Son xəbərlər

 




ƏNƏNƏVİ POEZİYA BAYRAMI BU İL XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA HƏSR EDİLİB

İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində VI Şairlər Gününə həsr olunmuş ədəbi-musiqili gecə keçirildi. Tədbir Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə gerçəkləşdi.

Builki tədbir müasir poeziyamızın görkəmli nümayəndəsi, dramaturq, Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuşdu. Gecədə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran, Rusiya, ABŞ və İsraildən qonaqlar, eləcə də ədəbiyyat və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Muğam mərkəzinin foyesində “AYBkitab” layihəsi çərçivəsində çap olunmuş “Vaqif Səmədoğlu. Sandıq şeirləri” kitabının təqdimatı keçirildi. Kitab haqqında məlumat verən Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza nəşrdə müəllifin indiyədək çap olunmayan şeirlərinin yer aldığını diqqətə çatdırdı. Kitabın tərtibçisi və redaktoru Nüşabə Babayeva-Vəkilova nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirdi.

Sonra mərkəzin zalında davam edən poeziya gecəsində əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi, Vaqif Səmədoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Xalq şairinin həyat yolu və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirildi. Film Nüşabə xanımın suallarına Vaqif Səmədoğlunun verdiyi cavablar əsasında qurulmuşdu və şairin dünyaya, ədəbiyyata fəlsəfi baxışlarını əks etdirirdi.

Tədbirin aparıcısı Xəyal Rza çıxış edərək Şairlər Günü haqqında məlumat verdi. Bildirdi ki, istedadlı nakam şairimiz Mikayıl Müşfiqin doğum günündə (5 iyun) qeyd olunan ənənəvi mərasim bir poeziya bayramına çevrilir, müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə rəngarəng tədbirlər keçirilir.

Qeyd olundu ki, tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi siyasətçinin xatirəsini ehtiramla yad ediblər. Həmçinin görkəmli şair və yazıçılarımızın məzarları da ziyarət olunub.

Şair və yazıçılar böyük söz ustadı Səməd Vurğunun ev-muzeyinə baş çəkib, sonra Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gül səpiblər.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında həm sevindiyini, həm də kədərləndiyini dedi: “Sevinirəm ona görə ki, bu tarixdə Azərbaycan ədəbiyyatının iki ən parlaq nümayəndəsi – Mikayıl Müşfiq və Vaqif Səmədoğlu dünyaya gəlib. Ona görə kədərlənirəm ki, biz Şairlər Gününü bu qələm sahiblərinin iştirakı olmadan qeyd edirik. Təsəllimiz odur ki, şairlər ölmürlər, əsərləri ilə yaşayırlar və biz bu gün bu şəxsiyyətlərin yaradıcılığının işığına toplaşmışıq”.

Yazıçılar Birliyinin sədri V.Səmədoğlunun yeni şeirlərinin işıq üzü görməsində böyük rol oynayan Nüşabə xanıma təşəkkürünü bildirdi. Çıxışının sonunda M.Müşfiqə və V.Səmədoğluna həsr etdiyi şeirlərini oxudu.

Xalq şairi Nəriman Həsənzadə, İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız və başqaları çıxış edərək Şairlər Gününün əhəmiyyətindən danışdılar. M.Müşfiq və V.Səmədoğlunun yaradıcılıq məziyyətlərindən, Azərbaycan ədəbiyyatının inkişafına verdikləri töhfələrdən söz açıldı.

Builki Şairlər Gününün “Mikayıl Müşfiq mükafat”ı N.Həsənzadə, M.N.Parmaksız, Rəşid Faxralı, İsraildən Ariel Hut, ABŞ-dan Robert Yevdayev və başqalarına təqdim olundu.

Tanınmış xanəndə, Xalq artisti Aygün Bayramovanın, Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyovanın ifaları poeziya axşamının iştirakçılarına unudulmaz anlar bəxş etdi.

Qeyd edək ki, Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu 1939-cu ildə Bakıda anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Eyni zamanda P.Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi kimi fəaliyyət göstərən V.Səmədoğlu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.

Şair XX əsrin ikinci yarısı və XXI yüzilliyin əvvəlləri Azərbaycan poeziyasında lirik-fəlsəfi poeziyası ilə özünəməxsus yer tutur. O, həmçinin “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub. Xalq şairi 28 yanvar 2015-ci ildə vəfat edib.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə