Son xəbərlər

 


«Bu doğma ellərdə axtararsınız»

O, nəğmələrinin birində özünə «Beş-altı nəğmənin müəllifi» - deyirdi. Əslində XX əsr Azərbaycan poeziyasının ən nəhəng nümayəndələrindən biri idi. Yüzlərlə kitabın, on minlərlə şerin, poemanın müəllifi Süleyman Rüstəm zamanın sınağından alnı-açıq, üzü-ağ çıxdı.

Bu gün onun sözləriən yazılmış mahnıları sadalamaqla qurtarmaq olmaz. Mahnıya çevrilmiş bu şeirlərin hər birində sevən ürək, vətən məhəbbəti, incə yumor diqqəti çəkir, insanda nikbin əhval-ruhiyyə yaradır. Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət mükafatı laureatı Süleyman Rüstəmin ən böyük mükafatı isə oxucu sev\gisi idi.

Bu gün (martın 12-i) görkəmli şairin anadan olmasının 110 illiyi tamam olur. Bu münasibətlə dünən onun qohumları, qələm dostları, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi görkəmli şairin Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər. AYB-in sədri, xalq yazıçısı Anar ədibin məzarı başında çıxış edərək, onun xidmətlərini yada salmışdır.

Şairin 110 illik yubileyi münasibətilə tədbir Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda davam etdirilmişdir. Buradakı məclisi Birliyin sədri, xalq yazıçısı Anar açaraq Süleyman Rüstəmin ədəbiyyatımızın inkişafındakı əməyini yüksək dəyərləndirmiş bir şair kimi ümümxalq sevgisi qazanmasını dilə gətirmişdir. Məclisdə xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, AYB-nin sədr müavini Nazim İbrahimov, ədəbiyyatşünas Vaqif Yusifli, «Azərbaycan» jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Oqtay Rza, «Ədəbiyyat qəzeti»nin məsul katibi Atababa İsmayıloğlu və b. çıxış edərək görkəmli ədib haqqında ürək sözlərini demiş, xatirələrini bölüşmüşlər. Çıxışçılar Süleyman Rüstəmin böyük şair olmaqla yanaşı, dramaturq kimi də xidmətlərini qeyd etmiş, onun «Çimnaz xanım yuxudadır», «Qaçaq Nəbi» pyesləri, operetalara yazdığı librettoları yada salmışlar. Azərbaycan ədəbi dilinin formalaşmasında, cilalanmasında onun zəhməti qeyd olunmuşdu.

Bildirmişdir ki, o, Bakı İşçi Teatrında ədəbi hissə müdiri işlədiyi vaxtdan Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsinə seçilənə qədər müxtəlif vəzifələrdə çalışmış, dəfələrlə deputat seçilmişdir. Bu vəzifələrdə çalışarkın daim insanlara öz xeyirxahlığı ilə seçilmişdir. Hətta Ali Sovetin sədri işlərkən ölüm hökümünə məruz qalmış bir insanın həyatını qurtarmağa belə müvəffəq olmuşdur. Məclisdə vurğulanmışdır ki, 30-cu illə ikinci yarısında repressiyalar tüğyan edərkən Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında direktor işləyən Süleyman Rüstəm teatrdan qovulmuş, həbs təhlükəsi gözləyən səhnə ustalarını haqsız cəzalardan qorumuş, onları  işə bərpa etdirmişdir.

Məclisin sonunda ədibin oğlu Azad Rüstəmzadə səmimi çıxışlara görə hamıya təşəkkür etmişdir.

  

A.Xiləli
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə