AYB.az xəbər verir ki, aprel ayının 30-da Azərbyacan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan və Belrarus Yazıçılar Birliyinin üzvü, görkəmli şair, tərcüməçi Çingiz Əlioğlunun aybKitab layihəsi çərçivəsində çap edilmiş “Qonşunun iti” adlı şeirlər kitabının imza günü keçirilib.

Tədbirdə görkəmli qələm adamları, xalq yazıçıları, xalq şairləri, millət vəkilləri,  Belarusun Azərbaycandakı səfiri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra Çingiz Əlioğlunun yaradıcılığı, Azərbaycan ədəbiyyatı üçün gördüyü işlərdən danışıb. Sonra söz Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviçə verilib. Səfir hər kəsi salamladıqdan, Çingiz Əlioğlu haqqında fikirlərini bölüşdükdən sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun 16 ferval 2015-ci il tarixində imzaladığı Çingiz Əlioğlunun Firensis Skorino dövlət mükafatına layiq görülməsi haqqında fərmanı oxuyub. Fərmanda Çingiz Əlioğlunun bu mükafata Belarus-Azərbaycan ədəbi əlaqələrindəki xidmətlərinə görə layiq görüldüyü bildirilir. Fərman və döş nişanı Çingiz Əlioğluna təqdim edildikdən sonra səfir Nikolay Pastkeviç bildirdi ki, Ədəbiyyata verdiyi böyük töhvələrinə görə Çingiz Əlioğlu Belarus Yazıçılar Birliyinin mükafatına da layiq görülüb. Səfir Belarus Yazıçılar Birliyinin layiq gördüyü ikinci mükafatı da təqdim edib. Daha sonra tədbirin aparıçılığı AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərova həvalə edilib. Tədbirdə xalq şairi Sabir Rüstəmxanlı, Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Seyran Səxavət, yazıçı Natiq Rəsulzadə, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, xalq artisti Oqtay Mirqasımov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, şair Oqtay Rza, Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov və başqa tanınmış insanlar iştirak ediblər. Tədbirdə iştirak edən qonaqlar çıxış edərək Çingiz Əlioğlunu layiq görüldüyü yüksək mükafat və yeni kitabı münasibətilə təbrik ediblər. Tədbirin sonunda Çingiz Əlioğlu Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə,  aybKitab layihəsinin rəhbəri Xəyal Rzaya, tədbir iştirakçılarına minnətdarlığını bildirib və kitabını imzalayarq oxuculara təqdim edib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə