Fevralın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə  universitetdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.



Görüşdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə-gəncləri iştirak edib. Universitetin mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, görüşü ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov açıb. O bildirib ki, bu, Pedaqoji Universitetdə Çingiz Abdullayevlə keçirilən sayca ikinci görüşdür. ADPU-da Ç.Abdullayevlə belə bir görüş ilk dəfə 2012-ci ilin mart ayında olub. Y.Məmmədov bütün dünyada tanınan Ç.Abdullayevi səmərəli və məhsuldar fəaliyyət göstərən qələm sahibi kimi səciyyələndirib. Y.Məmmədov çıxışında məşhur yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Xalq yazıçısı Ç.Abdullayev tələbələrlə canlı ünsiyyətin yaradılmasına görə ADPU-nun rektoru, professor Yusif Məmmədova, həmçinin universitetin professor-müəllim heyətinə və tələbə kollektivinə təşəkkürünü bildirib. O, tələbə-gənclərin çoxsaylı suallarını cavablandırıb, yaradıcılıq planları və yeni əsərləri barədə məlumat verib. Eyni zamanda Ç.Abdullayev ulu öndər Heydər Əliyevin həmişə yazıçılara, sənət adamlarına yüksək qayğı və diqqətlə yanaşdığını, eyni zamanda onları təqib və təzyiqlərdən qoruduğunu, Azərbaycan dilinə böyük önəm verdiyini xüsusi qeyd edib: "Bu qayğı və diqqəti Ulu Öndərimizin müdrik dövlətçilik kursunun layiqli davamçısı,  Prezident İlham Əliyev uğurla davam etdirir".

Qeyd edək ki, Xalq yazıçısı Ç.Abdullayevin çıxışında həm də kitaba, ədəbiyyata, yazıçı qələminə münasibət məsələsi görüşün əsas məqamlarından biri olub. Son illər ölkəmizdə mütaliə səviyyəsinin aşağı düşməsindən təəssüfləndiyini bildirən yazıçı gəncliyə müraciətlə deyib: "Dəfələrlə demişəm, yenə də deyirəm: mütləq kitab oxuyun! Klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxuyun!

Kitab oxumaq insanın dünyagörüşünün genişlənməsində, söz ehtiyatının zənginləşməsində, yüksək intellekt səviyyəsinə malik şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Mən yazıçı olmaqdan daha çox oxucuyam".

525.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə