Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliynin sədri, xalq yazıçısı Anar “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadəni “Azərbaycan” jurnalında fəaliyyətə başlamasının qırx illiyi münasibətilə təbrik edib. İntiqam Qasımzadə bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin xüsusi diplomu ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin I katibi, xalq şairi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, sədrin müvaini Nazim İbrahimov, gənclər üzrə katib Rəşad Məcid də İntiqam Qasımzadəni təbdrik edərək, ona can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olub. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1960-1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969-1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976-1979), məsul katib, baş redaktorun müavini (1979-1997) vəzifələrində çalışıb. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirib. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilib.

 

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə