AYB.az saytı xəbər verir ki, dekabr ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının imza günü keçirilib.

 

    “Göz muncuğu” kitabı Azərbaycan Yazıçılar Birliyinin AYBKİTAB layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rza, kitabın redaktoru və ön sözün müəllifi Pərvindir.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qonaqları salamladıqdan sonra “Göz muncuğu” povesti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Azərbaycanda imza günlərinin ilk təşəbbüskarı Anardır. İmza günü müəlliflə oxucu arasında təmas deməkdir. Anar müəllimin qələmə aldığı “Göz muncuğu” povesti ağır əsər olmasına baxmayaraq su kimi oxunur. Povestdə oxucunu düşündürən çoxlu suallar vardır”.

    Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza çıxışında AYBKİTAB layihəsi haqqında məlumat verib: “Bu layihəni həyata keçirməkdə məqsədimiz kitabı təbliğ etmək, kitaba oxucu marağını artırmaqdır”.

    Tədbirdə çıxış edən Pərvin xalq yazıçısı Anarın yaradıcılığı, yeni kitabı haqqında düşüncələrini söyləyib: “Yazıçının “Göz muncuğu” povestinin əlyazmasını oxuduqca Anar qələmini, üslubunu hər an, hər cümlədə hiss edirdim. Əsər həm yenidi, müasirdi, bu günün nəsridi, mövzusu orijinaldı, amma həm də Anar yaradıcılığının davamıdı, parçasıdı, ona məxsusdu. Yazıçı bu əsərində də özünə sadiqdi”.

    Millət vəkili, yazıçı Hüseynbala Mirələmov çıxışında “Goz muncuğu” povestini Azərbaycan ədəbiyyatının, Anar nəsrinin qələbəsi kimi səciyyələndirib.

    Filologiya elmləri doktoru, professor Himalay Qasımov xalq yazıçısı Anarın “Göz muncuğu”  povestində nəzəri düşüncə ilə bədii düşüncəni bir araya gətirdiyini qeyd edib.

    Təqdimat mərasimində Tofiq Məlikli, Mövlud Süleymanlı, Əsəd Cahangir, Cavanşir Yusifli çıxış edərək “Goz muncuğu” povesti haqqında fikir və mülahizələrini bölüşüblər, povesti müasir Azərbaycan ədəbiyyatına töhfə kimi dəyərləndiriblər,  onun müasir həyatımızda gənclərin milli təfəkkürünün formalaşmasındakı rolundan bəhs ediblər.

    Mərasimdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin  çoxsaylı tələbələri “Göz muncuğu” kitabını maraqla oxuduqlarını və bu ünsiyyətdən böyük zövq aldıqlarını söyləyiblər. Tələbələrin suallarını həvəslə cavablandıran xalq yazıçısı Anar oxucularla görüşdən çox məmnun qaldığını bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib.

 

AYB.az

Məlahət Qənbərova   

   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə