May ayının 19-da Azərbaycan Yazıçılar  Birliyində Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondu tərəfindən təsis edilmiş Rəsul Rza Beynəlxalq mükafatı təqdim olunub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin I katibi, Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun sədri, Xalq şairi Fikrət Qoca tədbir iştirakçılarını salamladıqdan sonra XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - Xalq şairi Rəsul Rzanın yaradıcılığı haqqında danışıb. Sonra o, Rəsul Rza Beynəlxalq mükafatı ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra mükafat alan şəxslər elan olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru Buludxan Xəlilova, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babulloğluna, şair, jurnalist Zərəngiz Dəmirçi Qayalıya, şair İnqilab İsaqa, gənc yazıçı Şahanə Şükürə və şair Qədiməli Əhmədə Rəsul Rza Beynəlxalq mükafatı təqdim edilib. Mükafat alan ədiblər öz sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər və bu mükafata layiq görüldükləri üçün Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fonduna, Fondun sədri, Xalq şairi Fikrət Qocaya, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara öz minnətdarlıqlarını bildiriblər. Rəsul Rzanın yaradıcılığından söz açan mükafatçılar görkəmli şairin şeirlərini səsləndiriblər.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mükafat alan ədibləri təbrik edib: “Hər birinizi təbrik edirəm, öz adımdan, ailəmizin adından Rəsul Rza yaradıcılığına göstərdiyiniz diqqət üçün minnətdarlığımı bildirirəm”.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə