Son xəbərlər

 

Bədii Tərcümə Mərkəzi növbəti Əməkdaşlıq Memorandumu imzaladı

 Səlim Babullaoğlu AYB.az saytına verdiyi eksklüziv açıqlamada bildirib ki,  Varşava Universiteti ilə  yeni əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, Polşa tərəfdən isə  Varşava Universiteti Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası Əlaqələr Kafedrasının dosenti Andrey Moskvin imzalayıblar.
“Müasir Azərbaycan dramaturgiyası kiçik antologiyası”nın polyak dilinə tərcüməsini və nəşrini təşkil etmək üçün əsas olacaq bu sənədə görə tərəflər antologiya üçün  müəlliflərin, mətnlərin, mövzuların seçimini bir-biri ilə razılaşdırırlar  və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi  tərcümə və nəşr işinin maliyyələşdirilməsini qismən öz üzərinə götürür. Eyni zamanda Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası  Əlaqələr kafedrası tərəflərin razılaşdırdığı mətnlərin peşəkar tərcüməsinə və nəşrinə, habelə antoloigiyanın Polşanın, xüsusən də Varşavanın lazımi teatr və kitabxanalarına gedib çatmasına zəmanət verir.

“Andrey Moskvin peşəkar ədəbiyyatçı, fililogiya elmləri doktorudur. Tanınmış teatr tənqidçisi və tərcüməçidir. Varşava Universiteti Mərkəzi və Şərqi Avropa Mədəniyyətlərarası Əlaqələr Kafedrasının dosentidir. Polyak dilində Belorus və Ukrayna antologiyalarını da məhz o hazırlayıb. Düşünürəm ki, bizim əməkdaşlığımız uğurlu olacaq...”-  bunları söyləyən Səlim Babullaoğlu həmçinin onu da qeyd edib ki, Polşa vacib ölkədir. Hər baxımdan, əgər biz Şərqə qapıyıqsa, Polşa da Qərbə qapıdır. Özü də Polşanın dünyadakı siyasi çəkisi getdikcə artmaqdadır. Bizim xalqlarımızın və dövlətlərimizin taleyində oxşar və kəsişən məqamlar çoxdur. Polyak ədəbiyyatı və polyak dili vacib dildir, qərb intellektuallarının bir gözü həmişə Polşada olub, bu gün də belədir. Polşa həm kino və teatr ölkəsidir. Biz onların təcrübəsindən öyrənə biləcəyimiz şeylər çoxdur. Bizim ədəbiyyatın, o cümlədən teatrımızın orda tanıdılması olduqca əhəmiyyətlidir.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə