AYB.az saytı xəbər verir ki, fevral ayının 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı, publisist Salatın Əhmədlinin “Başdaşı əhvalatı” kitabının təqdimat mərasimi keçirilib.

 

    “B-Print” nəşriyyatında çap olunan “Başdaşı əhvalatı” kitabı rus və ingilis dillərində də oxucuların ixtiyarına verilib. Kitabda toplanan hekayələrdə əsas mövzu ermənilərin xalqımızın Qarabağda, xüsusilə Xocalıda, ətraf rayonlarda başına gətirdikləri faciələrdir.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılıar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev qonaqları salamladıqdan sonra Salatın Əhmədlinin yaradıcılığı,  “Başdaşı əhvalatı” kitabı haqqında fikirlərini iştirakçılar ilə bölüşüb: “Salatın xanımın “Başdaşı əhvalatı” kitabının rus və ingilis dillərinə tərcümə olunmasını təqdirəlayiq hal hesab edirəm. İnanıram ki, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında bu kitabların böyük rolu olacaq”.

    Tədbirin aparıcısı şair, ədəbiyyatşünas Gülxani Pənah çıxışında  Salatın Əhmədlinin “Başdaşı əhvalatı” kitabı vasitəsi ilə Qarabağda, Bakıda, Azərbaycanın işğal olunmuş ərazilərində erməni faşistlərinin törətdikləri qatı cinayətləri dünyaya bəyan etdiyini söyləyib: “Ermənistan hər vəchlə yalançı informasiyalarla dünyanın başını qatmaq niyyətində olsa da, düşmənin iç üzünün açılmasında Salatın Əhmədlinin “Başdaşı əhvalatı” kimi yüzlərlə real, tarixi məxəzlərə söykənərək yazılan kitablar mühüm rol oynayır”.

    Təqdimat mərasimində çıxış edənlər – AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Zahid Xəlil, Nadir Məmmədli, şairlərdən Əli Rza Xələfli, Oqtay Rza, Ənvər Əhməd, Fəridə Hacıyeva, Telli Pənahqızı, Fəridə Ləman, Hafiz Rüstəm və başqaları çıxışlarında “Başdaşı əhvalatı” kitabının Xocalı soyqırımının günahkarlarının layiqli cəzasını alması üçün rolundan bəhs ediblər, kitabda toplanan əsərlərin zamanında yazılan, Xocalı faciəsinin dünya xalqlarına çatdırılması sahəsində ictimai-siyasi əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.

    Təqdimat mərasiminin sonunda çıxış edən Salatın Əhmədli tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə