AYB.az saytı xəbər verir ki, fevral ayının 5-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə “Azərbaycan-Ukrayna Ədəbi Görüşləri” çərçivəsində Azərbaycana təşrif buyuran nümayəndə heyəti ilə görüş keçirilib.

 

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Vsesvit” jurnalı ilə əməkdaşlığı çərçivəsində “Vsesvit” jurnalının bir sayının bütünlüklə Azərbaycan ədəbiyyatına, Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin bir sayının Ukrayna ədəbiyyatına həsr olunduğunu qeyd edib, tədbiri aparmaq üçün sözü Mərkəzin rəhbəri Səlim Babullaoğluna verib.

    Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri “Azərbaycan-Ukrayna Ədəbi Görüşləri” layihəsi haqqında iştirakçılara məlumat verib: “ Vsesvit” jurnalının bir sayı bütünlüklə Azərbaycan ədəbiyyatına,  Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin bir sayı isə Ukrayna ədəbiyyatına həsr olunub. “Vsesvit”də 3 bölmədə – proza, poeziya və ədəbiyyatşünaslıq bölməsində 62 Azərbaycan müəllifinin əsəri çap olunub. “Dünya ədəbiyyatı” dərgisində isə 30 ukraynalı müəllifin şeir, hekayə və ədəbiyyatşünaslıq yazıları dərc olunub. “Vsesvit” jurnalının hazırlanmasında maliyyə dəstəyi Kiyev Beynəlxalq Kadrlar Akademiyasının professoru – mesenat Möhlət Hüseynov tərəfindən göstərilmişdir. Eyni zamanda jurnalın hazırlanmasında Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi də iştirak etmişdir. “Dünya ədəbiyyatı” dərgisinin hazırlanmasına isə Ukrayna Ali Radasının deputatı Sergey Taruta dəstək vermişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə yanvarın 14-17-si tarixləri arasında Kiyev şəhərində Ukrayna XİN-nin Diplomatik Akademiyasında və Taras Şevçenko Milli Muzeyində hər iki jurnalın təqdimatı keçirilmiş, Azərbaycan ədəbiyyatçılarından ibarət nümayəndə heyətinin tədbirlərdə iştirakı təmin edilmişdir. Tədbirlərin keçirilməsində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, şəxsən səfir Eynulla Mədətli yaxından iştirak etmişdir”.

    Görüşdə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko, yazıçı, Ukrayna Ali Radasının deputatı Mariya Matios, “Vsesvit” jurnalının baş redaktoru Dmitro Drozdovski, Taras Şevçenko Milli Muzeyinin direktoru Dmitro Stus, Ukrayna Yazıçılar Birliyinin katibi Lesya Mudrak, Ukrayna Ali Radasının deputatı Sergey Taruta, Kiyev Beynəlxalq Kadrlar Akademiyasının professoru Möhlət Hüseynov, Azərbaycan Yazıçılar Birliyi sərdinin müavini Nazim İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi,  Milli Məclisin deputatları – Elmira Axundova, Jalə Əliyeva, Hüseynbala Mirələmov, “Azərbaycan” dərgisinin baş redaktoru İntiqam Qasımzadə, yazıçı Günel Anarqızı, Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza və başqa ziyalılar iştirak ediblər.

    Görüşdə çıxış edənlər Ukraynanın slavyan xalqlarının həyatında, mədəniyyətində, ədəbiyyatındakı rolundan danışıblar,  Azərbaycan-Ukrayna mədəni, ədəbi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

    Sonda görüş iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

 

AYB.az

Məlahət Qənbərova

      

      

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə