Son xəbərlər

 

Ölkə prezidenti İlham Əliyevin 2017-ci il 11 may tarixində imzaladığı sərəncama əsasən respublikada dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, tədqiqatçı-alim və ictimai xadim Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) 120 illik yubileyi təntənəli şəkildə qeyd edilir. 

Silsilə yubiley tədbirləri çərçivəsində Azərbaycan Milli Kitabxanasının növbəti elmi-köməkçi nəşri “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr olunmuş “Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov)” biblioqrafiyası və “Bülbül” Elektron məlumat bazası geniş ictimaiyyətə təqdim edilib.

Azərbaycan Milli Kitabxanası bu seriya ilə biblioqrafiyaların nəşrinə hələ 2006-cı ildən başlamış və “Mir Cəlal”, “Qara Qarayev”, “Fikrət Əmirov”, “Səttar Bəhlulzadə”, “Üzeyir Hacıbəyli”, “Aşıq Ələsgər - 190”, “Cahangir Cahangirov”, “Müslüm Maqomayev”, “Niyazi”, “Mirzə Fətəli Axundzadə-200”, “Tahir Salahov”, “Elçin”, “İlyas Əfəndiyev”, “Teymur Elçin”, “Hidayət”, “Bəxtiyar Vahabzadə”, “Səməd Vurğun”, “Rəşid Behbudov”, “Əziz Əliyev”, “Xəlil Rza Ulutürk”, “Qəzənfər Məhəmməd oğlu Paşayev”, “Molla Pənah Vaqif”, “Yusif Vəzir Çəmənzəminli” və s. fundamental biblioqrafiyalar çap etdirib.

2017-ci ildə işıq üzü görmüş “Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov)” biblioqrafiyası Azərbaycan vokal sənətinin banisi, milli musiqi mədəniyyətinin inkişafında, tədqiqi və təbliğində misilsiz xidmətlər göstərmiş görkəmli sənətkar, böyük ictimai xadim, vətənpərvər ziyalı Bülbülün - Murtuza Məşədi Rza oğlu Məmmədovun zəngin irsini əhatə edən ilk biblioqrafik göstəricidir.

Biblioqrafiya Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun elmi redaktəsi və kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevanın redaktorluğu ilə, kitabxananın səriştəli və təcrübəli kitabxanaçı-biblioqrafları - Mədinə Vəliyeva, Mətanət İbrahimova, Gülbahar Misirova tərəfindən tərtib edilib.

Biblioqrafik göstərici ilə ilkin tanışlıq onu deməyə imkan verir ki, belə bir sanballı mənbəni hazırlamaq üçün tərtibçilər respublika əhəmiyyətli iri kitabxanaların, eləcə də qabaqcıl dünya kitabxanalarının fondlarına, arxivlərə, muzeylərə və mümkün olan onlarla mənbəyə müraciət etmiş, hər bir sənədi, hər bir materialı dəfələrlə yoxlamış, faktları dəqiqləşdirmiş, çox böyük zəhmət və fədakar əmək sayəsində əsaslı bir iş ərsəyə gətirmişlər.

Sənətşünaslar, musiqi tədqiqatçıları, musiqi məktəblərinin müəllim, tələbə və şagirdləri, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 344 səhifədən ibarət fundamental biblioqrafiyada ilk olaraq “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” yer alıb, sonra “Ön söz əvəzi” adlı giriş sözü yazılıb. Burada biblioqrafiyanın məqsəd və oxucu istiqaməti, məzmunu və quruluşu, biblioqrafiyanın əhatə etdiyi materiallar, onların toplanmasında müraciət edilmiş əsas mənbələr, onların qruplaşdırılmasındakı başlıca prinsiplər barədə məlumatlar əks etdirilib.

Elmi tədqiqatın və gərgin əməyin nəticəsi kimi özündə dəyərli elmi məxəzləri ehtiva edən “Bülbül” biblioqrafiyasına görkəmli alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova “Musiqimizin əbədi Bülbülü” adlı dahi sənətkarın zəngin irsini hərtərəfli işıqlandıran geniş və məzmunlu giriş məqaləsi yazmışdır.

Sonra Bülbülün həyat və fəaliyyətinin əsas tarixləri, Bülbülün Azərbaycan musiqisi və görkəmli sənətkarlar - Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Əfrasiyab Bədəlbəyli, Aşıq Qərib və başqaları haqqında maraqlı fikirləri, görkəmli şəxsiyyətlər və sənət dostlarının Bülbül haqqında söylədikləri dəyərli sözlər öz əksini tapıb. Həm yerli, həm də xarici mənbələrdən toplanmış materiallar “Əsərləri”, “Həyat və yaradıcılığı haqqında” (Azərbaycan və rus dillərində), “Başqa dillərdə”, “Bülbülün Memorial Muzeyinin əsas fondunda qorunub saxlanılan materiallar”, “Bülbül haqqında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan sənədlər”, “Bülbüllə bağlı xarici milli kitabxanalarda saxlanılan ədəbiyyat”, “Köməkçi göstəricilər” adlı bölmələrdə tərtib etdiyi və redaktoru olduğu not əsərləri, səsyazıları və CD-ləri, arxiv sənədlərini, əsərlərinin əlyazmasını, maqnitofon lentlərini, şəxsi məktubları və memorial muzeyin eksponatlarını, dünya milli kitabxanalarının fondlarında saxlanılan sənədləri tam şəkildə əhatə edən biblioqrafik məlumatlar müfəssəl külliyat halında toplanılıb. Burada müxtəlif mənbələrdən əldə edilmiş sənədlər təhlil edilmiş, müvafiq bölmələrdə dillər üzrə qruplaşdırılaraq daxili əlifba prinsipi gözlənilməklə xronoloji ardıcıllıqla təqdim edilib. Nəşri təhlil edərkən biblioqrafiyanın quruluşunda nəzərə çarpan dəyişikliklər və yeniliklər onu göstərir ki, Milli Kitabxananın əməkdaşları illər keçdikcə biblioqrafiyaların tərtibi istiqamətində tədqiqatlarını davam etdirir, görkəmli şəxslərin zəngin irsini hərtərəfli işıqlandırmaq məqsədilə yeni metod və üsullardan istifadə edirlər.

Ümumilikdə, 2523 mənbə haqqında biblioqrafik informasiyanı əks etdirən biblioqrafik göstəricinin “Əsərləri” bölməsində Bülbülün 1940-cı ildən tərtib etdiyi və redaktoru olduğu not əsərləri, dövri mətbuatda və məcmuələrdə nəşr edilən məqalə və məruzələri, səsyazıları və CD-lər haqqında 96 mənbədən ibarət ətraflı informasiya təqdim edilib. Tərtibçilər haqlı olaraq kitab, CD və qrammafon valları haqda təkcə onların işıq üzü gördüyü yer, tarix və həcmi barədə informasiya verməklə kifayətlənməyib, həmin sənədlərin içində toplanmış əsərləri və səslənmiş musiqiləri də ayrı-ayrılıqda ifaçılar göstərilməklə oxucuların diqqətinə təqdim ediblər. Bu bölmədə haqqında informasiya verilmiş “Seçilmiş məqalə və məruzələri” adlı kitab 1968-ci ildə “Elm” nəşriyyatında çap edilmiş və kitabın içindəkilər də işıqlandırılmış, məqalələri əsasən 1926-cı ildən etibarən “Yeni yol”, “Kommunist”, “Ədəbiyyat”, “Bakı”, “Musiqi dünyası” adlı dövri nəşrlərdə dərc edilmişdir.

Burada həmçinin, “Azərbaycan musiqisi”, “Azərbaycan bəstəkarlarının mahnı və romansları”, “Azərbaycan xalq mahnıları”, “Təsniflər”, “Qarabağ xanəndələri”, “Oxuyardı Bülbül... oxuyur Polad Bülbüloğlu”, “Ü.Hacıbəyovun ariya və mahnıları”, “Zabul segah” adlı qrammafon valları və CD-lərdə həm Azərbaycan, həm də rus dillərində səsyazıları haqda informasiya oxucuların diqqətinə çatdırılmışdır.

“Həyat və yaradıcılığı haqqında” adlanan II hissədə professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, bənzərsiz xanəndə Bülbülə həsr edilmiş Azərbaycan dilində 1937-ci ildən etibarən çap edilmiş 41 kitab (rus dilində 14), dövri mətbuat və məcmuələrdə dərc olunan 1015 məqalə (rus dilində 524), 4 dissertasiya və avtoreferat işıqlandırılmışdır. Əbədiyaşar Bülbül haqqında müxtəlif xarici dillərdə - türk, ingilis, fransız, italyan, ukrayna, tacik, bolqar, özbək - çap edilmiş məqalələr barədə biblioqrafik informasiya “Başqa dillərdə” adı altında toplanmışdır.

Biblioqrafik göstəricinin ən mühüm məziyyətlərindən biri də “Bülbülün Memorial Muzeyinin əsas fondunda qorunub saxlanılan materiallar” və “Bülbül haqqında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan sənədlər” başlığı altında təqdim edilmiş çox dəyərli mənbələrin ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Burada Bülbülün Memorial Muzeyinin əsas fondunda saxlanılan əlyazmaları, mahnı və romansların notları (Azərbaycan, rus və digər dillərdə), görkəmli ictimai xadimin müxtəlif tədbirlərdə, verilişlərdə, yubileylərdə çıxışı, məruzə və məqalələri, məktubları, səsyazıları, Bülbülə ünvanlanan məktub və teleqramlar, haqqında maqnitofon lentlərinə yazılmış çıxışlar, makina yazıları və əlyazmalar, CD-lər, proqram, dəvətnamə, fotoalbom, Bülbül haqqında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan sənədlər öz əksini tapmışdır. Bu sənədlər arasında məktublar daha çox diqqəti çəkir. Onların məzmunu ilə tanış olduqda (Məs., “Sovet musiqi dekadasına təqdim ediləcək əsərlər barədə təklifləri, 1943-cü il”, “Azərbaycan KP MK-ya elmi-tədqiqat musiqi mərkəzinin yenidən bərpa olunması təklifi ilə əlaqədar məktubu, 1954” və s.) bu vətənpərvər ziyalının ölkəsi üçün, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, milli musiqimizin dünyada tanınması və təbliği məqsədilə gördüyü işlərin, misilsiz xidmətlərin bir daha şahidi oluruq. Muzeylərdə mühafizə edilən dəyərli fond materialları haqqında geniş və əhatəli informasiyanın təqdim edilməsi zənnimcə, bütün oxucular və tədqiqatçı-mütəxəssislər üçün böyük töhfədir.

Biblioqrafiyanın “Bülbüllə bağlı xarici milli kitabxanalarda saxlanılan ədəbiyyat” bölməsi də oxuculara dəyərli və maraqlı informasiya çatdırmaq baxımından çox əhəmiyyətlidir. Burada dünyanın ən qabaqcıl kitabxana fondlarında - ABŞ Konqres Kitabxanası, ABŞ İndiana Universitetinin Kitabxanası, ABŞ Wiskonsin-Madison Universitetinin Kitabxanası, Çikaqo Universitetinin Kitabxanası, Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin Kitabxanası, Ohayo Dövlət Universitetinin Kitabxanası, Harvard Universitetinin Kitabxanası, Polşa Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası, Almaniyada Ümumi Kitabxana Assosiasiyasının Kitabxanası (“Gemeinsamen Bibliotheksverbundes Verbundzentrale”), Latviya Milli Kitabxanası, Ukrayna Milli Kitabxanası, Qazaxıstan Milli Kitabxanası, Fərabi adına Qazaxıstan Milli Universitetinin kitabxanası, - mühafizə edilən sənədlər verilmişdir.

Hər bir biblioqrafik göstəricini hazırlayarkən mənbələrdən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparat, yəni müxtəlif sərlövhəli köməkçi göstəricilər tərtib edilir. Haqqında bəhs etdiyimiz biblioqrafiyada ənənəyə sadiq qalaraq müxtəlif axtarış əlamətləri üzrə soruşulan mənbəni operativ və rahat tapmaq məqsədilə zəngin köməkçi göstərici hazırlanmışdır. Burada Bülbülün əsərlərinin əlifba göstəricisi, onun haqqında yazan müəlliflərin əlifba göstəricisi, Səsyazıları və CD-lər, Bülbülün ifa etdiyi əsərlərin əlifba göstəricisi üzrə materiallar Azərbaycan və rus dilləri üzrə təqdim edilmişdir. Belə zəngin köməkçi göstərici Bülbül irsinin müxtəlif aspektlərdə axtarışını təmin edir, elmi-tədqiqatla məşğul olan mütəxəssislərin və digər oxucuların işini asanlaşdırır və mühüm biblioqrafik bələdçi rolunu oynayır. Bu sadalanan müsbət keyfiyyətləri nəzərə alınaraq bu biblioqrafik tədqiqat işi görkəmli sənətşünas alimlər, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar tərəfindən çox yüksək qiymətləndirilmişdir.

Fikrimizcə, həm zəngin elmi-tədqiqat və ictimai fəaliyyəti olan, mədəniyyətimizin inkişafında əvəzolunmaz xidmətlər göstərmiş dünya şöhrətli Bülbül səsinin sehri, yaradıcılığının böyüklüyü, həm də tərtibçi müəlliflərin peşə məharəti və müfəssəl elmi tədqiqat qabiliyyətinin yüksək səviyyədə olması, yorulmadan çalışmaları belə dəyərli bir biblioqrafik mənbənin, elmi tədqiqat əsərinin meydana gəlməsinə səbəb olmuşdur.

Beləliklə, bu tədqiqat işi ilə Azərbaycan musiqisinin, mədəniyyətinin, ictimai fikrinin inkişafı və formalaşmasına səbəb olan görkəmli bir şəxsin yaradıcılığı və fəaliyyətinin mükəmməl biblioqrafik modeli yaradılmış, ilk dəfə olaraq müğənninin bütün külliyyatı bu biblioqrafik mənbədə əhatə edilmişdir.

Belə monumental biblioqrafik əsərin meydana gəlməsi Azərbaycan Milli Kitabxanasının Azərbaycan musiqi mədəniyyəti tarixinə, eləcə də milli biblioqrafik resurs bazasına növbəti çox mühüm və dəyərli bir töhfəsidir. Biblioqrafik göstəricinin geniş əhatə dairəsi, materialların zənginliyi, çap olunmamış materialların, qiymətli arxiv sənədlərinin, muzey eksponatlarının əhatə edilməsi Milli Kitabxana əməkdaşlarını ümumilikdə 12 bölmədən ibarət olan “Bülbül. Əbədiyaşar sənətkar” adlı elektron məlumat bazasının da hazırlanmasına ruhlandırmışdır.

Bütün musiqişünasları, ziyalıları, alimləri, tədqiqatçıları, mütəxəssisləri, kitabxana ictimaiyyətini və geniş oxucu kütləsini təbrik edir, tərtibçilərə yeni yaradıcılıq uğurları arzulayır, Azərbaycanın digər görkəmli simaları haqqında növbəti biblioqrafik elmi-tədqiqat əsərlərini gözləyirik.

Adilə ABDULLAYEVA
Azərbaycan Milli Kitabxanasının Kitabxanaların Metodik Təminatı şöbəsinin müdiri, fəlsəfə doktoru

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə