Son xəbərlər

 

Noyabrın 8-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazarlar Klubunun  (AyAK) “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində rayon ictimaiyyətinin iştirakıyla görüş keçirilib.

 

Görüşdə millət vəkili, yazıçı Aqil Abbas, yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin baş redaktoru Yunus Oğuz, şair Əbülfət Mədətoğlu və AyAK sədri, yazıçı Elçin Hüseynbəyli iştirak ediblər.

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova bu görüşün mühüm əhəmiyyət daşıdığını deyib. Bildirib ki, müxtəlif formatlarda təşkil edilən belə görüşlər sərhədyanı rayonların əhalisi arasında böyük ruh yüksəkliyi yaradır, xüsusilə gənc nəsildə vətənpərvərlik hissini artırır.

Sonra o, sözü layihə rəhbəri Elçin Hüseynbəyliyə verib.

E.Hüseynbəyli bildirib ki, layihənin məqsədi şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüş keçirməkdir. Qeyd edib ki, yazıçılar da dövlətimizə, ordumuza, cəbhə bölgələrində yaşayan insanlarımıza dəstək vermək üçün belə səfərlərdən istifadə etmək qərarına gəliblər. 

Layihə rəhbəri bu ilin yazında ordumuzun zəfərindən və onun ardınca AR prezidenti möhtərəm İlham Əliyevin və onun xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun sülhməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın cəbhə bölgələrinə səfərini xatırladıb və onu bir örnək kimi dəyərləndirib.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas qeyd edib ki, yazıçısından, hərbçisindən tutmuş ən sadə vətəndaşına qədər bütün ölkə əhalisi həmişə dövlətin yanında olub. Məhz bu amil imkan verir ki, dövlətimiz beynəlxalq aləmdə öz prinspial mövqeyini nümayiş etdirə bilsin:"Biz də öz qələmimizlə Vətənə, dövlətə xidmət edirik.”  O, əmin olduğunu bildirib ki, Azərbaycan itirilmiş torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək, çünki  yetərincə gücə malikdir..

Əslən Dağlıq Qarabağın  məşhur Tuğ kəndindən olan şair Əbülfət Mədətoğlu köçkünlük dərdindən danışıb və Qarabağla bağlı yazdığı şeirlərini səsləndirib.

Tərtər ictimaiyyəti adından çıxış edən Qədir Tərtərli qonaqlara rayon ictimaiyyəti adından təşəkkürünü bildirib. O, qeyd edib ki, tərtərlilər hər zaman ruh yüksəliyinə malikdirlər və bu fakt özünü aprel döyüşlərində bir daha göstərdi.

“Uzun müddətdir ki, tərtərlilər silah səsini eşitməyə məcburdurlar. Bu gün isə yazıçı sözü eşitdilər və çox məmnun oldular” – deyə o bildirib.

Qeyd edək ki, Elçin Hüseynbəylinin həyata keçirdiyi "Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına gerçəkləşir.

Qeyd edək ki, bundan əvvəl layihə çərçivəsində görüş Ağdam ictimaiyyətilə olub.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə