Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, publisist, dramaturq və tərcüməçi, "Qobustan" jurnalının baş redaktoru Vaqif Əlixanlının yubileyi - 75 illiyilə bağlı tədbir keçirilib.

Tədbirdə millət vəkilləri, AYB rəhbərliyi, ziyalılar, tanınmış ədəbiyyat adamları, yubilyarın ailə üzvləri, qələm dostları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili, akademik Rafael Hüseynov V.Əlixanlının həyat və yaradıcılığı haqqında danışıb, onun yubiley mərasimini sözün bayramı adlandırıb: "Dünyada soyumayan, bitməyən, əbədi olan bircə bayram var ki, o da sözün bayramıdır. Vaqif Əlixanlı ömrünü sözə sədaqətlə həsr edən insandır. Bu gün də onun, Vaqif Əlixanlı sözünün əbədi bayramıdır".

R.Hüseynov çıxışında Vaqif Əlixanlının yaradıcılarından olduğu "Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişlərini, "Qobustan" jurnalını xatırlayıb, onların Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki əvəzsiz yerindən söz açıb: "Mən Vaqif Əlixanlını "Qobustan" jurnalı ilə tanımışam. Onda mən hələ məktəbli idim və ilk dəfə onun imzasına orada rast gəlmişdim. Sonra isə onun jurnaldakı bütün yazılarını həvəslə oxuyurdum. Onun bütün ömrü Azərbaycan mədəniyyəti ilə bağlı olub. O, babalarımızın miras qoyduğu səliqəyə, üstün düşüncəyə hər zaman sadiq olub. O, Azərbaycan jurnalistikasında, publisistikasında öz sözünü demiş insandır. Eyni zamanda, onun tərcümələri, dramaturgiya sahəsində fəaliyyəti özü özlüyündə bir örnəkdir. O, bütün yaradıcılığı boyunca təmiz Azərbaycan dili necə olar, onu göstərib, onu öyrədib".

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında onu Vaqif Əlixanlı ilə birləşdirən "Qobustan" jurnalından danışıb: "Həm Vaqif, həm də mən "Qobustan"lıyıq. Bizi "Qobustan" tanış edib və bu günə qədər də o birləşdirir. Vaqif Əlixanlının Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün uzun illərdən bəri gördüyü işlər əvəzsizdir. Onun "Bulaq" verilişindəki dili hər kəsə örnək idi. Hətta yazıçılar o cür təmiz və obrazlı dildə yazmağa can atardılar. O, təkcə yaradıcılığı ilə deyil, eləcə də şəxsiyyəti, ziyalılığı, istedadı, kübarlığı ilə də dəyərlidir, həm də çox təvazökardır. Vaqif Əlixanlı sözün, mədəniyyətin keşiyində necə ki, dayanır, bundan sonra da hələ uzun illər bu cür dayanacağına inanır və onu Yazıçılar Birliyi adından təbrik edirik".

Çıxışının ardından AYB sədri birliyin hədiyyəsini yubilyara təqdim edib.

Şair Yusif Həsənbəy Vaqif Əlixanlı ilə tanışlığından, xatirələrindən bəhs edib, onu heç zaman sözdən ayrı düşməyən adam adlandırıb.

Yubilyarı təbrik edən millət vəkili Jalə Əliyeva ona minnətdarlığını da ifadə edib: "Mən hələ uşaqlığımdan, gəncliyimdən Vaqif Əlixanlı imzası, şəxsiyyəti ilə tanışam. Hətta mənim ədəbiyyata sevgimin formalaşmasında Vaqif müəllimin rolu əvəzsizdir. Mən hər zaman buna görə ona minnətdaram. Vaqif müəllim olduqca təvazökar, sadə, mədəni insandır. O, hər zaman ədəbiyyata, sözə, mədəniyyətimizə canla-başla qulluq edib, heç zaman özünü göstərməyə çalışmayıb. O, sözə sevgisi, sədaqəti ilə hər birimizə örnək ziyalıdır".

Xalq şairi Nəriman Həsənzadə Vaqif Əlixanlı ilə tanışlığından, uzun illəri əhatə edən dostluğundan, onun mədəniyyətimizə töhfələrindən danışıb.

Daha sonra Fikrət Qoca, Məhərrəm Qasımlı, Seyran Səxavət, Tahir Talıblı, Qulu Ağsəs, Elçin Hüseynbəyli, Vaqif Yusifli, Ramiz Həsənoğlu, Məmməd Oruc, Qulu Ağsəs, yubilyarın xanımı Şəfəq Əlixanlı və başqaları çıxış edərək Vaqif Əlixanlı haqqında xoş düşüncələrini bölüşüb, onu yubileyi münasibətilə təbrik ediblər.

Sonda çıxış edən Vaqif Əlixanlı ona göstərilən diqqətə görə AYB rəhbərliyinə, tədbir iştirakçılarına və çıxışçılara təşəkkürünü bildirib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə