Son xəbərlər

 


Aprelin 15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-dramaturq Seyran Səxavətin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq yazıçının yaradıcılıq yolundan danışıb: “Bu gün yazıçı dostumuz Seyran Səxavətin ad günüdür. Gənc yaşlarında Seyran şair kimi çıxış edirdi. Sonradan bir-birindən gözəl romanlar, povestlər qələmə almağa başladı və bu onda uğurlu alındı”.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə yazıçının müdriklik yaşına qədəm qoyduğunu söyləyib: “Seyran Səxavət Azərbaycanda kifayət qədər tanınan yazıçıdır. Mənim əziz dostumun yetmiş yaşıdır və artıq o, müdriklik yaşına qədəm qoyur. Bu gündən sonra qələmi daha kəskin, daha yararlı olsun”.

Xalq şairi Nəriman Həsənzadə yubilyarın romanlarında gerçəkliyin ədəbi bacarıq və müvəffəqiyyətlə əks olunduğunu vurğulayıb: “Onun dilinin gözəlliyi danılmazdır. “Qaçhaqaç” romanında öz müasirləri, qələm yoldaşları haqda xarakterik məqamları olduqca uğurla göstərir”.

Xalq şairi Sabir Rüstəmxanlı yazıçı ilə keçən gənclik illərindən söz açıb: “Biz Seyranla tələbəlikdən tanış olmuşuq. Tələbəlikdən sonra “Ədəbiyyat və İncəsənət” qəzetində birgə işləmişik. Zaman yollarımızı ayırsa da, bəzən yaxın, bəzən uzaq olsaq da, ruhən bir- birimizdən uzaqlaşmamışıq... Seyran əvvəllər şeirlər yazırdı. Sonradan nəsri və dramaturgiyanı seçdi. Hesab edirəm o sonradan hiss etdi ki, daha ciddi dildə danışmaq lazımdır. Şeirlərinin ardınca o, gözəl romanlar yazdı. Bu romanlarda Qarabağ dilinin bütün şirinliyini, bəzən naqolaylığını, bəzən isə natarazlığını özünəməxsus bir ülubla ədəbiyyata gətirdi. Onda çox zəngin dil ehtiyatı və təsvir bacarığı var”.

Yazıçı-dramaturq Əli Əmirli  yazçının dramaturgiyası barədə fikirlərini bölüşüb: “Teatr aləminə daxil olmaq çox çətindir. Ancaq Seyran Səxavət bir ildırım sürəti ilə teatr aləminə daxil oldu. Əsərləriylə dramaturgiyada qələmini uğurla sınadı”.

Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, Elmlər Akademiyasının həqiqi üzvü Hatəm Quliyev, professor Almaz Əliqızı, həmçinin Xalq artistləri Flora Kərimova, Fuad Poladov və başqaları çıxış edərək yubilyarla bağlı xatirərələrini dilə gətirib, yaradıcılığından söhbət açıblar.

Sonda yubilyar tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

AYB.az

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə