Dekabrın 26-da Təzəpir məscidində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, tanınmış şair, Prezident təqaüdçüsü İlyas Tapdıqla vida mərasimi keçirilib.

Mərasimdə tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində Əməkdar İncəsənət Xadimi Firuz Mustafa şairin xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib, onun əsərlərinin gələcək nəsillər üçün də örnək olduğunu söyləyib.

Vurğulanıb ki, gözəl ədəbi nümunələr yaradan şair, həm də Azərbaycan poeziyasında Abdulla Şaiqdən sonra uşaq ədəbiyyatına dəyərli töhfələr verən qələm adamı kimi tanınır. O, mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu yorulmadan tədqiq və təbliğ edən bir fikir adamı olaraq çox mənalı və zəngin həyat yaşayıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şairin şeirlərinin başdan-başa həyata, insanlara sevgidən yoğurulduğunu bildirib. Bütün ömrünü aşıq sənətinin təbliğinə, gənc şairlərin yetişməsinə həsr edən şairin hər zaman xatırlanacağını deyib.

Şairin qələm dostları Oqtay Rza, Dəmir Gədəbəyli, Musa Ələkbərli, Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı, Dayandur Sevgin, Hacı Loğman, Fərman Borçalı və başqaları İ.Tapdığın zəngin söz dünyasından hər kəsə pay düşdüyünü bildiriblər. Onun mindən çox nəşrin redaktoru olduğunu, yeni yazmağa başlayan şairlərin yaradıcılığına daima həssaslıqla yanaşdığını, yüzlərlə gənc qələm adamının kitabına “Ön söz” yazdığını, xüsusilə gənclərə öz xeyir-duasını əsirgəmədiyini vurğulayıblar.

Çıxış edənlər doğulduğu Gədəbəy torpağının gözəlliklərini, uca dağlarının əzəmətini, bulaq suyunun saflığını, çəmən güllərinin xoş rayihəsini şeiriyyata gətirən İlyas Tapdığın özünün də başı qarlı dağlar kimi ucalardan uca olduğunu söyləyiblər.

Mərhumun ailəsi adından sıxış edən Kamandar Eyvazlı ölkə rəhbərliyinə və mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Sonra şairin cənazəsi son mənzilə yola salınıb.

Mərhum ikinci Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə