AYB.az saytı xəbər verir ki, yanvar ayının 19-da Azərbaycan Yazıçılar Birliyində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar 20 Yanvar hadisələrini xalqımızın tarixində, taleyində ən faciəli günlərdən biri kimi xatırlayıb: “Yanvar ayının 19 gecədən başlayaraq sovet qoşunları heç bir xəbərdarlıq etmədən  Bakıya daxil oldu. O qanlı hadisədən 25 il keçməsinə baxmayaraq yaralar hələ də qövr edir. O faciəli günlərdə şairlər, yazıçılar – Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Xəlil Rza Ulutürk, Məmməd Aslan, Abbas Abdulla və başqaları fəal şəkildə haqq səsimizi dünyaya çatdırmağa çalışıblar”.

    Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca 20 Yanvar hadisəsinin matəm günü olaraq anılmasından, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoymasından, tariximizdə yeni bir səhifənin başlanğıcı olmasından söz açıb: “ Bu gün Bakının başı üstündə şəhidlərimizin yeri var”.

    Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov çıxışında xalqımızın mərd övladları ilə həmişə qürur duyacağını, 20 Yanvar faciəsinin gənclərin yaddaşında həmişə qalacağını söyləyib.

    Bədii Tərcümə və Ədəbi Əlaqələr  Mərkəzinin rəhbəri Səlim Babullaoğlu iyirmi beş il bundan əvvəl baş verən hadisələri xatırlayıb, azadlıq uğrunda mücadilə aparan şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıb.

    “Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəri Qəşəm Nəcəfzafə çıxışında qeyd edib ki, iyirmi beş il əvvəl baş vermiş hadisəni şair və yazıçılarımız öz əsərlərində bədii boyalarla əks etdiriblər: “Bədii söz qədər tarixi heç nə canlandırmır” .

    Şair Oqtay Rza 20 Yanvar hadisələrini xatırlayıb, qanlı yanvar gecəsində milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulmasından, günahsız insanların qətlə yetirilməsindən danışıb, şəhidlərə ithaf etdiyi şeirini oxuyub

 

AYB.az

Məlahət Qənbərova



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə