Son xəbərlər

 

Xalq yazıçısı Anarın SalamNews-a yeni əsərin məziyyətləri və əlaqəli digər məsələlərlə bağlı müsahibəsini təqdim edirik.

 

Anar müəllim, yeni - "Gözmuncuğu" əsəriniz münasibəti ilə Sizi təbrik edirik. Kitabın təqdimatı, imza günü də möhtəşəm keçdi. Belə ürəkaçan tədbirlərdən sonra yazıçı arxayınlaşır, özünü gərgin əməkdən sonra bir az istirahət etmiş kimi hiss edir, yoxsa daha da həvəslənir?

 

- Əlbəttə, əsərinin belə maraqla qarşılanması, geniş oxucu kütləsinin, özəlliklə də gənc oxucuların diqqətini çəkməsi, rəğbətlə qarşılanması hər bir müəllif kimi məni də sevindirir, eyni zamanda yaradıcılıq fəaliyyətini daha məsuliyyətlə davam etməyə həvəsləndirir. İstirahət məsələsinə gəldikdə isə mənim nə vaxtsa istirahət etməyim yadıma gəlmir. Ömrüm boyu aramsız olaraq müxtəlif janrlarda yaradıcılıq fəaliyyətiylə məşğulam. Hələ Yazıçılar Birliyindəki gündəlik işlərimi və ictimai həyatda müxtəlif tədbirlərdə iştirakımı demirəm. Təəssüf ki, istirahət üçün vaxtım və macalım yoxdur.

 

"Gözmuncuğu" haqqında oxucu rəyləri müxtəlifdir: çətin, mürəkkəb povestdir; müəllif sanki hələ də özünün dünyaya münasibətini formalaşdırmayıb; əsər fəlsəfi terminlərlə yüklənib; əhvalatlar qısa, lakonik, maraqlıdır; Anar bu povestinə yəqin film də çəkdirəcək; müəllif yaradıcılığında tam yeni mərhələyə başlayıb; povest mövzu orijinallığı ilə seçilir və s. və i.a. Siz isə bütün bu mülahizələrə və digər eşidəkcələrinizə cavab verməmək üçün əsərin sonunda sankı "əlyeri" qoymusuz. Doğrudanmı, əsərin qayəsi barədə əlavə heç nə deməyəcəksiz?

 

-Əsər haqqında müxtəlif rəylərin olması mənə xoşdur. Əgər əsər müxtəlif səviyyəli, müxtəlif savad və bilik dairəsinə malik olan oxucuları cəlb edibsə, oxucunu öz fikrini söyləməyə vadar edibsə, daha nə istəmək olar ki? Povestin mətnində deyilənlərə əlavə şərh verməkyə nə lüzum var? Hərə oxuduğundan özünə uyğun nəticə çıxarırsa, müəllifin hər hansı əlavəsi gərək deyil, məncə.

 

Ədəbiyyatın müxtəlif janrlarında əsərlərinizi oxuyan adam kimi deyim ki, povestdə özünəməxsus mistika maraqla qarşılanır. Amma epiqraf bolluğu da nəzərdən qaçmır, deyirlər guya bu, bədii əsərinizi publisistikaya yaxınlaşdırır.

 

-Bu barədə də ən müxtəlif, bir-birinə zidd fikirlər eşitmişəm.Bəziləri əksinə, epiqrafların əsərdə nəql olunan hadisələri daha yaxşı qavramağa və anlamağa yardım etdiyini söyləyirlər. Bir də ki, epiqrafların çox, ya az olmasından asılı olmayaraq mətnin özü nə sayaq dəyişə bilər, yəni epiqraflar bədii nəsri necə publisistikaya çevirə bilər?

 

Oxucularınızı maraqlandıran mətləblərdən biri də kitabın redaktorunun və həm də "ön söz" müəllifinin ədəbiyyat aləmində çox gənc bir qələm sahibinin olmasıdır.

 

-Mən buna da çox sevinirəm ki, gənc nəslin istedadlı bir nümayəndəsi əsəri bu qədər dərindən anlaya, duya bilmiş və düşündüklərini belə aydın və səlis sözlərlə ifadə edə bilmişdir. Mənə elə gəlir ki, Pərvinin “ön sözü” bir növ povestin qəliz mətninə bir açardır, onu öz vasitələriylə izah edən girişdir.

 

"AybKitab" layihəsi isə, doğrudan da, çox bəyənilir. Bu layihə, yəqin ki, get-gedə təkmilləşəcək?

 

-İnşallah!

 

Anar müəllim, görə-görə gəlirik və ona görə də soruşuruq. Vaxtilə redaktoru olduğunuz "Qobustan" toplusunun dil üslubuna görə, "60-cılar"ın yaradıcılığına ehtiramınız üçün Sizə yönəlmiş tənqidlər yadımızdadır. AYB-nin son qurultayının "keyfiyyətindən" narazılıq və s. unudulmayıb.

 

-Son qurultayımızdan unudulmayanlar bir çox ölkələri təmsil edən ən nüfuzlu yazıçıların və Azərbaycanın ən ünlü qələm sahiblərinin xeyirxah və dərin məzmunlu çıxışları oldu.Bu çıxışlar kəmiyyət cəhətdən və əsas da keyfiyyət baxımından bütün başqa deyilən və yazılanlardan qat-qat üstündür. Doğru deyirsiniz ki, sovet dövründə “Qobustan” jurnalına hücumlar olurdu. Özü də tək dilinə və üslubuna görə tox, “millətçi və pantürkist ruhuna” görə həm mətbuatda açıq, həm də DTK-ya gizli donoslar verilirdi. Bir vaxtlar rişqəndlə qarşılanan, kinayəli atmacalara məruz qalan “altımışıncılar” ədəbi nəsli də bu gün ədəbiyyat tariximizdə layiqli, yüksək və şərəfli yer tutur. Onlara daş atanların adları belə unudulub, “altımışıncıların” yaratdıqları isə bu gün də yaşayır. Nadanlığa, qərəzə, kinə, həsədə qarşı yeganə sipər Zamandır. Zaman hər şeyi yerbəyer edir, təsadüfi, keçəri,müvəqqətilər axıb gedir, ədəbi dəyərlər dalır. İstedadlı gənclərin əksəriyyəti isə sağlam mövqedə durub, Yazıçılar Birliyində məsul vəzifələrdə çalışır, ya onun işlərində iştirak fəal iştirak edirlər. İl-ildən ədəbiyyatımıza yeni-yeni istedadlı nəsillər gəlir. Bir də var üç cüt bir tək, yəni olsa-olsa yeddi-səkkiz nəfər ki onlar “daimi cavandır”. İyirmi il əvvəl də özlərini gənc yazar kimi təqdim edirdilər, hələ də özlərini “cavan” sayırlar. Mənə deyirlər ki, sən niyə bir zəhər tuluğunu, ya bir “zarafatcıl” səfehi adam yerinə qoyub onlara cavab verirsən? Deyirəm, əvvəla, yüz atmacadan olsa-olsa birinə cavab verirəm, ikincisi, heç vaxt heç birinin adını çəkmirəm ki, bu yolla tarixə düşməsinlər, üçüncüsü də, axı mən humanistəm, ümidimi itirmirəm ki, bəlkə haçansa belələri də adam oldu…

 

Açığını deyək ki, Yazıçılar Birliyinin rəhbəri kimi, ya da şəxsi yaradıcılıq planlarınızdan bir sürpriz ştrix də eşitmək istəyirik. Xahiş edirik deyəsiz. Müsahibəyə görə isə Sizə təşəkkür edirik və hər işinizdə uğurlar arzulayırıq!

 

-Siz də sağ olun! Bu mürəkkəb zamanda, bütün mənəvi dəyərlərimiz, tarixi şəxsiyyətlərimizin çoxusu hədəfə çevriləndə, qrafomanlar meydan sulayanda , dilimiz mediada bərbad hala salınanda Yazıçılar Birliyinin - mənəviyyatımızın, həqiqi ədəbiyyatın, klassik və çağdaş yazıçıların şərəfli adlarının keşiyində durması, bayağılığa, aşınmaya, milli inkarşılığa qarşı olduğuna görə hücumlara məruz qalması, bütün çətinliklərə baxmayaraq Sözünün məsuliyyətini duyan yazıçıların əzm və iradəylə yazıb-yartmaları elə ən böyük sürpriz deyilmi?

Ş.Nəzərli

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə