Son xəbərlər

 


 Fevralın 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

         Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairlə bağlı düşüncələrini bölüşüb: “Nəriman bizim çox böyük şairimiz, dramaturqumuz və ziyalımızdır. Onun bir çox şeirləri, nəğmələri dillər əzbəridir. Mənim, əslində, şeirlər o qədər də yaddaşımda qalmır, ancaq Nərimanın bəzi misraları xatirimdədir. Onun artıq bir düstur şəklini almış “Bir insan ömrünü girov qoymuşam, bir şair ömrünü yaşamaq üçün” misraları unudulmazdır”.

         AYB-nin birinci katibi, Xalq şairi Fikrət qoca çıxış edərək şairin poeziyasından söz açıb: “Onun şeiri çox səlis, təmiz və təravətli Azərbaycan dilindədir. Şeirlərinin sadəliyi, səmimiliyi, poetik axını N.Həsənzadənin tanınan nəfəsini, səsini, misralarını yaradıb”.

         Tənqidçi, ədəbiyyatşünas Tofiq Məlikli şairin şəxsiyyətindən, şeirlərindəki ülvi ideyalardan danışıb: “Nəriman örnək bir insandır. O, çox təmkinli, düşüncəli bir şairdir. Bu qədər səmimi, eşqinə, keçmişinə bağlı bir insanın qəlbindəki müdrik, gözəl duyğular onun poeziyasına da təsir edib. N. Həsənzadə Azərbaycanın XX əsrdə yetişdirdiyi ən gözəl şairlərdən biridir”.

         Teatrşünas İlham Rəhimov şairin dramaturgiyasından söhbət açıb: “Azərbaycan dramaturgiyasının ilk nümunələri də tariximizlə, keçmişimizlə bağlı olub. Bu anlamda N.Həsənzadənin “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” əsərlərindəki tarixi məzmun ədəbi ənənəmizi yada salır. Tarixi əsərlər tamaşaya qoyularkən həmin dövrün davranış qaydalarını, sosial həyat tərzini bütün reallığı ilə oynamaq aktyorlara çətin olur. N.Həsənzadə bu mənada bir müəllif kimi səhnənin son imkanlarını da nəzərə alıb və əsərlərində tarixi yaşam biçimini, həyat tərzini elmi şəkildə, etnoqrafik tərəflərini işləyərək şərh edib”.

         Tədbirdə yazıçı Çingiz Abdullayev, filologiya elmləri doktoru Şirindil Alışanlı, akademik Teymur Bünyadov, şair Seyran Səxavət, professor Nizaməddin Şəmsizadə, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və başqaları çıxış edib. Onlar şairin poeziyasından, ictimai fəaliyyətindən danışıb, haqqında xatirə və təssüratlarını paylaşıblar. Sonda yubilyar çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə