Son xəbərlər

 

İyulun 2-də Şabran rayonunda Azərbaycab Yazıçılar Birliyinin Şabran bölməsinin təqdimatı olub.

 

Xaqani Poeziya Klubunda keçirilən təqdimatda Azərbaycan Yazıçılar Birliyinin müşaviri Elçin Hüseynbəyli AYB Katibliyinin qərarını elan edib. Qərara əsasən Şabran rayonunda AYB-nin bölməsi yaradılır və Aydın Əhməd oğlu Tağıyev həmin bölmənin rəhbəri təyin edilir.

Elçin Hüseynbəyli çıxışında bildirib ki, Şabran bölməsinin yaradılması təsadüfi deyil. Çünki bu rayon ədəbiyyatsevərliyilə məşhurdur və burada çox sayda yazıçı və şair yaşayır. Rayonda eyni zamanda Xaqani Poeziya Klubu və Şabran Ədəbi Dərnəyi fəaliyyət göstərir. Artıq beş ildir ki,  rayonda Xaqani Poeziya Günləri təntənəli şəkildə qeyd edilir və bayramın respublika əhəmiyyəti daşıması üçün AYB-də Xaqani Poeziya Günləri Təşkilat Komitəsi yaradılıb. E.Hüseynbəyli Şabranda yazarlara hərtərəfli şərait yaratdığı üçün Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova dərin təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, Şabran bölməsi daha iki rayonu – Siyəzən və Xızını da özündə birləşdirir.

AYB Şabran bölməsinin rəhbəri Aydın Tağıyev ona göstərilən etimada görə AYB rəhbərliyinə və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova minnətdarlıəğını bildirib və ona göstərilən etimadı doğruldacağına çalışacağını deyib.

Tədbirdə çıxış edən yazıçı və şairlər də bölmənin yaradılmasını mühüm hadisə adlandırıb və bu işdə əməyi keçən hər kəsə təşəkkür ediblər.

Təqdimat mərasimində AYB sədrinin müşaviri Rauf Aslanov və qurumun  Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza iştirak edib.

Xəyal Rza çıxışı zamanı AYB Şabran bölməsinin fəaliyyətə başlaması münasibətilə şabranlı yazıçı və şairləri təbrik edib. “İnanıram ki, Şabran bölməsi öz aktiv fəaliyyətilə AYB-nin digər bölmələrilə rəqabətdə məğlub olmayacaq. Biz elə indidən AYB Şabran bölməsilə əməkdaşlığa başladıq və Novruz müəllimin də xeyir-duasıyla gələn il VII Şairlər Günü Şabran rayonunda da qeyd olunacaq.  VII Şairlər Günü görkəmli klassikimiz Xaqani Şirvaninin xatirəsinə həsr ediləcək”. Sonra Xəyal Rza aybKitab layihəsi çərçivəsində çap edilmiş kitabları Novruz Novruza hədiyyə edib.

Şabran rayon İH başçısı Novruz Novruzov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra rayonda AYB bölməsinin yaradılmasını əlamətdar tarixi hadisə kimi dəyərləndirdiyini qeyd edib. Bildirib ki, bölmənin normal fəaliyyəti üçün əlindən gələn köməyi edəcək və artıq bu gündən Şabran bölməsinin rahat fəaliyyəti üçün ofis ayrılmasına, mebel və lazımi avadanlıqla təchiz olunmasına müvafiq göstərişlər verib.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə