Son xəbərlər

 

Mayın 25-də Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın türkcəyə çevrilmiş "Göz muncuğu", Rəşad Məcidin "Bir daha gəlməyəcək" və Pərvinin "Anar dünyası" kitablarının təqdimat mərasimi keçirilib.

Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu tədbiri giriş sözü ilə açaraq hər üç yazıçının yaradıcılığı, türkcə yayımlanmış əsərləri barədə danışıb: "Anarın "Göz muncuğu" əsəri onun uzun illik təcrübəsinin, həyata və dünyaya aid dərin qənaətlərinin ifadəsidir. Bu əsər məni çox təsirləndirdi. Rəşad Məcidin "Bir daha gəlməyəcək" kitabını daha öncələr nəşr etdik, amma oxuculara təqdim etməyə imkanımız olmadı. Son dərəcə maraqlı bir kitabdır. Pərvinin "Anar dünyası" kitabı isə bu günlərdə çapdan çıxıb, türk dünyasının böyük yazarı Anarın əsərlərini incələyən, onu oxuculara anladan qiymətli bir əsərdir. Bu gün Azərbaycan ədəbiyyatının üç nəslindən olan yazarları siz oxuculara təqdim etməkdə məqsədimiz ədəbiyyatlarımız arasında əlaqələri genişləndirməkdir".

Sonra Rəşad Məcid çıxış edərək Avrasiya Yazarlar Birliyinin türkdilli xalqların ədəbiyyatlarının inkişafı, tanınması, ədəbi əlaqələrin genişlənməsi üçün gördüyü işlərdən danışıb: "Artıq bir neçə ildir ki, Dərgilər simpoziumunda, Kitab sərgilərində iştirak edirik. Müxtəlif türkdilli ölkələrdən redaktor həmkarlarımla məhz bu tədbirlərdə tanış olmuşuq, işbirlikləri qurmuşuq.

Yaqub bəyin rəhbərliyi ilə Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi Mahmud Kaşğarlı hekayə yarışması xüsusən gənclərin yaradıcılığa marağının artmasına səbəb olub. Bütün bu gözəl işləri sadalamaqla bitirmək olmaz. Mən ilk növbədə bunlara görə Yaqub bəy başda olmaqla Avrasiya Yazarlar Birliyinə təşəkkür edirəm. Yaqub bəy sürprizlər etməyi, insanları sevindirməyi yaxşı bacarır. Mənim kitabımı da hörmətli tərcüməçi Seyfəddin Altaylı çevirmişdi, amma tezliklə kitab kimi nəşr olunacağını bilmirdim. Bakıda Beynəlxalq Kitab Sərgisində Yaqub bəy kitabı mənə təqdim edəndə çox sevindim. Anar müəllimin "Göz muncuğu" kitabı son illərdə yazılmış və ən çox marağa səbəb olan əsərlərdir. Anar müəllim türk dünyasına xidmət edən bir yazardır, ziyalıdır, əminəm ki, bu yeni əsərini də türk oxucuları bəyənəcəklər. Və bu yolda oxuculara Pərvinin "Anar dünyası" kitabı da yardım edəcək. Pərvin Azərbaycanın ən istedadlı gənclərindəndir, zəhmətkeşliyi, ağlı, iradəsiylə uğurlara imza atıb, bu növbəti uğuruyla onu təbrik edirəm və sizlərin hər birinizə təşəkkür edirəm".

Xalq yazıçısı Anar Türkiyəylə bağlı xatirələrindən danışıb və Azərbaycan ədəbiyyatına sayğıya görə minnətdarlığını bildirib: "Uzun illərdir, burda kitablarım yayımlanır, bura sonsuz səfərlərim olub, hər dəfə də özümü xoşbəxt hiss etmişəm. Bu gün üçqat artıq xoşbəxtəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, hər üç kitab dəyərlidir, türk oxucuları üçün maraqlı olacaq. Avrasiya Yazarlar Birliyi başçısı Yaqub bəyə içdən təşəkkürlərimi bildirirəm, dəyərli dostum, həmkarım Rəşad Məcidin bu cür nəfis, sanballı kitabını, mənim yazdığım son, yeni romanımı və haqqımda yazılan ən gözəl kitabı nəşr etdiyinə, türk

oxucularına çatdırdığına görə. Zaman keçdikcə, yaşım artdıqca dostlarımı itirirəm, amma belə gənc dostlar qazanmağımdan məmnunam".

Pərvin Türkiyədə Anar haqqında yazılmış kitablardan, məqalələrdən faydalandığını söyləyib: "Bir neçə ildir ki, Anar müəllimin yaradıcılığını araşdırıram və onun haqqında bütün əsərləri oxumuşam, türk tənqidçilərinin də əsərlərindən çox faydalanmışam. Bu illər ərzində Anar müəllim haqqında kitabımın Türkiyədə çıxacağını mən sadəcə xəyal edə bilərdim, amma sayın Yaqub bəyin, tərcüməçi Aysun xanımın və “Bengü” yayınlarının sayəsində bu xəyallarım gerçək oldu. Bu zəhmətlərinizdən dolayı hamınıza minnətdarlığımı bildirirəm".

Bir neçə il Bakıda Türkiyə Səfirliyinin Mədəniyyət müşaviri kimi çalışmış Seyid Əhməd Arslan Bakı ilə, Azərbaycan yazıçıları ilə bağlı təəssüratlarını, xatirələrini bölüşüb: "Bu gün hər biri öz nəslinin ən yaxşılarından olan üç Azərbaycan yazarı önümüzdədirlər. Üçü də türk dünyasına faydalı ziyalılardır. Azərbaycanda işlədiyim vaxtlar bir nağıl kimi qalıb yaddaşımda. Anar müəllimin qayğısı, dəstəyi hər zaman üzərimizdə olub. Rəşad bəylə, Pərvin xanımla bərabər çoxlu gözəl layihələrə imza atmışıq. Bu gün dostlarımı görməkdən məmnunam, onlara azərbaycanlıların sözüylə “Öz evinizə xoş gəlmisiniz” deyirəm".

TÜRKSOY-un Baş Katibinin müavini Fırat Purtaş, qurumun Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı,

türk tənqidçiləri, yazarları kitablar haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonra Xalq yazıçısı Anar üzərində Azərbaycanın böyük şairləri Nizami, Füzuli və Məhsəti Gəncəvinin rəsmləri əks olunmuş lövhəni Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğluna təqdim edib. Tədbirin sonunda hər üç müəllif oxucular üçün kitab imzalayıblar, xatirə şəkilləri çəkdiriblər.

Mayın 26-da isə İLESAM-ın təşkilatçılığı ilə Türk tarix qurumunda Anarın "Yaşamaq haqqı", Pərvinin "Sevdim səni" kitablarının təqdimat mərasimi baş tutub.

Tədbiri İLESAM rəhbəri Məhməd Nuri Barmaqsız açaraq Azərbaycan Yazıçılar Birliyi ilə müqavilədən danışıb: "Ötən il Azərbaycan Yazıçılar Birliyində bir razılaşma imzaladıq ki, hər il iki türk yazıçının kitabı azəricə Bakıda, iki Azərbaycan yazarının kitabı türkcə Ankarada nəşr olunsun. Mənim "Aşk və sükut" kitabım Bakıda işıq üzü gördü, oxuculara təqdim olundu, imza günü keçirildi. İndi iki yazarın kitabını sizlərə təqdim edirik. Hər iki kitabla tanışam, hər ikisi dəyərlidir. Anar ustadın əsəri türk dünyasını anlamaq, öyrənmək üçün son dərəcə vacibdir. Pərvinin isə mövzusu sevgi olduğu üçün həmişə aktualdır, maraqlıdır".

Professor Nurulla Çətin Anarın kitabı haqqında geniş məruzə edib. Bu əsərin çağdaş türk gəncliyinə faydasından danışıb: "Anarın türk dünyası qarşısında xidmətləri danılmazdır. Hələ çətin Sovetlər dönəmində o türklüyü təbliğ edirdi. Dədə Qorqud dastanının təbliğatı üçün gördüyü işlər çox böyükdür. Düşünün ki, Anar o

zaman "Türk dünyası" ifadəsini işlədə bilmirdi, onun əvəzinə "Dədə Qorqud" dünyası yazırdı və bununla türklüyü təbliğ edirdi".

Dosent Aydır Yılmaz Pərvinin kitabı haqqında geniş çıxış edərək əsərin sevginin ən müxtəlif qatlarının incəliyini söyləyib: "Mənə ən xoş gələn o oldu ki, Pərvin xanım sadəcə, öz yaşantılarını, hisslərini yazmaqla kifayətlənməyib, həm də eşqin, sevginin fəlsəfəsini anlamağa çalışıb və bunu gözəl şəkildə qələmə alıb".

Sonra Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndəsi, TÜRKSOY nümayəndələri, türk yazarlar çıxışlar edərək kitabların əhəmiyyətindən danışıblar.

Xalq yazıçısı Anar çıxışında hər iki kitabın təqdimatına görə təşəkkürlərini bildirib: "Nə mənim, nə də Pərvinin bu kitablarımız Azərbaycanda nəşr olunmayıb, ilk dəfə türkcə çapdan çıxır. Buna görə əməyi keçən hər kəsə minnətdaram".

Pərvin türk şairlərinin şeirlərinə də müraciət etdiyi üçün kitabının Türkiyədə çapına xüsusi məsuliyyətlə yanaşdığını söyləyib və Aşıq Veysəlin şeirindən yazdığı esseni tədbir iştirakçıları üçün oxuyub.

Hər iki kitabın tərcüməçisi Məhməd Rza Qoçi tərcümə zamanı qarşılaşdığı maraqlı məqamlardan söz açıb: "Ustad Anarın və istedadlı gənc Pərvinin əsərlərini çevirərkən fərqli duyğular yaşadım. Bu gözəl duyğularıma görə müəlliflərə minnətdaram".

Sonda müəlliflər kitablarını oxucular üçün imzalayıblar, təşkilatçılarla xatirə şəkilləri çəkdiriblər.

NƏZRİN

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə