mərmi səslərindən qulağın tutula bilər, amma yenə bezməzsən, çünki Vətənə gedərsən.

 


Cəvahir Səlimqızı

Foto: Elçin Murad



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə