Son xəbərlər

 

Sentyabrın 28-dən 30-dək Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təşkilatçılığı ilə Bakıda "Nəşriyyat işi sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı" adlı konfrans keçirilib.

 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən tədbirin sonuncu iş günündə "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin moderatorluğu ilə "Müəlliflik hüququ" mövzusunda müzakirələr aparılıb.

Seyfəddin Hüseynli giriş sözündə qeyd edib ki, müasir dünyanın çox sayda ağrılı problemləri olsa belə, müəlliflik hüququ da günümüzdə aktuallığını qoruyan bir məsələdir: "Aydındır ki, çox ciddi fikir ixtilaflarının, kəskin münaqişələrin hökm sürdüyü bir dünyada yaşayırıq. Belə bir dünyada, təəssüf ki, hətta Allahın müəlliflik hüququna da yetərincə ehtiram göstərilmir, mübahisə mövzusuna çevrilir. Ancaq əlbəttə, ulu Yaradan sonsuz qüdrəti sayəsində müəlliflik hüquqlarını qorumağa qadirdir, özü də bunu hər an nümayiş etdirir. Odur ki, gərək yaradıcı insanlar da İlahinin bəxş etdiyi istedad, özlərinin çəkdikləri zəhmət hesabına meydana gələn qiymətli əsərlərinin müəlliflik haqlarını qoruyalar. Əks təqdirdə, onsuz da asan olmayan güzəranları daha da ağırlaşa bilər. Nəticədə, yaradıcılıq get-gedə tamam ümidsiz bir sahəyə çevrilər. Bu baxımdan, Azərbaycan naşirlərinin və müəlliflərinin türkiyəli həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac var".

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, tanınmış alim və ədib İrfan Çiftçi iştirakçılara tədbirin proqramı ilə bağlı ümumi məlumat verib. Müşavir qeyd edib ki, nəşriyyat sahəsində fəaliyyət göstərən qurumları, eləcə də şair və yazıçıları narahat edən məsələlərdən biri müəlliflik hüququnun qorunması ilə bağlıdır: "Sözügedən məsələ ilə bağlı Türkiyədə artıq kifayət qədər işlər görülüb, müvafiq qanunlar qəbul olunub, maarifləndirmə tədbirləri aparılıb. Bu mənada, konfransın təşkilində əsas məqsəd iki ölkə naşirlərinin sözügedən məsələ ilə bağlı təcrübə mübadiləsini təşkil etmək, Türkiyə təcrübəsini Azərbaycan naşirləri ilə bölüşmək və eyni zamanda, birgə əməkdaşlıq üçün zəmin yaratmaqdır".

Türkiyə yazarlarının kitablarının burada, eləcə də Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə nəşr olunmasıyla bağlı əməkdaşlığın vacibliyindən danışan İ.Çiftçi bu yöndəki əlaqələrdə ədəbiyyat amilinin mühüm rolunu vurğulayıb.

Türkiyə Basım-Yayın Məslək Birliyi Başqanı və "Nar Yayınları"nın təmsilçisi Tayfur Esen bildirib ki, hər bir insanın malik olduğu haqlar hüquq müstəvisində qorunur: "Hüquqsuzluq müasir dünyamızda, intellektual cəmiyyətlərdə qəbul oluna bilməz". Nəşriyyat sahəsində də hüququn aliliyinin təmin olunmasının vacibliyinə diqqət çəkən T.Esen qeyd edib ki, müəlliflik hüququ həm ölkə qanunvericiliyi, həm də beynəlxalq qanun və qaydalar çərçivəsində təmin olunur. Daxili hüquqdan danışan naşirin sözlərinə görə, hər hansı bir müəllif öz müəlliflik hüququnu qorumasa, kənardan kimsə gəlib ona bu sahədə kömək etməyəcək. Türkiyədə müxtəlif dövrlərdə müəlliflik hüququ ilə bağlı qanun çərçivəsində müvafiq addımların atıldığını deyən T.Esen bildirib ki, Azərbaycan Türkiyə təcrübəsindən faydalanaraq uzun məsafəni qısa vaxt ərzində qət edə bilər: "Məhz bu yolla kitab çapı və yayımında qara bazarın, pirat yayımçılığının qarşısını almaq mümkündür".

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib ki, Birliyin sədri Xalq yazıçısı Anarın Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı uzun illərdən bəri vurğuladığı bir istək var: "Biz arzulamışıq ki, Azərbaycanda Türkiyə Mədəniyyət Evi açılsın. Bununla bağlı müxtəlif görüşlərdə fikirlərimizi bildirmişik". Türkiyədə nəşr olunan bir çox kitabın Azərbaycana gətirildiyini deyən R.Məcid bildirib ki, yeri oxucuların Türkiyə türkcəsindəki kitablara kifayət qədər marağı var: "Artıq bu işlərin geniş şəkildə aparılmasına ehtiyac yaranıb. Bunun üçün həm Azərbaycan, həm də Türkiyə tərəfdən Mədəniyyət və Turizm nazirliklərinin birgə təşəbbüsləri vacibdir. Biz bu istiqamətdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, dəyərli dostumuz  İrfan Çiftçinin cəhdlərini alqışlayırıq. O, Azərbaycan, ümumilikdə isə Türk dünyası ədəbiyyatını, mədəniyyətini gözəl bilir. Qısa müddət ərzində onun rəhbərliyi ilə Türkiyənin ədəbiyyatı və incəsənətinin tanıdılması məqsədilə olduqca səviyyəli tədbirlər həyata keçirilib. Toplaşdığımız tədbir də bu baxımdan mühüm əhəmiyyət kəsb edir".

Konfransın yüksək səviyyədə təşkil olunduğunu deyən R.Məcid hesab edir ki, bu tədbir iki ölkə naşir və yazarları arasında əlaqələrin inkişafına, təcrübə mübadiləsinin aparılması, müştərək fəaliyyətlərin həyata keçirilməsinə mühüm töhfələr verəcək.

"Ötüken" nəşriyyatının nümayəndəsi Ertuğrul Alpay isə yayım işində istinad mədəniyyətindən danışıb. Bu prosedurun da digərləri kimi hüquqi əhəmiyyət kəsb etdiyini deyən E.Alpay qeyd edib ki, yazı materiallarından fərqli olaraq, görüntü xarakterli video, foto və rəsm əsərlərindən istifadə edən zaman isə təkcə istinad yox, eyni zamanda icazə alınmalıdır.

"AYBKitab" layihəsinin rəhbəri Xəyal Rza qeyd edib ki, Sovet dövründə Azərbaycan və digər ittifaq ölkələrində kitab oxumaq məcburi xarakter daşıdığı üçün bu sahədə ciddi irəliləyişlər var idi. Hazırkı dövrdə isə belə bir tələbin olmadığını deyən X.Rza bildirib ki, nəticə etibarilə Azərbaycanda oxucu kütləsi kifayət qədər olmadığı üçün müəlliflər kitablarını cüzi tirajla çap etdirmək məcburiyyətində qalırlar. Eyni zamanda, mövcud şəraitdə müəllif hüquqlarının qorunması da problemli sahəyə çevrilib.

Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.

"Azərkitab"ın sədri Sabir Həsənov, Azərbaycan Yaradıcılıq Fondunun təmsilçisi Qismət Rüstəmov, İstanbul Universitetinin nümayəndəsi Mehmet Yalçın Yılmaz, gənc rejissor Mətləb Muxtarov və digərləri aparılan müzakirələrdə iştirak edib, mövzu ilə bağlı fikirlərini bildirərək maraqlı təkliflər irəli sürüblər.

Daha sonra konfrasın bağlanış mərasimi keçirilib.

Tədbirdə yekun nitq ilə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: "Türkiyə və Azərbaycan qardaşlığı o qədər dərin köklərə bağlıdır ki, dünyada tayı-bərabəri olduğunu düşünmürəm. Türkiyə ilə Azərbaycan tarixi, kökü, dili və mədəniyyəti eyni olan bir millətin iki ayrı qoludur. Təəssüflər olsun ki, biz təxminən 200 il bir-birimizdən ayrı düşmüşük. Xüsusilə bu dövrün 70 ili ərzində əlaqələr tamamilə kəsilmişdi. O vaxt aramızda dəmir pərdə var idi. Lakin biz heç vaxt bir-birimizdən qopmamışıq. Bu, heç mümkün də deyildi. Çünki biz bir-birimizə könüldən bağlı olmuşuq".

Səfir xatırladıb ki, 1991-ci ildə Türkiyə bütün maneələrə baxmayaraq, Azərbaycanın müstəqilliyini tanıyan, zəruri sahələrdə kömək əlini uzadan ilk dövlət olub: "Bu, qardaşlıq əlaqələlərimizin məntiqi nəticəsidir. Aradan keçən 25 il ərzində Türkiyə-Azərbaycan əlaqələri daha da möhkəmlənib. Artıq bu birliyi pozmaq qeyri-mümkündür". Azərbaycanın dünyada artan nüfuzundan danışan E.Özoral bildirib ki, qardaş ölkədə hər sahədə ciddi inkişaf nəzərə çarpır.

Sonda tədbirin əhəmiyyətinə toxunan səfir iki ölkə arasında əlaqələri daha da dərinləşdirmək baxımından mədəniyyət, ədəbiyyat sahələrində, nəşriyyat işində  əməkdaşlığın da yüksək nəticələr verəcəyinə inandığını bildirib.

Ceyhun ABASOV
525

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə