Son xəbərlər

 


Bir gün nənəsi balaca Aslangilə qonaq gəldi. Aslan nənəsinin qucağına atıldı.

-Nənə, mənə nağıl danış.

Nənə gülümsünüb balaca nəvəsinin başını sığalladı.

-Yaxşı, mənim əziz nəvəm. Onda diqqətlə qulaq as.

 

Biri vardi, biri yoxdu, hiyləgər bir tülkü vardı. Bu tülkünün işi-gücü hinləri pusub toyuq-cücələri oğurlamaq, sonra da aparıb xəlvətcə yemək idi.

-Hin nə deməkdi, nənə?

Nənə dedi:

-Hin toyuq-cücələrin evi deməkdir. Biz insanlar özümüzə ev tikib yaşadığımız kimi heyvan və quşların da evi olur. Bu evləri həm özləri tikirlər, həm də insanlar onlara tikir. Məsələn, çöl quşları özləri özlərinə yuva qururlar, amma ev heyvanlarına insanlar  tikir. Bildin?

Aslan başını tərpətdi. Sonra nə düşündüsə dedi:

-Onların evi olmasa, soyuqdan donarlar?

-Əlbəttə, donarlar. Çünki onlar da canlıdırlar. Hə, harda qaldım?

-Dedin ki, bir tülkü vardı...

-Ay sağ ol, sənin nə yaxşı yaddaşın var? Hə, bu tülkü camaatın toyuq-cücəsini həyətdən, hindən oğurlayıb yeyərdi. Adamlar onun əlindən lap təngə gəlmişdilər. Amma heç kim hiyləgər tülkünü tuta bilmirdi.

 Bir gün tülkünün könlünə yenə toyuq əti düşür.  Durub düzəlir yola. Az gedir üz gedir, dərə-təpə düz gedir, gəlib çıxır İsmayıl babagilin kəndinə. Heç demə, İsmayıl baba çoxdan oğru tülkünü axtarırmış.

Tülkü bir-bir həyətləri gəzməyə başlayır, görsün, kim yatmış, kim oyaq. Gəzə-gəzə gəlib çıxır İsamayıl babanın həyətinə. Həyət qapqaranlıq idi. 

-Ay can! Nə yaxşı oldu! –Tülkü öz-özünə dedi. Ev sahibləri yatıblar. Deyəsən it də yoxdu. İndi  bir-bir toyuqları boğub aparıb qoyaram meşəyə, sonra da neçə gün bala-bala yeyərəm özümçün. Hi-hi-hi!

Tülkü sevincək hinə yaxınlaşdı. 

-Vay! Qapısı bağlıdır ki...

 Nə qədər çalışdı, qapını aça bilmədi. Cəld dama dırmandı. Bir oyuqdan-zaddan tapıb içəri girməyə çalışdı. Heç nə tapmadı. Tülkü yamanca dilxor oldu. Ağacların başına boylandı, bir dənə toyuq-cücə görmədi. “Hamısını hinə yığıb ağzını da bağlayıblar. İndi nə edəcəm?”

Tülkü damdan yerə hoppandı. Kor-peşiman geri qayıtmaq istəyirdi ki, birdən hinin qapısı ağzında nə görsə yaxşıdır? Yağlı, par-par parıldayan quyruq.“Aha! Bu ki ətdir! Özü də xalis ət!”

Tülkü sevindiyindən bilmədi, nə etsin.

-Bəxtim gətirib vallah! Yoxsa əli ətəyindən uzun qayıdacaqdım dala. İndi bu dadlı ət parçasını  yeyəcəm bala-bala. Sonra da meşəyə gedib acıq verərəm canavara, çaqqala. Dadlı-dadlı ətləri həmişə onlar yeməyəcəklər ki... Aa...Deyəsən əməlli-başlı şair olmuşam e... Hi-hi-hi...

 Tülkü sevincək ət parçasına cumdu. Ağzını ləzzətlə ətə uzatdı. Birdən ayaqları nəyəsə ilişdi. Elə bildi, kimsə onu tutub saxlayıb. 

-Eyy! Burax məni. Qələt eləmişəm, bir də eləmərəm!

Yalandan ufuldamağa başladı.

-Ejj! Səninləyəm, eşitmirsən? Burax məni. Vallah, bir də ətə yaxın getmərəm. Həm də qoyun ətinə. Qələt eləmişəm...

Cavab verən olmadı. Tülkü qorxa-qorxa yan-yörəsinə boylandı. Heç kəs yox idi. Səhərdən boş yerə ufuldayırmış.

-Aa... Bəs onda bu kimdi məni tutub saxlayıb? Hə? Ey, kimsən?

Tülkü çevrilib arxaya baxanda nə görsə yaxşıdr? Ayaqları nəyəsə ilişib.

-Aaa... Bu ki tələdir! Vay-vay! Deyəsən, adamlar məni tora salıblar.

Nə qədər dartdısa, ayaqlarını tələdən çıxarda bilmədi.

 -Vay! İndi mən nə edəcəm? Mən nə qələt elədim, bu yağlı ət parçasına aldandım? Ühü-ühü!

Tülkü ağlamağa başladı.

Hə, uşaqlar, indi sizə kimdən xəbər verim, kimdəm deyim, ev sahibi İsmayıl babadan. O bilirdi ki, tülkü öz tamahı ucundan bir gün onların da həyətinə gəlib çıxacaq. Ona görə də tələ qurmuşdu, işdi-şayət, tülkü gəlib buralara çıxarsa, tələyə düşər, onun cəzasını verər. İsmayıl baba tələyə bir parca yağlı quyruq da atmışdı. Tülkünü aldadan da bu yağlı ət parçasıydı.

 Sabah açıldı. Sabahlarınız xeyrə açılsın, əziz balalar! İsmayıl baba yuxudan durub hinə tərəf gedəndə nə görsə yaxşıdır? Çoxdan axtardığı oğru tülkü öz ayağılynan gəlib  tələyə düşmüşdü. 

Xəbər ildırım sürəti ilə bütün kəndə yayıldı. Kəndə bir hay düşdü, gəl görəsən. Camaat tökülüşüb oğru tülküyə baxmağa gəldi. Tülkü camaatı görüb gizlənməyə yer axtarırdı. İsmayıl baba dedi:

-Ey, hiyləgər tülkü! Camaatın toyuq-cücəsini yeyəndə utanmırdın, indi  gizlənmək istəyirsən?

Balaca uşaqlar  ömründə görmədikləri tülküyə maraqla baxırdılar.

–Ora bax, ora bax!-Balaca Orxan dedi. Əsl tülküdür. Mən cizgi filmində görmüşəm onu.

-Hə... mən də görmüşəm-dedi balaca Ələkbər. Gəl daşlayaq onu.

Uşaqlar yerdən daş götürüb tülküyə tərəf atmaq istəyəndə İsmayıl baba gördüü.

-Çəkilin ay uşaq! Onsuz da əlimizdədir. İndi daşlamağın nə mənası? Yıxılana balta çalmazlar. Özüm onun dəsrsini verəcəm.

-Necə verəcəksən dərsini? Bəyəm o dərs oxuya bilir?-Balaca Ömər soruşdu.

-Darıxma, indi görəcəksən-dedi İsmayıl baba.

Tülkü yalandan ağlamağa başladı.

-Ühü-ühü... Qələt eləmişəm. Bir də oğurluq etmərəm. Məni açın buraxın.

-Yox, olmaz! Səni necə buraxa bilərik?-Camaat hay-küy saldı. Oğurluq etdiyinə görə cəzanı almalısan!

-Oğurçu! Oğurçu!-uşaqlar qışqırışdılar.

-Ay camaat, dayanın görüm! -İsmayıl baba dedi. Bir az səbriniz olsun. Sonra üzünü tülküyə tutaraq dedi:

- A tülkü, səni bir şərtlə buraxacam. Amma əvvəlcə sualıma cavab ver. De görüm, indiyəcən nə qədər oğurluq etmisən?

Tülkü bic-bic gözlərini qıyaraq cavab verdi:

-Nə bilim ey, etmişəm də...Yadımdan çıxıb.

-Çıxar da... Sayını bilmirsən axı. Camaata nə qədər ziyan vermisən, de, qoy hamı eşitsin.

-Deyim də... –Tülkü gözlərini göyə zilləyib ürəyində saymağa başladı.

-Cəmi beş dəfə oğurluq etmişəm.

-Nəə?-deyə camaat birağızdan qışqırdı. Necə yəni beş dəfə?

-Çaşdım e...On dəfə.

-Yalan deyirsən-deyə camaat qışqırışdı.

-Ay camaat, bir sakit olun görüm!-İsmayıl baba onlara acıqlanıb üzünü tülküyə tutdu. Eybi yoxdur, qoy olsun on dəfə. İndi sənə on dənə çubuq vuracam. Sonra açıb buraxacam.

 İsmayıl baba hində gizlətdiyi  nar çubuğunu götürdü, yavaş-yavaş tülkünü vurmağa başladı. İsmayıl babanın ürəyi çox yumşaqdı, ondan olsa, bunu da etməzdi. Amma hiyləgər tülküyə dərs verməli idi, qoy  bir də camaatın toyuq-cücəsini oğurlamasın.

Uşaqlar sayırdılar: bir, iki, üç, dörd...

 Çubuqlar qurtarandan sonra İsmayıl baba onun ayaqlarını tələdən çıxarıb dedi:

-Biz insanlar heyvan öldürən deyilik. Adamlara nə qədər ziyan vermisən, amma yenə də səni öldürmürük. Di get. Bir də buralarda görünmə. Yoxsa, dərinə saman dolduracam.

 Tülkü bir andaca qaçıb gözdən itdi. Meşəyə çatıb öz-özünə dedi:

 -Canımı yaxşı qurtardım. Bu adamlar doğrudan da rəhmlidirlər. Bir helə oğuluq etmişəm, onlara ziyan vurmuşam, amma öldürmədilər məni.

Sonra ətrafa baxıb öz-özünə dedi:

-Nə yaxşı ki, on dedim, etdiyim oğurluqların hamısını desəydim, doğrudan dərimə saman dolduracaqdılar.

O gündən sonra tülkü bir də oğurluq etmədi.

SÜDABƏ SƏRVİ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə