Son xəbərlər

 

Ramil ƏHMƏD

TANPINAR MƏRKƏZİ  

Bu gün Türkiyənin akademik cameəsində Əhməd Hamdi Tanpınar deyiləndə müəllimim, professor Handan İnci ilk yada düşənlərdəndir. 

İlin əvvəllərində İstanbul Universiteti Türkiyat İnstitutunda qorunub saxlanan Tanpınar arxivi üzərində işləmək üçün professor Handan İnci və professor Tuba Karatepenin rəhbərliyində qurulan bir heyətə həvalə olundu. Nəticədə 1974-cü ildə yazıçının qardaşı tərəfindən instituta bağışlanan altı minə yaxın səhifənin elektron versiyası hazırlandı, əlyazmaların itməsinin, yox olmaq təhlükəsinin qarşısı alındı. Görülən işlərlə maraqlananlar və Tanpınar haqqında bir çox dəyərli mətnlərə, şəkillərə, videolara “www.tanpinarmerkezi.com” saytından baxa bilərlər. 

Uzun müddətdir dəyərli müəllimim tələbələriylə birlikdə Tanpınar mərkəzinin açılması, onun yeni əlyazmalarının üzə çıxması, onların elektronlaşması və kitab şəklində nəşr olunması üçün əhəmiyyətli işlər görür. Nəhayət, 18 dekabrda hazırda “Yeni Türk Ədəbiyatı” kafedrasında magistr təhsili aldığım Memar Sinan Gözəl Sənətlər Universitetinin nəzdində “Əhməd Hamdi Tanpınar Ədəbiyyat Araşdırmaları və Tədqiqat Mərkəzi”nin açılışı baş tutdu. Açılış geniş ictimaiyyət üçün qapalı keçirilmişdi və  yüzə yaxın insana dəvətnamə göndərilmişdi. O gün aralarında Türkiyənin önəmli alimləri, yazarları, jurnalistləri və mərkəzin işlərində kömək edən tələbələrlə birlikdə gözəl tarixi bir ana şahid olduq.  

ORXAN PAMUKUN GƏLİŞİ 

“Tanpınar Mərkəzi”nin açılışı Gülhanə parkında yerləşən “Əhməd Hamdi Tanpınar Ədəbiyat Muzeyi və Kitabxanası”nda idi. Tanpınar adına belə bir mərkəz qurulmasına sevinən Doğan Hızlan tədbirin başlamasından 30-40 dəqiqə əvvəl gəldi. Hamını salamladı, muzeyi gəzdi, muzeyə bağışladığı eksponatlara baxıb “sizə bir də qələmimi bağışlayacam” dedi. Yavaş-yavaş muzey dolmağa başlayırdı. Ayaqüstə durmaqdan yorulmuş parka açılan pəncərinin önündə oturub ayaqlarımın dincini alırdım ki, Orxan Pamukun mərkəzin qonaqlar üçün ayırdığı maşınla gəldiyini gördüm. Maşından düşər düşməz, səyyar satıcıya yaxınlaşıb şabalıd aldı və mərkəzin onu qarşılayan nümayəndəsi ilə birlikdə yavaş-yavaş muzeyin yoxuşunu çıxmağa başladı. Pamukla salamlaşdıq: “Orxan Bəy, bunlar Handan müəllimin assistent  və tələbələridir”.

Kitabxananın müdiri Orxan Pamuku sakit bir otağa apardı. Muzeydə təkcə Tanpınarın deyil, digər Türk yazarlarının da əşyaları, əlyazmaları sərgilənir və bir çox otaqlar var. Onlardan biri də “Orxan Pamuk Otağı”dır. Orxan Pamuk, öz adını daşıyan və bir büstünün də olduğu otağa daxil oldu...  

AÇILIŞ 

Bu vaxt “Dedalus” nəşriyyatında redaktor işləyən, universitetdən dostum Baran yaxınlaşıb Pamukun hara getdiyini soruşdu. Mən də öz adını daşıyan otaqda dincəlir dedim. “Təəssüf üzdən görə bilmədim, ardınca gəldim, çatmadım” dedi. Ardınca əlavə etdi:

- Niyə getmirsən yanına?  

- Gedib nə deyim?

- De ki, sizin haqqınızda elmi iş yazıram.

- Nə olsun, o qədər haqqında yazanı var ki.

Əslində, yaxınlaşıb söhbət etməyi çox istəyirdim, amma nə deyə biləcəyimi düşünürdüm. Elə bu düşüncələrlə ora bura var gəl edib dəyərli professor Haluk Oralla salamlaşdım. Qəribədir ki, Haluk bəylə ilk dəfə Bakıda İçərişəhərdəki bir bukinistdə qarşılaşmışdıq. Sonra İçərişəhərdə antik əşyalar satılan bir dükana girmiş, oradan maraqlı kitablar tapmaq ümidiylə Elman dayının yanına da getmişdik. Sizi çox intizarda saxlamadan deyim ki, Haluk bəy Türkiyənin ən böyük kolleksiyaçılarındandır. Bakıya bir dostunun oğlunun toyuna gəlsə də, fürsətdən istifadə edib kolleksiyasına əlavə edəcək kitablar, sikkələr axtarırdı. Hər yeri gəzdikdən sonra Nazim Hikmətin 1928-də Bakıda çap olunan ilk kitabını tapmamasına təəssüflənirdi. Sonra dostumuz Dilqəm Əhmədə dedi ki, onda Əhməd Cavadın Nuru Paşaya imzalayıb verdiyi kitab var. Dilqəmin gözləri parıldadı. Söz verdi ki, Nazimin “Günəşi İçənləri Türküsü”nü tapıb ona gətirən olsa, Əhməd Cavadın imzalı kitabını ona bağışlayacaq. Zaman Tunelindən keçərək İstanbula gələk: işin qəribə tərəfi bu idi ki, mən onun “Bir Roman Qəhrəmanı Orxan Vəli” kitabını iki gün əvvəl böyük zövqlə oxumuşdum:

- Müəllim, kitabınızı bir az gec olsa da, iki gün əvvəl oxudum. Həm yazdıqlarınız, həm də kitabda istifadə etdiyiniz arxiv materiallarını çox bəyəndim, əla kitabdır.

- Çox sağ ol, qardaşım. Uzun müddətdir araşdırdığım bir mövzu idi. Mənim də sənin Nazim Hikmətlə bağlı araşdırmalarından xəbərim var. Mənə niyə zəng eləmirsən? Nömrəmi vermişdim də sənə?

- Bəli, nömrəniz  var. Narahat etmək istəmirdim.

- Mən indi bir az qripəm. Demək olar ki, evdən çölə çıxmıram. Zəng elə bir gün  gəl bizə.

- Çox istərdim. Sizin kolleksiyanızı görmək, bəzi kitablara baxmağı çox istərdim, müəllim.

- Müəllim deyirsən, ama mən burda heç tələbələrimi görmürəm. Riyaziyatdan dərs demək belədir də, belə yerlərdə  tələbələrin olmur.

- Müəllim, siz riyaziyat dərsləri demisiniz?

- Bəs necə? Professorluğumu o sahədə almışam. 

- Çox təccübləndirdiniz məni. Sizin bakalavrda riyaziyyat oxuduğunuzu bilirdim, ama elə bilirdim siz sonradan ixtisas dəyişmisiniz və Boğaziçi Universitetində də ədəbiyyat dərsi vermisiniz.

- Yox, yox, sadəcə cəbr.

- Bir gün Nazim Hikməti arı sancıb, - barmağıyla kitabxanadakı  Nazim Hikmətə zərrə qədər bənzəməyən “tonton” Nazim Hikmət heykəlini göstərib, -  sonra durub heykəltəraşın qarşısında və belə heykəl alınıb.

Gülürük. Haluk bəylə doyunca söhbət edirik və nəhayət kameralar quruldu, Pamuk otağından çıxdı və başladıq... 

ÇIXIŞLAR     

Narahat olmayın, uzatmayacam. Çünki cəmi iki nəfər danışdı: Handan İnci və Orxan Pamuk. Handan müəllim “Tanpınar Mərkəzi”nin açılışından, bundan sonrakı fəaliyyətlərindən danışıb sözü Pamuka verdi. Pamuk üç-dörd vərəq əllə yazdığı kağızları kürsüyə qoyub danışmağa başladı. Əla bir çıxış idi. Tanpınarla necə tanışlığından bəhs etdi, onda nəyi sevdiyini, romanlarını yazarkən ondan nələr öyrəndiyindən danışdı. Bu mətn mərkəz tərəfindən video lentə alındı, detallara girmirəm, sağlıq olsun, bəlkə o çıxışı dilimizə uyğunlaşdırıb sizinlə paylaşdım.  

ORXAN PAMUKUN MÜSAHİBƏ SÖZÜ  

Təbii ki, çıxışlar bitər bitməz, hamı Orxan Pamuka yaxınlaşmaq, ona bir şeylər demək, şəkil çəkdirmək istəyirdi. İnsanların bu canfəşanlığı məni yorur, utancaqlığımdan heç kəsə qaynayıb qarışmadan bir kənarda dayanırdım. Sonra öz-özümə niyə də olmasın, niyə onunla dialoq qurmağa cəhd etməyim dedim. Onunla şəkil çəkdirmək istəyənlərin arasına girib yenidən salamlaşdıq. Sizin haqqınızda elmi iş yazıram dedim. Gözlədiyimin əksinə təəccübləndi. Digər söhbətləri dilimizə uyğunlaşdırsam da, Pamukun dediklərini olduğu kimi yazacam:

- Ne yazıyorsun?

- Sizin roman qəhrəmanlarınızın arzularını təhlil edirəm, daha dəqiq desəm, Jirarın nəzəriyyəsi əsasında bir təhlildi bu. Nitşe və Maks Şellerdən “ressentiment”,  Hegeldən “mutsuz bilinç”, Sartrın “bozuk inanç”ına da istinad edərək bir tədqiqat olacaq.

- Evet, Jirard!  - dedi. Bu nəzəriyə haqqında bilgisi olduğunu bildirmək üçün gülərək əlavə etdi. - Bir roman kahramanı bir başkası olmadan arzu duymaz!

Arxadan onunla əlində telefon hazır dayanıb şəkil çəkdirmək istəyənlərin səbrsizliyini duyurdum. Bu vaxt, Handan müəllim yaxınlaşıb məni Pamuka təqdim etdi,  Azərbaycanlı və  onun  ən “zeki” tələbələrindən olduğumu dedi. Müəllimimin “zeki” sözündən güc alaraq bizdə yayımlanan kitablardan xəbəri olub-olmadığını soruşdum. “Yanılmıramsa, Kanun,” - dedi. Sonra təcümələri bəyənib bəyənmədiyimi soruşdu. Bu yerdə üzrlü hesab edin, tərcümələri haqqında həqiqətləri ondan gizlətmədim...

...Və dedim ki,  “Məsumiyyət Muzeyi”nə üç dəfə getmişəm və hər dəfə gözüm romanın bir çox dillərdə çap olunan nüsxələri üçün ayrılan guşədə Azərbaycanda yayımlanan kitabı axtarsa da, təəssüf ki, görmədim. Daha doğrusu, son sözlərimi bitirmədən nə deyəcəyimi anlayıb “Ya biliyor musun farklı ülkelerden bunu bana birkaç kere söylediler” qarşılığını verdi. Cümlənin ardını yazmayacam. Başqa nə danışdığımızı da. Məndə Orxan Pamukun kolleksiyasına əlavə oluna biləcək maraqlı materiallar var. Bunu özünə dedim, diqqətini çəkdi: 

- Aslında onları bana keşke göndersen, nasıl ulaştıra bilirsin?

Görünür, söhbətimizin səmimiliyindən, ya da o ankı cəsarətlə sanki Nobelli yazıçı məniymişəm güvəniylə bir şərtim olduğunu dedim. Çünki Pamukun mənim yaşımdakı tərsliyini bilirdim və və az öncə çıxışında Tanpınarın 29 yaşında Türk romanına aid dedikləri sözlərdən sitatlar gətirərək, 29 yaşında insan bu qədər bilgili, özgüvənli olmasını sevdiyini demişdi. Mən də fikirləşdim ki, 1 yanvarda 24 yaşı olacaq bu Ramil onda özgüvən aşılasa, xoşuna gələcək:

- Əgər mənə 10 dəqiqə müsahibə versəniz, sizinlə görüşürəm.

Güldü:

- Anlaştık. Sen  onları bana getir, ben de sana 10 dakikalık röportaj vereceğim.                  

ORXAN PAMUKUN MƏNİMLƏ SELFİ ÇƏKMƏYİ    

Və bu məqamda Orxan Pamuk gözləmədiyim bir hərəkət etdi. Telefonu çıxarıb selfi çəkdi. Sonra şəklə baxıb ciddi duruşumuzu bəyənməyib yenidən çəkdi və çəkməzdən öncə dedikləri sözü inanmıram ki, bütün ömrümcə unudum:

- Hadi gülümseyelim, evet, biz çok zekiyiz!

Bu dəfə ikimiz də gülümsəyib Pamukun telefonuna baxdıq. Ondan e-mailini deməsini istədim. Dedi ki, mən yazım sənin üçün. Öncə cibindən kağız axtardı. Sonra çəkdiyi selfini e-maillə mənə göndərməyi təklif etdi. E-mailimi dedim.

- Ama kimseye verme, tamam mı?

- Merak etmeyin.

“Göndər” düyməsinə basmadan da mesaj qutusuna “buraya bir şey yazayım” dedi və təsadüfi bir düyməyə basıb, “F” hərfini yazdı. Soruşdum ki, nə zamana qədər İstanbuldasınız?

- Daha buralardayım. Fotoğrafı gönderdim. Bir sözün olursa, buradan yaza bilirsin.

- Teşekkür ederim, Orhan bey.

Bu məqamda Handan müəllim yenidən yanımıza gəlib “konuşuyorsunuz” dedi gülərək.

- Hocam, Orhan bey bana röportaj sözü verdi.

- Aa şahane!

Sonra Pamuk gülərək söhbətimizin son cümləsini dedi:

- Sana o röportajı vereceğim, ama 10 dakika.

- En fazla 11 dakikanızı alacağım, - dedim və ürəkdən gülərək başını təsdiq mənasında hərəkət etdirib getdi. 

Bütün salonun gözlərini üzərimizdə hiss edirdim. Hamı təəccüblənmişdi, onunla şəkil çəkdirməyi şiddətlə arzulayanlar yəqin ki, nə danışdığımızla da maraqlanırdılar. Necə olur ki, Nobelli yazıçı bir gənclə selfi çəkir, sonra Pamukun telefonunda bir şeylər yazırlar, bu qədər nə danışdılar görəsən? Məndən soruşan dostlar da oldu; nə dedin ona? Sənə e-mailinimi verdi?  

SON

Sevinirdim. Sevimli yazıçımı sadəcə yaxından görməklə yanaşı, utancaqlığımı bir tərəfə qoyub onun diqqətini çəkə bilmiş, onunla söhbət etmişdim. Bəlkə də, o fransız filosofu üzərinə bilgilərimlə təsirləndirmişdim onu, bilmirəm. Mən söhbətimizin hamısını yazmadım. Məsələn, yazmadım ki, Pamuk mənə “Kafamda Bir Tuhaflık” romanıyla bağlı nə dedi və sair.

Bu yazıda mən çəkdiyim selfini paylaşıram. Çünki Pamukun göndərdiyi e-mail mənə gəlmədi. Bəlkə də, adım soyadım ona qəribə gəldiyindən belə oldu (bir neçə dəfə də səhv yazmışdı, mən düzəltdim). Telefonu verin yazım dedim, ama mən daha sürətli yazaram dedi. Bəlkə də, bir hərf fərqinin ucbatından gəlmədi o e-mail mənə. Amma bu, önəmli deyil, onu mərkəzin açılışına müəllimim çağırmışdı. Ondan xahiş etsəm, e-mailini mənə verər. Son olaraq, önümüzdəki ay müsahibə alacağıma inanıram və bu dəfə Pamukla selfi çəkəndə ona elə belə də deyəcəm: “Hadi gülümseyelim, evet, biz çok zekiyiz!”

525.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə