![]() |
![]() ![]() |
Asta addımlarla mətbəxə keçib, üzümü pəncərəyə söykədim. Havanın necəliyini bilmək istəsəm də, qaranlıqda heç nə görmədiyimdən pəncərəni açdım. Bir andaca içəri dolan soyuq hava canımı üşütdü. Yataq otağından yun adyala bürünüb geri qayıtdım. Soyuqdan və yağışdan gələn nəm havanı içimə çəkdim. Nədənsə payız gecələri qəlbimi kövrək hisslər çuğlayır. Ətrafa baxıram. İldırımın saçdığı işıq zolağı zülməti bir andaca içində boğur. Yağışda qarşı binadan pəncərələrin işıqları ulduzlar kimi bərq vurur. Üzümə düşən yağış damçıları xəyallar qanadında uşaqlığıma aparır məni...
Uşaqlıq illərim ərköyünlükdən uzaq, sadə bir ailədə keçmişdi. O vaxtlar - sovetlər dönəmində çoxu islamın nə olduğunu bilmir, uşaqlar rus dilində təhsil alırdılar. Bizim ailədə böyüklərin namaz qılması, oruc tutması adi hal idi. Bəzən biz kiçiklər Ramazan bayramında oruc tutmağa çalışır, özümüz-özümüzü aldadırdıq. Guya ki, heç nə yemirdik. Əslində isə, mətbəxdə yeməyə girişər, sonra da əməllərimizə gülərdik. Yəqin ki, uşaqlığımıza görə, böyüklər bizə fikir vermirdilər. Ailədə dörd uşaq idik. Böyük qardaşım Xalıq evin əziziydi. Bu da nənəmin İranda qalıb, uzun illər heç bir xəbər-ətər tuta bilmədiyi qardaş həsrətiylə bağlı idi. O, dərdini nəvəsinə qoyduğu adla dağıtmağa çalışsa da, qəlbindəki qardaş həsrəti azalmırdı ki, azalmırdı. Ovqatının təlx olduğu vaxtlarda söylədiyi nağıllar, hədislər bizi nənəmin başına toplayardı. Biz yerdə xalça-palaz üstündə bardaş qurub oturar, mütəkkələrə söykənib nənəmin şirin söhbətlərinə qulaq kəsilərdik. Bəzən də, namaz vaxtı qardaşımın şuluqluq etməsi nənəmi cin atına mindirsə də, ona güldən ağır söz deməz, yenə də mən çubuqla cəzalanardım. Evin əziz- xələfi olan qardaşım nə qədər ərköyün, nadinc idisə, mən də o qədər sadəlöhv və avam idim. Nənəmin nurlu çöhrəsi, icəri batmış iri gözləri vardı. Arıqlıqdanmı, ya nədənsə gözlərinin dərinliyi məni üşüdürdü. Əlləri, damarları çıxmış şirmayı barmaqları İran xınasından əksik olmazdı. Qocalıqdan yığılmış kürəyi yumağa dönsə də, yerişi iti idi. Zəhmli baxışı və ötkəm səsi, nəinki biz uşaqları, hətta anamı da vahiməyə salardı. Təmizkarlığı həddini keçən, ifrat vasvası nənəm, az qala, evdə olan bütün qab-qaşığı pak etməyi, qüsul verməyi ilə qonşular arasında ad çıxartmışdı. İnanclı nənəmi yolda qarşısından keçən pişik, yaxud "tək səbir" gətirməyim hövsələdən çıxardardı. Bütün bu əlamətləri uğursuzluq sayar, ona görə də belə hallarda gedəcəyi yeri təxirə salardı. Belədə mən pərt halda otağın qapısına söykənib oğrun-oğrun ona baxardım. Nənəmin gözündə yaxşı görünməyə çalışsam da, alınmırdı. Hirsli ədasıyla geri qayıdıb çarşabını açar, öz yerində oturub susar, təsbehini şaqqıldadardı. Nənəmin bütün çarşabları ağır rəngli idi, ona çox yaraşırdı. Böyük ustalıqla və xüsusi əda ilə çarşabı başına örtməsi başqa aləm idi. Biz qapı ağzında onu ötürər, o isə, öz növbəsində gəlin və nəvələrinə gözucu baxıb sağollaşardı. Dodaqaltı dua edəndən sonra bayır qapısını açıb, ya hamama, ya da çox sevdiyi bibimgilə üz tutardı. Anam da, arxasınca su atmalı, canfəşanlıqla "yaxşı yol" deməliydi. Qayıdanda isə biz qızlar çarşabını alıb, səliqəylə qatlamalı, cayını, süfrəsini xüsusi bir təmtəraqla hazırlamalıydıq.
Geydiyi qara güllü-çiçəkli paltarlarınin cibindən nanəli konfeti əskik olmazdı. Onun konfeti soyub, qəribə bir iştahla yeməyi vardı. Ovqatının xoş vaxtında isə bizlərə konfet paylamağı çox xoşumuza gəlirdi.
Gözümüz həmişə onun tünd yaşıl, dama-dama atlas boğçasında olardı. Bu iri boğçanı cümə günü hamama gedəndə özüylə götürərdi. Həmin gün hamımız onun qulluğunda durar, dediklərini can-başla yerinə yetirməyə çalışardıq. Nərd oynamaqda mahir olan nənəm evimizə gələn qonaqları əvvəl nərddə pas edər, sonra aldığı zövqdən məmnun halda söhbətə başlardı. Nənəmin bir şakəri də vardı ki, nədənsə giley-güzar edəndə atamla rus dilində danışar və bizi nigaran qoyardı. Belədə, atam uşaqlar kimi farağat dayanıb, nənəmə razılıqla başını tərpədər, bizə isə məzəmmətli baxışlarını yönəldərdi. Bu məqamlarda nədəsə səhv etdiyimizi bilərdik. Tək-tük hallarda onunla bir yana gedəndə, qonum-qonşuların nənəmlə ehtiramla salamlaşmasından sevinər və uşaq ağlımla bundan fəxr duyardum. Böyüklərin nənəmi görən kimi ayağa durması, onunla hal-əhval tutması məndə qəribə hisslər yaradardı. Nənəm elçiliyə gedər, dava-dalaşı yoluna qoyar, adamları barışdırardı. Onun bir sözünü iki edən olmazdı. Fikirləşirdim ki, qonşular ya nənəmdən qorxur, ya da ona hədsiz hörmət edirlər...
İsti yay günlərindən biri idi. Gövhər nənəmi harasa qonaq aparacaqdılar. Gün-günortadan yığışıb getməyə hazırlaşan nənəmi həmişəki kimi qapı ağzında təmtəraqla yola salırdıq. Gözlərimizin sevinci üzumuzə həkk olunmasın deyə, ciddi görkəm almışdıq. Özümüzü evdə tək qalmaqdan üzüləcəkmiş kimi göstərsək də, nənəmin harasa getməsi bizim üçün əsl bayrama, azadlığa çevrilərdi. O qədər atılıb düşürdük ki, anam bezirdi.
"Elə yaxşı ki, nənəniz var. Yoxsa, siz mənim başıma olmazın oyun açarsız"-deyə söylənərdi.
O gün nənəmi yola salandan sonra, anam mətbəxə, biz balacalar isə nənəmin otağına cumduq. Qardaşımın fitvasına uyaraq əvvəlcə nənəmin şifonerinə baş vurduq. Qorxudan ürəyimiz ağzımıza gəlsə də, nənəmin otağını ələk-vələk elədik. Birdən gözlərimiz qırmızı onluqlara sataşdı. İlk dəfəydi ki, bu qədər pul görürdük. Onları götürüb bir müddət əlimizdə oynatdıq. Pullar xışıldayır, bizsə məmnunluqla onları bir-bir sığallayırdıq. Sonra, pul topasından iki onluq götürüb oğrunca həyətə sürüşdük.
-Uzağa getməyin- dalımızca anamın səsi eşidildi.
- Ay, hay! Gözümüzə ana görünürdümü? Özümüzü yaxınlıqdakı univermağa saldıq. İçəri girən kimi canımızı qorxu aldı. Dala qayıtmaq, pulu yerinə qoymaq istəsək də, Xalıq təkidlə dedi:
- Bacı, dəlisən, görmürsən nənə qocadı, o pulların sayını hardan bilir axı? Gör, onda nə qədərdi. Heç bizə konfet, oyuncaq da almırlar. Gəl, gəl qorxma. İndi sənə gəlincik, saqqız, konfet alacam.
Qardaşımın 7-8, mənim 6 yaşım ancaq olardı. Univermağa girəndə elə bilirdik hamı bizə baxır. Sakitcə satıcı qıza yaxınlaşdıq. Xalıq 2 onluqdan birini çıxarıb qıza verdi. Qız sınayıcı nəzərlərlə bizə və pula baxıb soruşdu:
- Bu pulu hardan və kimdən oğurlamısız?
Mən həyəcandan ağlasam da, qardaşımın ötkəm səsi məni sakitləşdirdi.
-Biz oğru deyilik. Nənəmin puludu, verdi ki, xərcləyək.
Onun qətiyyətli baxışları və inamlı səsi qızda şübhə yeri qoymadı. Kağız torba oyuncaq və şirniyyatla dolu idi. Bundan başqa, lazımsız, dəyərsiz, əlimizə keçəni almışdıq. Həyəcandan bilmirdik nə edək. Qərara aldıq ki, aldığımız oyuncaqları, şirniyyatı həyətdə uşaqlara paylayaq. Küçəmizə qayıdanda artıq sərin düşmüş, azca meh əsməyə başlamışdı. Həyətə gələn kimi səs-küy düşdü. Oyuncaqlar üstündə uşaqların savaşına, binanın pəncərələri bir-bir, iki-bir açılmağa başladı. Hər şey bir andaca açıldı. Anamın bizi evə salmağıyla, yağlı silləyə “qonaq eləməyi” bir oldu. Biz ağlayır, günahımızı bir-birimizin üstünə yıxırdıq. Yazıq anam həyəcandan gah dizinə, gah başına vururdu. Birdən qapının zəngi çalındı. Gələn nənəm idi. Ev ölü sükuta qərq oldu. Salamlaşıb hərə bir tərəfə dağılışdı...
Nənəmin qəzəbli qışqırtısı ikimizi də özümüz bilmədən onun otağına atdı. Anam günahkar kimi nəyisə izah edir, göz yaşı tökürdü. Anamın həyəcanından və nənəmin qəzəbli baxışlarından biz uşaq fəhmiylə çox pis iş tutduğumuzu görürdük.
Nənəm qonaq otağına keçib bizi səslədi.
Hər ikimiz əllərimiz arxada, başımızı aşağı salıb onun bir addımlığında dayandıq. Həyəcanlı anlar yaşayırdıq. Təsbehini şaqqıltı ilə əlində oynatması onun əsəbindən xəbər verirdi. Nənəmin bizə zillənən baxışları, onun mühüm bir qərar qəbul edəcəyini söyləyirdi. Nəhayət, o, üzücü saniyələrdən sonra qışqıraraq dedi:
- Siz Allahın əmrinə zidd gedərək çox pis iş görmüsüz, - oğurluq etmisiz. Buna görə cəzalanacaqsız. Bayaqdan təsbehimi çevirir, Tanrının mələklərindən xəbər gözləyirəm. Budur, nəhayət ki, xəbər gəldi. Hər ikinizin başı ananın mürəbbə bişirdiyi tasda kəsiləcək. Ölümdən qabaq qüsullanın, kəlməşəhadətinizi oxuyun. Tez olun, vaxtımız azdı. Cəhənnəm sizi gözləyir.
Bizim vay-şivənlə ağlamağımız, qışqırmağımız, nənəmin ayaqlarına düşüb üzr istəməyimiz uşaq qəlbi üçün dəhşətli sınaq idi. Anamdan imdad diləsək də, yazıq qorxusundan bir kənara çəkilib göz yaşı tökürdü. Bizdən balaca bacı və qardaşım qorxudan anama sığınmışdılar. Səs-küyə qonşu Buxara xala gəldi. O, məsələdən hali olub nənəmə yalvarır, bizə imdad diləyirdi. Lakin cəllad qədər qəddar nənəm sözündən dönmürdü ki, dönmürdü. Biz hamamda dəstəmaz alıb, qüsul verdik. Sonra, evin ortasında dayanaraq əllərimizi açıb kəlməşəhadəti oxuduq. Nənəm amansızcasına hər ikimizin qollarını kəndirlə bağladı. Ayaq üstə ölmüşdük. Rəngimiz ağarmış, bədənimiz buzlaşmış halda başımızı tasa qoyduq. Özümüzü cəhənnəmin astanasında görürdük. Təsadüf, ya nə idisə, tas da, bıçaq da qan rəngində idi. Nənəm əlinə iri bıçağı alıb yəqin ki, küt tərəfdən hər ikimizin boynuna sürtdü və sərt səslə dedi:
Dayanın, ağlamayın, kəsin səsinizi! Allahdan mənə səda gəldi ki, sizi bu dəfə bağışlayım. Əgər bir də oğurluq etsəniz, onda....
İkimiz də çoxdan ölmüşdük. Mən bayılmış halda, gözüyaşlı anamın ayaqlarına tərəf süründüm...
O ağrılı hadisədən hamıdan çox mən həyəcan keçirmişdim. Sonra bizi çıldağa aparmalı olmuşdular. Böyüklər uşaqlara bu əhvalatı danışanda isə, kiçiklər halımıza acıyar, nənəmizin qəddarlığına eləcə baş yelləyərdilər.
İndi bu yağışlı gündə hardan yadıma düşmüşdü bu hadisə?!
Heç özüm də bilmirəm. İllər adlayıb, zaman keçsə də, ibratəmiz nənə tənbehi hafizəmdə dərin iz salmışdı...
Təranə Fazilqızı