Gənc yazıçı Pərvin Nurəliyevanın “Təhsil” nəşriyyatında çapdan çıxmış “Anar dünyası” kitabının M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan təqdimatında müxtəlif elmi-ədəbi mülahizələr, kitab haqqında fikirlər səsləndirilib.

 

AYB.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirli müasir ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən olan Xalq Yazıçısı Anara həsr olunmuş kitabı tədqiqat əsəri kimi yüksək dəyərləndirib. Gənc yazıçının geniş dünyagörüşə və güclü müşahidə qabiliyyətinə, dərin düşüncə tərzinə malik olduğunu söyləyib. Nəsillərin bir-birini əvəz etməsi, ədəbiyyatımızda gənclərə qayğı göstərilməsi, qədirşünas gənclərin ədəbi mühitə gəlməsinin xoşagələn hal olduğunu deyib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli “Anar dünyası” kitabını yazıçının ömür və yaradıcılıq faktları fonunda bütöv bir epoxanın təhlili və təsviri adlandırıb. Bildirib ki, Pərvin Nurəliyeva Anarın həyat və yaradıcılığı barədə yazdığı kitaba Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı haqqında yazılarını da daxil edib və bunu elmi şəkildə əsaslandırıb. Kitabda verilmiş məntiqi ardıcıllığa əsasən Anarı Azərbaycan ədəbiyyatına və mədəniyyətinə böyük töhfələr vermiş həmin üç sənətkardan kənar təsəvvür etməyin çətin olduğunu söyləyib.

Tədbirdə filologiya elmlər doktoru Qəzənfər Paşayev, “Ön söz”ün müəllifi Vaqif Yusifli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları kitabın yüksək məziyyətindən biri kimi Anarın yaradıcılığının zaman və yaşadığı mühitlə vəhdətdə təhlil olunduğunu qeyd ediblər.

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli, AYB-nin katibi Rəşad Məcid və digər çıxış edənlər kitabın Anarın oxucuları üçün, bədii sözə marağı olanlar üçün eləcə də elm adamları, filosof və ədəbiyyatşünaslar üçün də əhəmiyyətli olduğunu söyləyiblər.

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri yazıçı Anarla və kitabın müəllifi ilə fikir mübadiləsi aparıb, tədbir diskussiya şəklində davam edib.

Sonda P.Nurəliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə