Son xəbərlər

 

 Yanvarın 29-da görkəmli alim, tənqidçi, ədəbiyyatşünas, əməkdar elm xadimi Araz Dadaşzadənin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Öncə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi II Fəxri Xiyabanda görkəmli alimin məzarını ziyarət edib. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təşkil olunmuş yubiley tədbirində tanınmış qələm adamları, alimlər, ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Araz Dadaşzadə ilə bağlı xatirələrini bölüşüb: “Dünən Vaqif Səmədoğlunun məzarını ziyarət etdik, bu gün isə Araz Dadaşzadənin ziyarətinə getdik... mən hər dəfə Fəxri Xiyabanda olanda çox kədərlənirəm. Çünki dostlarımın demək olar ki, çoxu ordadır. Burda olanlar azdır. Bəlkə də uzunömürlü olmağın ən sıxıntılı tərəfi elə budur. Araz Dadaşzadə ən işıqlı simalardan biri idi. Böyük alim idi, ədəbiyyatşünas idi. Araz hansı sahədə çalışdısa, namusla, vicdanla, peşəkarlıqla çalışdı. Onun cavan yaşında dünyadan köçməsinin bəlkə də ən əsas səbəblərindən biri 20 yanvar faciəsi oldu. Bu faciə ona çox təsir eləmişdi. Elə həmin il də Arazı itirdik. Onun xatirəsi bizim üçün hər zaman əziz olacaq”. Sonra söz Azərbaycan Yazıçılar Birliyinin I katibi, xalq şairi Fikrət Qocaya verilib. Fikrət Qoca çıxışında Araz Dadaşzadəni mükəmməl dost, əsl ziyalı adlandırıb: “Araz undulmayan insanlardan, unudulmayan dostlardandır. Danışığı, zarafatları, dostluğa sadiqliyi ilə seçilən, olduqca ölçülü-biçili adam idi”. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə çıxışına Fikrət Qocanın Araz Dadaşzadəyə yazdığı şeiri oxumaqla başlayıb. İntiqam Qasımzadə çıxışında Araz Dadaşzadənin müəllifi olduğu “XVIII əsr Azərbaycan lirikası”nı mükəmməl tədqiqqat işi olduğunu vurğulayıb: “Kim oxumayıbsa, bu kitabı oxumasını tövsiyyə edirəm. Əziz Şərif bu kitab haqqında demişdi ki, XVIII əsr Azərbaycan lirikası çoxları tədqiq edib və bundan sonra da edəcəklər. Ancaq heç biri Araz Dadaşzadənin tədqiqatı kimi mükəmməl olmayacaq”. Daha sonra çıxış edən Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin əməkdaşı professor Şaiq İbrahimov, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, professor Asif Rüstəmli də görkəmli alim Araz Dadaşzadənin elmi fəailiyyəti, həyat və yaradıcılığı haqqında yüksək fikirlərini bölüşüblər. Sonda Araz Dadaşzadənin qızı professor Zümrüd Dadaşzadə atasına göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə