Son xəbərlər

 

 Yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı, dramaturq İlqar Fəhminin çoxcildliyinin ilk dörd kitabının imza günü keçirilib. “Bu gündən dünənə”, “Nostalji”, “Sən kimsən, Səfəvi?”, “Son reportaj - bu kitabların hər biri müxtəlif janrda yazılmış bədii nümunələrdir.

 

         Tədbiri əməkdar jurnalist Qulu Ağsəs açaraq müəllifin təqdimatı keçirilən kitablarından söz açıb: “İlqarın bu yaxınlarda 40 yaşı tamam oldu. Bu qırx ildə çox kitablar yazılıb. Ancaq bu gün onun sadəcə dörd kitabının təqdimatıdır… Mənim fikrimcə iki təbəqə var. Elitar təbəqə, bir də kütlə. İlqar elitar yazıçıdır. Ancaq bununla yanaşı asanlıqla kütlələşir. Yəni, o, həm ciddi ədbiyyatçıdır, həm də oxunur və sevilir”. Sonra söz Azərbaycan Yazıçılar Birliyinin I katibi, xalq şairi Fikrət Qocaya verilib. Xalq şairi müasir ədəbiyyat və İlqar Fəhminin yaradıcılıq fəaliyyəti haqqında danışıb: “Yazmaq üçün vaxt da, məkan da bəhanə sayıla bilməz... bunu yaza bilməyənlər deyir həmişə... Yazıçının, şairin zamana və məkana ehtiyacı yoxdur. Ona bir qələm lazımdı, bir də vərəq. İlqar Fəhmi olduqca yaradıcı insandı. Həm işinin öhdəsindən layiqincə gəlməyi bacarır, həm də işinin çoxluğuna baxmayaraq yaradıcılıq fəaliyyətini axsatmır”.

         Yazıçı, dramaturq Əli Əmirli müəllifin dramaturgiyasını əsərlərinin xüsusi xarakteristikası kimi təhlil etdi: “Hələ “Aktrisa”, “Akvarium” əsərlərini oxuyanda gördüm ki, bu müəllif teatrı yaxşı bilir və ona bələddir. Onda müasirliklə şərq təfəkkürü gözəl uzlaşır. Onun qəzəllərində uğur qazanmasının başlıca səbəblərindən biri, məncə, budur. Mən onun səhnə əsərləriylə tanışlıqdan sonra  düşündüm ki, 40 yaşına qədərki dramaturqlar içərisində ən uğurlusu odur. Dram əsərləri əgər səhnədə müvəffəq ola bilmirsə, mətn olaraq qalır və ciddi hadisəyə çevrilmir. İlqar Fəhminin dörd-beş əsəri var ki, səhnədə uğur qaznıb... Onun yazılarında bir virtuoz yanaşma var. Yazıçının əgər deməyə sözü varsa, ən çətin şəraitdə də sözünü deyəcək. İlqar Fəhminin 40 yaşında 14 kitabı nəşr olunub. Bunun özü elə onun zəhmətkeş, çalışqan biri olduğunu göstərir”.

         Tənqidçi Vaqif Yusifli çıxışı zamanı müəllifin ümumi yaradıcılıq yoluna nəzər yetirib və polifonikliyin, janr müxtəlifliyin onun üçün uyğun olduğunu vurğulayıb: “Mən 2002-ci ildə onun haqqında “Köhnənin təzəsi” adlı yazımla çıxış elədim. Hələ o günlərdən istedadı, bacarığı onun üçün çox şey vəd edirdi. Bunu qeyd etməliyəm ki, onun əsərlərində güclü şərq təfəkkürü var. Bunu onun romanlarında xüsusilə hiss etmək olar. “Qarğa yuvası”, “Kölgədə əqrəb” romanları Azərbaycan ədəbiyyatının postmodernist nümunələrindəndir. İlqar Fəhmidə həmçinin qəzəllər də yaxşı alınır. Vahiddən sonra qəzəl yazanların sayı nisbətən azalsa da sönmədi. Qəzəl janrının davamçılarından biri də İlqar Fəhmidir. Onun qəzəllərində ərəb-fars kəlmələri çox azdır. Bu da onu oxunaqlı edir, oxucu auditoriyasını zənginləşdirir. Mən istərdim ki, o, müasir problemlərdən, mövzulardan daha çox yazsın. Çünki o, bunu yaxşı bacarır”.

         Tənqidçi Əsəd Cahngir müəllifin esseistikası və qəzəllərindən söhbət açıb: “İlqar Fəhmi bu savadla, istedadla daha sosial, tale yüklü, ictimai-siyasi mövzuları bir müəllif kimi öz üzərinə götürməlidir. “Sən kimsən, Səfəvi?” kitabını son zamanların ən uğurlu esseistikası hesab edirəm. Həm intellektual, həm də ciddi fəlsəfi-psixolji məqamları nəzərə alsaq, bunu rahatlıqla söyləyə bilərəm... Onun yaradıcılığı zəngindir. Müraciət etdiyi janrların hər birində uğurludur. İlqarın qəzəlləri xüsusilə sevilir. Onlarda ərəb-fars sözləri, izafi tərkiblər demək olar yoxdur. Ancaq qəzəllərinin uğurlu alınmasında ən əsas səbəb onlarda olan yumordur. Nəsrində isə o, şərq və qərb ədəbiyyatını birləşdirə bilir. İlqar postmodern yazıçıdır. Ancaq mən düşünürəm ki, o, öz ağlı və məntiqiylə nə qədər qərbli olsa da, öz qəlbiylə şərqli olaraq qalır”.

Çıxış edən digər iştirakçılar da İlqar Fəhminin yaradıcılığı haqqında fikirlərni bölüşüblər və müəllifi yeni kitabları münasibətilə təbrik ediblər.

Sonda müəllif təqdimat iştirakçılarına minnətdarlığını bildirib.

 
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə