Oktyabr ayının 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Ədalət Əsgəroğlunun anım günü keçirilib.

 

    Tədbiri giriş sözü ilə açan xalq şairi Fikrət Qoca Ədalət Əsgəroğlu haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Dünya gəlimli gedimlidir. Əgər  yaşayanlar məcburi yox, özləri qələm dostlarını xatırlayırsa, deməli o insanın şəxsiyyətinə hörmət edirlər. Ədalət Əsgəroğlu hər zaman yaradıcılığı, şəxsiyyəti ilə xatırlanacaq insanlardandır”.

    İlqar Fərmi çıxışında Ədalət Əsgəroğlunun gənclərə qayğısından söz açıb: “Bİz gənclər Ədalət Əsgəroğlunun timsalında özümüzə dost tapdıq. Onda qəribə bir canıyananlıq, böyüklük hissi var idi. Biz onu özümüzə arxa, dayaq bilirdik. Ədalət Əsgəroğlu insanlara can yandırmaqda örnək olmalıdır.  Əfsus ki, onun dünyadan köçən vaxtı deyildi”.  

    “Ədalət Əsgəroğlu yoxdur?” başlıqlı yazının müəllifi şair Xəyal Rza çıxışında Ədalət Əsgəroğlunu Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin qurucusu kimi xidmətlərini yada salıb, xatırlayıb: “Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti hər zaman onun adı ilə anılacaq. O, hamı üçün dəyərli insan, gözəl şair idi. Ədalət Əsgəroğlu mütəmadi işləyirdi, yeniliklər axtarırdı. Onsuz keçən bir ilimiz çox çətin idi. Onun yeri bütün dostlar üçün hər zaman yada düşür, anılır”. 

    “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Ədalət Əsgəroğlu ilə bağlı səfər təəssüratlarını bölüşüb. Şairin öz yaradıcılığına son dərəcə sevgi ilə yanaşdığını yada salıb.

    “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə mərhum şairin yaradıcılığından söz açıb: “Şeirlərindən Ədalətin peşəkar şair olduğunu görmüşəm. Onun şeirlərində bir pafos, enerji, yanğı var idi. O, böyük-kiçik yerini bilən bir insan idi. Ədalət haqqında xatirələrim, təsəvvürlərim çox işıqlıdır”.

    “Ədalət Əisgəroğlunun poeziyası onun xisləti, xasiyyəti ilə üst-üstə düşürdü” – fikirlərini səsləndirən Oqtay Rza Ədalət Əsgəroğluna həsr etdiyi şeirini oxuyub.

    Xatirə gecəsində Rauf Aslanov, Dayandur Sevgin, Fərqanə Mehdiyeva, Şəmsi Vəfadar, Qəşəm Nəcəfzadə və başqaları çıxış edərək Ədalət Əsgəroğlu ilə bağlı xatirələrini dilə gətiriblər,  şairin işıqlı simasının, yaradıcılığının heç zaman unudulmayacağını söyləyiblər.

AYB.az
Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə