Hər kəs olmasa da özünü bilən bəlli bir dərkə sahib fərdlər özlərinəməxsus dünyada yaşayırlar. Çərçivəsiz dünyanın çərçivəli həyatını özləri üçün biçirlər. Öz qaydaları və öz qanunları ilə bu çərçivənin kənarını hamarlayıb sökürlər. Belə şəxsiyyətlərdən biri – çərçivəsiz çərçivənin gözəl sakini, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simasi, sevimli şairimiz Çingiz Əlioğlu ilə müxtəlif məqamlardan danışdıq. Çox səmimi insan olan Çingiz müəllimlə söhbətimiz o qədər maraqlı oldu ki, 16 səhifəlik yazını 8 səhifəyə birtəhər yığa bildim. Çoxlarının duymadığı, görmədiyi gerçəklikləri içindən keçirərək maraqlı fəlsəfi görüşlərini şeirlərinə yansıdan şairlə söhbətə “Xatirələr”dən başladıq.

 

 

– Çingiz müəllim, “Xatirələr” çap olunan ilk şeirinizdir mən bilən. Həmin xatirələrə bir nəzər salmaq istərdik sizinlə.

– Doğru deyirsiniz ki, mənim elə ilk yazdığım həmin şeirdir. Ona kimi şeir yazmırdım. Mənim bir dostum vardı Vidadi Paşayev adında. Biz onunla İçərişəhərdə, Müslüm Maqomayev küçəsində eyni otaqda yaşayırdıq. O da çox ağıllı və istedadlı bir oğlan idi. Sonralar «Gənclik» nəşriyyatında baş redaktor işləyirdi. Bütün şeirlərini də mənə oxuyurdu və mənim də çox xoşuma gəlirdi, tərifləyirdim. Bir dəfə mənə yeni yazdığı bir şeirini oxudu. Çox da bəyənmədim, dedim, deyəsən, bunu zəif yazmısan, ürək hiss etmirəm bu şeirində. Bir az incik halda qayıtdı ki, “ sən heç bilirsən, şeir yazmaq necə çətindi?” Mən də dedim ki, bilmirəm, amma düşünmürəm elə də çətin olsun, qayıtdı ki, çətin deyilsə onda sən də yaz”. Düzünü deyim ki, o zamana kimi şeir yazmağın çətinliyini düşünməmişdim heç. Dedim axşam səninçün bir neçəsini yazıb gətirərəm. Bu da təbii ki, gənclik maksimalizmindən gələn bir şey idi. Və axşam işdən evə gedincə bir neçə şeir yazdım. Biri də həmin “Xatirələr” oldu.

Hüseyn Ariflə mən dost idim. Və təsadüfən “Xatirələr” şeirimi oxudu, çox xoşu gəldi və təkidi ilə bu şeir “Gənc qələmlər” almanaxında nəşr olundu, sonra isə Fikrət Qoca şeirlərimi “Azərbaycan gəncləri” qəzetində çap elədi və məndə şeir yazmağa həvəs oyandı, beləcə başladım yazmağa.

– Dostunuzun taleyi necə oldu bəs?

– Bir müddət sonra Moskvaya getdi və orada tərcümə ilə məşğul oldu. Sonralar xəstələndi və dünyasını dəyişdi. Amma şair kimi ondan çox maraqlı şeirlər qaldı.

– Sevərək oxuduğunuz ilk kitabı necə, xatırlayırsınızmı?

Bilirsiniz, mən çoxlu kitablar olan bir evdə böyümüşəm. Bu kitabları mənim rəhmətlik dayım qoyub getmişdi. Rəhmətlik babam Məhəmməd bəy Əfəndiyev böyük oğluna bir qızıl onluq vermişdi. Həmin pula dayım evə çoxlu kitab alıb gətirirdi. Əksəriyyəti də nadir tapılan nüsxələr idi. Onların içində şəkilli olanları da çox idi və uşaq vaxtı məhz həmin şəkilli kitablar məni çox cəlb edirdi. O şəkillərin üzünü köçürməyi sevirdim. Rəssam ola bilməsəm də, rəssamlığa, rəngarəngliyə marağım çox idi. Evimizdə olan həmin kitabların böyük əksəriyyəti rusca idi. Yadımdadı onların içərisində “Baskervillərin iti” romanı məni cəlb eləmişdi. O kitab da rus dilində idi. Mən həmin əsərin Azərbaycan dilinə tərcüməsini tapdım, oxudum və Konan Doyla marağım artdı. Rus dili ilə Azərbaycan dilində həmin kitabi tutuşdurub dəfələrlə oxudum. Rus dilini də elə bu metodla öyrəndim. Viktor Hüqonun “Səfillər”ini də beləcə oxudum (gülür). O zaman məktəblərdə rus dili müəllimi qıtlığı vardı. Rusiyadan göndərilən cavan qızlar çox qala bilmirdilər, tez qayıdırdılar. Mənim müəllimim rus dilini Böyük Vətən müharibəsində səngər yoldaşları ilə danışıq səviyyəsində bilirdi.

– Yəqin ki, oxumağı və mütaliəni çox sevmisiniz.

– Təvazökarlıqdan uzaq olsa da, deyim ki, indi keçmişimə nəzər salanda özüm haqqında bunları deyə bilərəm ki, uşaqkən hər şeyi öyrənməyə, axtarışa meyilli olmuşam. İnadkarcasına bir şeyin üstünə gedib nail olmağı bacarmışam. Gecələri kitab oxumaqdan zövq alardım. Hətta anam da narahat olardı ki, çox oxumaqdan gözlərim zəifləyəcək.

Keçmişdə istilik sistemi yox idi. Evlər soba ilə isidilirdi. Bizim evdə otaqların hamısı isinmirdi. Mən qışda soyuq otaqlardan birinə çəkilib həvəslə oxuyardım. Yadıma gəlir ki, sonralar özümə belə misralı şeir də yazmışdım.

Cənubda doğulmuş Şimal adamı,

O qəddi bükülməz şümal adamın...

Hətta soyuq otaqlardan birinə çəkilib özüməməxsus əl fənərimlə nəsr əsərlərini oxumadan dayanmazdım. Onda elektrik enerjisi də elə yox idi. Kitaba və rəsmə olan maraq mənim formalaşmamda böyük rol oynadı, bunu əminliklə deyə bilərəm. Orta məktəbi bitirib instituta gələndə mən o dövrün bütün əlçatan kitablarını, yəni xarici yazarların da həmin dövrdə rus dilində nəşr olunan kitablarını oxumuşdum.

– Dediklərinizdən belə çıxır ki, nəsrə marağınız şeirdən çox olub, eləmi?

– Doğru deyirsiniz. Mənim şeir oxumağa marağım olmazdı. O dövrdə dərsliklərə salınan şeirlərin böyük qismində ərəb-fars tərkibli sözlər çox olduğuna görə məni cəlb etməzdi. Şeir ona görə oxumurdum ki, biz daha çox klassik ədəbiyyat nümunələrini oxumaq zorundaydıq və klassik poeziyamızda çox işlənən ərəb-fars tərkibli sözləri mən başa düşmürdüm. Məktəbdə də bunu bizə izah edən yox idi. Və müəllim heç vaxt məndən əzbər şeir soruşmazdı. Elə ona görədir ki, mən indiyədək cəmi 2–3 şeiri əzbər bilirəm. Onun da 1-i özümün, o biri də rəhmətlik Qabilin şeiridir. Amma sonralar institut zamanı çağdaş ədəbiyyatı da oxumağa başladım. Səməd Vurğunu və ən çox da Rəsul Rzanı oxuyurdum, çünki onun yaradıcılığı məni daha çox cəlb edirdi. Bundan başqa, məni Əli Kərimin, Fikrət Qocanın, Fikrət Sadığın və sonralar da Məmməd Arazın yaradıcılığı cəlb etdi.

– Maraqlıdır, ədəbiyyata, rəsmə bu qədər çox həvəsiniz ola-ola Neft Akademiyasına üz tutdunuz?

– (Gülür.) Əvvəla mən, əvvəl dediyim kimi, heç vaxt düşünmürdüm ki, yaza bilərəm və yazıçı olacam. Mən yay, qış tətillərimi dayımgilə gəlirdim, Bilqeys nənəmdən doymazdım, o da böyük dayımgillə yaşayırdı. Bu ocağa tez-tez üz tutmaqla dayımgilin ailəsinin bir üzvü də mən idim. Demək, rayona səfərlərimdə, qatardan çölə baxarkən Neft buruqlarının, zavod və fabriklərin binası məni heyran edərdi. Odur ki uşaqlıqdan beynimə salmışdım ki, mən zavod direktoru olacam. Müəllimlərimin «böyüyəndə kim olacaqsan» sualına hər zaman «zavod direktoru olacam», cavabını verərdim. Məhz bu istək, demək olar ki, məni AzNA-na doğru apardı. Həmçinin orta məktəbi qızıl medalla bitirmişəm, texniki fənləri riyaziyyatı, fizikanı, kimyanı gözəl bilirdim.

– Bəs yaradıcılığa necə başladız?

– İnstitutun üçüncü kursunda oxuyurdum. Bir gün uşaqlar mənə dedilər ki, səni institutun komsomol komitəsində axtarırlar. Mən də sizə deyim ki, komsomol fəallarından deyildim və mənə çox təəccüblü gəldi ki, məni niyə axtarırlar. İçəri daxil olanda gördüm bir yaşlı kişi əyləşib. Dedilər ki, tanış ol bu, yazıçı Manaf Süleymanovdur. Əsərləri ilə tanış olsam da, şəxsən tanımırdım. Sən demə o, geologiya kafedrasının müəllimi imiş və yazıçı olduğuna görə institutda çıxan “Neft kadrları uğrunda” qəzetə

nəzarət edirdi. Manaf müəllim dedi: «Çingiz sənə bir tapşırığımız var». Dedim buyurun, dedi kimya fakültəsində 5-ci kursda 2 əlaçı qız var, istəyirik sən onlar haqda məqalə yazasan. Mən isə çox təəccübləndim və dedim ki, mən heç vaxt məqalə- filan yazmamışam, dedi yazarsan, get, tanış ol, söhbət et onlarla. Dedim, Manaf müəllim mən bacardığım işi görməyə söz verə bilərəm, axı bu mənim bacardığım iş deyil. Dedi: «Sən keçən yay xam torpaqlara gedən dəstənin üzvü idin və institutun akt zalında çıxış edənlərdən biri sən idin. Həmin çıxış mənim yadımda qalıb, mən hesab edirəm ki, sən məqaləni yaza bilərsən. Dedim, Manaf müəllim, yazaram amma bacarmasam üzrlü hesab edin. Yazıya başlayıb qızlarla söhbət etdik bu qızların ikisinə də vuruldum (gülür). Həddindən artıq gözəl, tərbiyəli, zərif və zövqlə geyinmiş iki xanım məndə, doğrudan, maraq oyatdı. Bilmək istədim ki, bu qızlar kimdir, necədilər, həyat haqda nə düşünürlər və mənə maraqlı idi ki, necə olub belə zərif qızlar təhsil almaq üçün məhz bu intitutu seçiblər. Beləcə həmin məqaləni yazıb Manaf müəllimə verdim. Manaf müəllim bu yazını oxudu və ona çox xoş gəldi və dedi ki, səni təbrik edirəm çox yaxşı yazıdır.

– Hansı şairi ruhunuza daha yaxın bilirsiniz?

– Mən bir növ Fikrət Qocanın ailə üzvü idim, çox olurdum onunla bir yerdə. Həmçinin Fikrət Sadıq ilə də dostluq edirdim. Məsələn, Fikrət Sadığın yazdığı bütün yeni şeirləri, ilk növbədə, mənə oxuyurdu və hiss edirdim ki, mən sırf bu mühitdə yaşamaq üçün doğulmuşam. Bir gün elə oldu ki, dostlarım mənə dedilər ki, sən Rəsul Rza stilində yazırsan və yazılarını gərək ona göstərəsən. Bu təklif mənə çox maraqlı gəldi. Mən onun evini tanımırdım, dostlarımdan xahiş etdim ki, məni onlara aparsınlar. Dostlarım məni Rəsul Rzanın qapısının önünə gətirib zəngi basıb qaçdılar. Rəhmətlik Nigar xanım qapını açdı, soruşdum ki, bəs Rəsul müəllim evdədir? Dedi, bəli, dedim, xahiş edirəm ona deyin ki, bir tələbə onu görmək istəyir. Və o yadımda qalan bir jest elədi, dedi keç içəri, oğlum, mən də keçdim astanada dayandım. Beləcə, Rəsul müəllimlə görüşdük, şeirlərimi verdim ona. Beləliklə, özüm haqda məlumat verdim, yaxşı, bir şeir oxu, dedi. Mən də tez-tələsik bir şeir oxudum ki, tez qurtarım, gedim. Çünki anladım ki, mən düzgün iş görmədim. Üzündən dilxor olana oxşayırdı çünki. Sonra Rəsul müəllim bir şeir də oxumamı istədi. Bu dəfə mülayim bir səslə dedi ki, yenə oxu görüm, oğul. Belə deyəndə başımı qaldırdım, onun üzünə baxdım və onun gözlərində o qədər mehribanlıq gördüm ki?! Sonra dedi ki, yaxşı qoy dəftərini get. Mən Nigar xanımla sağollaşıb getdim. Bunun üstündən bir qədər keçdi və xəbər gəldi ki, məni “Ulduz” jurnalından axtarırlar. Mən o vaxtlar kostyum geyinmirdim. Cabir müəllim mənə dedi ki, bəs Rəsul müəllim sənin haqda məqalə yazıb, təcili kostyumda, qalstukda şəklini çəkdir gətir. Mənim də evdə nə sivil kostyumum, nə də qalstukum var. Çıxdım gördüm Yazıçılar İttifaqının qarşısında 3 nəfər dayanıb söhbət edir, bunların birinin əynində kostyum, boğazında da qalstuk var. Gəldim, yaxınlaşdım, salamlaşdım üzr istəyib dedim ki, siz əyninizdəki pencəyi və qalstuku bir neçə dəqiqəlik mənə verə bilərsiniz? Dedi, neynirsiz? Dedim, mən kostyumda təcili şəkil çəkdirməliyəm. Buyur, oğlum, deyib verdi mənə, dedim çox sağ olun, qayıtdı dedi ki, sağ ol ki, daha şalvarı istəmirsən (gülür). Sonralar bildim ki,o rəhmətlik şair Əli Soltan imiş.

Deməli, mənim şeirlərim haqda «Ulduz» jurnalında ilk məqalə “istedad+zəhmət+dözüm” adı ilə çap olundu. Sonralar mənim kitablarımda da çıxdı bu məqalə. Və bir gün Yazıçılar Birliyinin pilləkənlərində hündür və yaraşıqlı bir adam kəsdi qabağımı və məndən soruşdu ki, sən o Rəsul müəllimin şeirlərinə ön söz yazdığı oğlan deyilsən? Dedim mənəm, mənim də çox xoşuma gəldi o şeirlər, – dedi. Mən Zöhrab Tahirəm, təbrik edirəm səni, mən də dedim çox sağ olun. Ayrılarkən dedi, amma bir şey deyim sənə, o yazı sənə dost gətirdiyi qədər də düşmən gətirəcək. Və həqiqətən də, belə oldu. Beləliklə, «Gənclik» nəşriyyatında ilk kitabım çıxdı və o kitabın adı “Nikbinlik” oldu.

– Heç unutmadığınız?

– Yaxşı yadımdadır, 8-ci sinifdə oxuyurdum. Bir gün ədəbiyyat dərsində inşa yazırdım. Ədəbiyyat müəllimimin adı Mirzə idi. Başımın üstündə dayandı ayağa qalxmaq istəyəndə ehmalca çiynimdən basıb oturtdu. Əyildi qulağıma dedi ki, Çingiz səndən bir xahişim var, dedim ki, buyurun Mirzə müəllim. Dedi sən gələcəkdə nə vaxtsa böyük bir yazıçı olsan, tərcümeyi-halında yaz ki, sənin ədəbiyyat müəllimin mən olmuşam. Mənim də yatsam yuxuma da girməzdi ki, mən yazıçı olaram, dedim ki, Mirzə müəllim necə yəni? Qayıtdı ki, mən sənə deyirəm, bu sözü yadından çıxartma.

Həmin gün gəldim evə anama dedim ki, bəs bu gün Mirzə müəllim mənə belə bir söz deyib. Anam da dedi ki, baxma da o təcrübəli bir insandır hər halda,əndə nəsə hiss edib ki, belə bir söz deyib və nənəm də əlavə etdi ki, sən onun sözünü heç vaxt yadından çıxarma. Və mən onun bu sözünü, doğrudan da, unutmadım və bir yazımda yazdım.

– Bir neçə filmdə çəkilmisiniz, kinoya gəlişiniz necə oldu?

– Filmə çəkilməyim tam təsadüfi oldu. Bilirsiniz, mən qəti şəkildə özümü kinoya gəlmiş hesab eləmirəm. Mən həmişə kinoya getmişəm, amma heç vaxt kinoya gəlməmişəm. Bir gün küçədə gedirdim, böyük rejissorumuz Arif Babayev qəfil çıxdı qarşıma və məni saxlayıb dedi ki, sən şairsən də? Dedim bəli, Arif müəllim. Dedi, sən sabah kinostudiyaya gələ bilərsən? Dedim bəli gələrəm, səhəri gün getdim ora və bir də gördüm gəlib mənə qrim filan edirlər, sən demə bunlar kastinq aparırmışlar. Məni Camal Qasanoviç roluna çəkdilər. Sonralar isə Vaqif Mustafayev məni «Yaramaz» filminə çəkdi.

Bəs «Axırıncı aşırım» filmindən niyə imtina etdiniz?

– Axırıncı aşırım filmindən ona görə imtina etdim ki, obrazdan xoşum gəlmədi, özümə uyğun görmədim. Daha sonra “Xaş əhvalatı” adlı filmdə də kino belə başlayırdı ki, kinonun qəhrəmanı yoldaşıyla yataqda olur və mən də utancaq oğlan idim deyə bu filmə çəkilməyə razı olmadım.

 

– Sizin əsərlərinizdə də bu pozitivlik var. Bunu zaman-zaman sizin dostlarınız və sizi mütaliə edən hər kəs deyir. Bütün yaradıcılığınız boyu o pozitivlik, nikbinlik, yüksək əhvali-ruhiyyə daim bir xətt, şkala üzrə hərəkət edir, bu yaşa dolduqca eyni xətt ilə gedir, yoxsa necə?

– Mən bu baxımdan özümü xoşbəxt sayıram ki, həyat sevgisi məni qəti şəkildə tərk eləmir. Hər hansı problemlə qarşılaşdığımda bunu daxili sakitliyimlə dəf edə bilirəm. Müəyyən bir çətinliklərlə üzləşəndə həmişə məni bir duyğu tərk etməyib ki, bu müvəqqəti bir şeydir və mən bunun öhdəsindən gələcəm. Qarşıma qoyduğum məqsədə məhz inam və sevgiylə çatmağa nail olmuşam həmişə.

– Qorxduğunuz şey nə olub həyatda?

– Ancaq və ancaq yaxınlarımı və doğmalarımı itirmək. Ən böyük qorxum bu olub həmişə və bu da həmişə mənə çox böyük təsir edib. Nə zamansa həyatdan getmək, bunun qorxusu və belə hislər mənə yaddır. Mən bilirəm ki, ölüm haqdır. Gərək olduğum zamana kimi yaşayacam. Hər kəs özünə ayrılmış bir ömür payını yaşayır əlbəttə. Amma yaxınlarımın, dostlarımın, əzizlərimin ölümü istənilən halda məni sarsıdır.

Cavan olanda maksimalist olur insan, onda qorxu da yaxında olmur. Hətta bir dəfə çox sevdiyim bir qızla köhnə zooparka gəzməyə getmişik, birdən gördüm ki, bir qadın çıxdı qarşımıza və sən demə o zooparkın işçilərindən imiş. Dedi, ay oğul, səndən bir xahişim var, bəs burda, qəfəsdə ayı döşəmənin taxtasını qoparıb düşüb aşağıya, mən də bir az gülə-gülə qulaq asıram ki, bu məndən nə istəyir. Dedim ki, neyləməliyəm mən, xala? Dedi ki, sənə bir ağac verəcəm, gir o qəfəsə ayını ağacla vur çıxsın, özü də bunu mənə qızın yanında deyir (gülür). Əlbəttə ki, sakitcə ağacı əlimə alıb qəfəsə girməyə çalışdım. Bu zaman

bir kişi uzaqdan qışqıra-qışqıra qadının üstünə gəldi ki, sən camaatın uşağına neyləmək istəyirsən (gülür). Yəni onda qorxu yox idi məndə. Amma övladlarım olduqdan sonra, onlar xəstələnəndə canıma yaman qorxu düşürdü. Bələ baxanda cavan vaxtı heç qorxaq olmamışam, amma övladlarım məni qorxaq etdilər.

– Övladlarınızdan yolunuzu davam etdirən varmı?

– Xeyr. Yəni heç biri şair deyil. Mənim övladlarımın hər ikisi ali təhsillidir.

Həm bakalavr, həm də magistratura pilləsini qırmızı diplomlarla bitiriblər. Böyük oğlum Tahir Əliyev BDU-nun tarix fakültəsini bitirib. On ildən çoxdur ki, Helsinkdə yaşayır. Hazırda sənədli film prodüseri kimi orada fəalliyət göstərir. Kiçik oğlum indi sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dörd nəvəm var. Üçü qız, biri oğlandı. Hamısını da çox sevirəm.

– Bugünkü gənc nəslin yaradıcılığı sizi qane edirmi?

– Əgər söhbət çağdaş Azərbaycan şeirindən gedirsə, mən deyim ki, çağdaş Azərbaycan şeirinin müxtəlif imzaları var ki, izlədikcə sevinirəm. Mən konkret adlar çəkib, kiminsə xətrinə dəymək istəmirəm. Tam məsuliyyəti və ciddiyyəti ilə deyirəm ki, bugünkü Azərbaycan şeirində olduqca böyük potensialı olan, çox istedadlı, çox yüksək əxlaqi və mənəvi əyarlar sahibi olan, dəyərlər daşıyan poetik nümunə yaradıcıları var.

– Bəzi gənc şairlərin yaradıcılığına nəzər saldıqda bayağı ifadələrdən çox istifadə etdiklərinin şahidi olursan. Sizcə, bu nədən irəli gəlir? Senzurasızlıqdanmı, düşüncə tərzindənmi?

– Şübhəsiz ki, bu gənclik ehtirasıyla, deyək ki, tez diqqət cəlb etmək, fərqliliyini göstərmək həvəsi ilə bağlıdır. Və bu həvəsə normal yanaşıram. Amma əxlaqi dəyərləri alçaldan motivlərə toxunanda mənə xoş gəlmir. Vaxtilə mən gənc yazarlarla bağlı bir məqalə yazmışdım. “Fraqmentlər” kitabımda da gedib həmin yazı. Yazıda çox istedadlı bir qız olan Sevinc Pərvanənin yaradıcılığına da müraciət etmişdim və belə bir şey yazmışdım: ”Sevincin yazılarını oxuyarkən məndə qəfil qızının yaşadığı otağın qapısını açıb çılpaq övladı ilə rastlaşan atanın narahatlığı yaranır”. Bu, olmamalıdır. Sonralar o qızın yaradıcılığı oturuşdu indi o çox maraqlı bir imza sahibidir. Mən bayaq da dedim, adlar çəkib, qısqanclıq yaratmaq istəmirəm. Sadəcə, fikrimi əsaslandırmaq üçün dedim.

– “Çərçivə” adlı kitabınız Qran-Pri mükafatına layiq görüldü. Bəs siz özünüz necə, çərçivəyə sığırsınızmı?

– Mən kitabın girişində yazmışam ki, əslində, azad yaşamaq üçün doğulan insan, sonralar elə özünün kəşf və icad etdiyi qanunlar çərçivəsində yaşamağa məhkum olur. Amma hesab edirəm ki, istedadlı adamlar o çərçivəni qırıb-dağıdır. Kitabın tərtibatında bizim böyük Bəhruz müəllimın çox əməyi var. Onun üstündə verilən portret və çərçivə görürsünüz ki, qırılıb-dağılıb. İlk baxışdan çərçivə bir xarratlıq nümunəsi kimi qəbul edilə bilər, amma sonradan alt qata nüfuz etdikdə bir çox məqamlar göz önünə gəlir.

– Bu gün kitaba olan münasibət sizi qane edirmi? Xarici ölkələrdə bizim kitablara maraq qənaətbəxşdirmi?

– Mədəniyyət və Turizm Nazirliyi yaranandan Azərbaycan kitabı çağdaş dünya prosesinə çox güclü bir inteqrasiya dövrünü yaşayır. Ən müxtəlif beynəlxalq kitab forumlarında, yarmarka və sərgilərdə, müsabiqələrdə Azərbaycan kitabı iştirak edir çox yüksək yerlər tutur. Məsələn, Heydər Əliyev Fondunun elə bu «Təhsil», «Şərq-Qərb» nəşriyyatlarının nəşr etdiyi kitablar çox böyük mükafatlara layiq görülür. Sonuncu beynəlxalq kitab müsabiqəsində iştirak edən Azərbaycan kitabları, deyək ki, yeddi nominasiyanın üçündə qalib gəldi və birinci yer tutdu. Bu həm də çağdaş Azərbaycan kitabının inkişaf

səviyyəsinin göstəricisidir. 35 ildən çoxdur bu kitab sərgilərinin iştirakçısıyam. Dünyanın hər yerində ən böyük kitab forumlarında iştirak edirik. Əvvələr o böyük sərgilərdə 6-8 m-lik bir ekspozisiya ilə çıxış edirdiksə, indi Frankfurtda keçirilən nəhəng kitab sərgisində 40 metrlik ekspozisiya ortaya qoyduq. Biz ora çox böyük sayda kitablar aparırıq və həqiqətən də, bizim kitablara çox böyük maraq göstərirlər. Ulu öndərimizin həyat və mübarizəsinə həsr olunmuş kitablar sərgilərdə çox böyük marağa səbəb olur. Və yaxud da bizim xalq nağıllarımız, dərsliklərimiz, çoxsaylı lüğətlərimizlə, Azərbaycan ədiblərinin, şairlərinin yaradıcılıqlarıyla, elmin, texnikanın ən müxtəlif sahələriylə bağlı kitablar, tariximizlə, incəsənət xadimlərimizin, rəssamlarımızın həyat və fəaliyyətinə həsr edilmiş albomlar çox böyük rəğbətlə qarşılanır.

– Həyatınıza nəzər salanda sizin ömür payınıza hansı riyazi əməl düşüb – daha çox fərq və ya qismət?

– Çox maraqlı sualdır (gülür). Bilirsiniz, qismət, əslində, insanın tale təyinatıdır. Biz qisməti yuxarıdan gələn bir nemət kimi qəbul edirik. Əgər bu belədirsə, deməli, bu sənin tale təyinatındır. Baxın, qismət sözünün içərisində ismət sözü var, Azərbaycan dili elə-belə yaranmayıb, bu dilin sırf psixoloji-etimoloji kökləri var. Qismət sözünün içində səmt sözü var. Yolunu hansı səmtdə seçməyindən çox şey asılıdır. Biri var insan çarpayıda uzansın və düşünsün ki, kaş mənim həyatımda bu olaydı. Biri də var ki, bunun üçün çalışasan. Mən hesab edirəm ki, həyatımda, bəlkə də, ən yaxşı əməl mənim sözün böyük mənasında, insanları duymaq və anlamaq qabiliyyətimdir. Ən böyük əməlim həmişə özümə tənbəlliyi rəva bilməməyimdir. Mən sutkanın maksimum 5 saatını yatıram. İşləyirəm. Tərcüməmdə 30-dan çox kitab çıxıb. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi mənim tərcüməmdə 2 cildlik dünya ədəbiyyatı antologiyası nəşr edib. Yəni bütün bunlarla bərabər mən hesab edirəm ki, az iş görmüşəm.

– Hesab-kitab dəftəriniz varmı? Və ya öz-özünüzə hesabat verirsinizmi?

– Əlbəttə. Bu, adətən, mən özümlə tək qalanda baş verir. Mən hər gün gündə ən azı 3 saat özümlə tək olmasam, yaşaya bilmərəm. Bəzən hərdən elə olur ki, 40 il bundan qabaq etdiyim bir diqqətsizliyə görə məni xəcalət təri basır. Və yaxud ömrümün elə anları var ki, xatırlayanda çox pis oluram. Bir zaman cavan idim, ”Ulduz” jurnalında çalışırdım, rəhmətlik İsa İsmayılzadə, Səyavuş Sərxanlı bir otaqda işləyirdi və mən nə üçünsə onların otağına gəlmişdim. Böyük və maraqlı şair kimi qəbul etdiyim Sərdar Əsəd gəldi otağa və Səyavuşa dedi ki, evə gedirəm, Rəssamlar İttifaqına kimi məni ötür. Səyavuş dedi ki, Sərdar müəllim redaktor mənə bir iş tapşırıb, heç çür çıxa bilmirəm. Üzünü mənə tutub Sərdar müəllimi aparmamı istədi. Mən də cavanlığa məxsus diqqətsizlik və kəmhövsələsizliklə dedim ki, Sərdar müəllim mənim də bir işim var və getməliyəm. Və səhəri gün biz eşitdik ki, Sərdar müəllim özünə qəsd edib. Sonralar çox düşündüm ki onda diqqətli olsaydım, bəlkə də, belə olmazdı. Onun ölümündən sonra kitabını mən nəşr etdirdim və bu qənaətə gəldim ki, o çox özünəməxsus, çox maraqlı və çox orijinal bir irs qoyub getmiş Azərbaycan şairidir.

– Heç ağlamısınızmı?

– Əlbəttə, ağlamışam. Mən uşaq olanda Şuşada yazıçıların istirahət evi var idi. Mustafa dayım, Bilqeyis nənəm, bütün uşaqlar yayda gedərdilər ora və məni də aparardılar özləri ilə. Bir dəfə Timuçinlə (dayım oğlu) mən (o gün kiminsə ad günü idi) getdik Şuşa xarabalıqlarına böyürtkən yığmağa, gəzdik, oynadıq qayıdıb gəldik. Ən böyük qorxumuz o idi ki, Elçin bizi döyəcək, Elçin məndən 1 yaş böyük idi, amma o balacalıqdan çox ciddi idi və biz ondan əməlli- başlı çəkinirdik. O isə bizə toxunmadı. Üstündən 1-2 gün keçdi, Məmməd İsgəndərovun oğlu Qalib, Timuçin, mən və bir də yazıçılardan hansınınsa qohumu olan bir uşaq həyətdə oynayırdıq. Divarda tüstü çıxan baca yerləri var idi. Uşaqlardan biri dedi ki, gəlin görək kim ora daş ata bilər, uşaqlar atdılar, mən də bir daş atdım düz getdi düşdü ora. Heç qürrələnməyə vaxt tapmadım, bir də gördüm bir hündür kişi bayıra çıxıb soruşur ki, bu daşı kim atıb? Dostlarımın heç biri

məni satmadı, amma hamısı mənə baxdı. Kişi tutdu əlimdən, dedi gəl gör neyləmisən. Getdim. Apardı məni bir otağa, sən demə o vaxtı çox bahalı, güzgülü bir mebel növü vardı, trilyaj deyərdilər adına, daş dəyıb ona və güzgünün qırıntıları tökülüb yemək masasının üstünə. Dedi, gördün neyləmisən? Mən də ürəyimdə fikirləşirəm ki, bu kişi kimdirsə, məni möhkəm döyəcək, amma belə olmadı. Dedi gəl otur burda, oturdum. Soruşdu sən kimin uşağısan? Başımı aşağı saldım, dinmədim. Evin xanımı da dedi ki, bəs bu Bilqeyis xanımgilin uşağıdır. Kişi dedi ki, ay Xavər, dolmadan buna da çək gətir, stolun da üstündə içərisində hava qabarcıqlarına bənzər şüşə vazalar vardı, bunun da içərisi almalar ilə dolu idi. Dedi, maykanın ətəyini çək görüm, utandım. Özü çəkdi maykamı, almalardan neçəsini doldurdu bunun içərisinə, dedi çıx get, amma bir də belə iş etmə. Çıxdım, gördüm dostlarım çox böyük maraqla durub gözləyirlər ki, bu burdan nə təhər çıxacaq, çıxdım, dostlarımı görəndə məni ağlamaq tutdu, o kişi də rəhmətlik Səməd Vurğun idi.

Anam rəhmətə gedəndə çox sarsıldım. Sakkiz il olardı əlacı olmayan bir xəstəliyə tutulmuşdu. Gecə mənə zəng gəldi ki, gəl, ananın vəziyyəti yaxşı deyil. Mən də təcili yardım çağırdım, gəldim ki, anam keçinib. Uşaqlara dedim ki, siz hamınız yıxılın yatın sabah işimiz çoxdur, çox adam gələcək. Özüm uzandım anamın yanında, hələ canı isti idi və məni yuxu tutdu yatdım. Səhəri gün insanlar gəldi, anamı xalçaya büküb düşürürdülər, yanımda dostlarım vardı, bütün həyət də kişilərlə dolu idi. Və bu qədər kişinin içərisində, xalçaya bürünmüş anamı görəndə məni dəhşətli ağlamaq tutdu. Ondan sonra bir Nüsrət Kəsəmənli rəhmətə gedəndə, bir də bizim bir tənqidçimiz vardı Cabbar adında, ”Ədəbiyyat” qəzetində baş redaktor müavini idi, çox istedadlı insan idi, onu Şurabadda dəfn edəndə, məzarı üstə məni dəli ağlamaq tutdu. Bir də indi hərdən, ola bilər ki, bir kinoda va yaxud verilişdə, həssas bir söz və yaxud münasibət görəndə özümdən asılı olmayaraq gözüm dolur.

– Uğursuzluqla qarşılaşan gənclərə nə tövsiyə edirsiniz?

– Uğursuzluqla qarşılaşan gənc ilk növbədə, onu unutmamalıdır ki, o gəncdir. Və bu onun həyatda rast gəldiyi son hədd deyil, ölüm cəzası deyil, bu, işdir olur. Bəlkə də, bu sözlə bir az kitab sözləri kimi səslənir. Amma insan inamsız yaşaya bilməz, içində bir inam yaşatmalıdır və bu gün uğursuz oldun, çalış sabah uğur qazan. İlk növbədə, özünlə döyüş, özündə elə bir iradə və əzm tərbiyə et ki, sabah sən hər hansısa bir maneəyə rast gələndə onu aşa biləsən. Allah-taala sənə o boyda enerji verib. Və hər şey insanın içindəki ruhun sağlamlığı ilə bağlıdır. Həm də mən tövsiyə verməyi xoşlamıram. Bir şeirim var: “Mən ağız açmıram, qapı açıram”. Heç vaxt da heç kimdən heç nəyi xahiş etmirəm, mənim dəftərimdə o yoxdur. Gərək hər şeyi özün edəsən.

– «Naşir» oxucularına, sizi izləyənlərə, sevənlərə, kitab sevərlərə, yaxud ümumiyyətlə hamıya nə arzulayırsınız?

– Təbii ki, hamıya cansağlığı, xoşbəxtlik, uğur, insana aid olan hansı xoşbəxt məqamlar varsa, hamısını arzu edirəm. İnsanlara daxili azadlıq arzu edirəm. Mənim ”Azadlıq” adlı şeirimin 1-ci bəndində dediyim kimi “İstədiyin kimi düşünürsənsə, düşündüyün kimi danışırsansa, danışdığın kimi varsansa, azadsan demək”. Özünü dərk etdiyin qədər kimsən, mahiyyətin nədir, əyarın nədir, bunu bilmək vacibdir.

AYB.az

Gülnar Məsimli

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə