Qazaxıstanın Almata şəhərində "Qazax ədəbiyyatı" qəzeti və Qazaxıstan Yazıçılar Birliyinin 85 illiyi münasibətilə tədbir keçirilib.

 

Anaya Dövlət Akademik Opera və Balet Teatrında baş tutan tədbirdə ona yaxın ölkədən yazıçılar birliklərinin nümayəndələri iştirak ediblər. Azərbaycanı yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Mətbuat xidmətinin rəhbəri Xəyal Rza təmsil ediblər.
Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətin idarə etdiyi tədbirdə çıxış edən Qazaxıstan Respublikasının dövlət katibi Krımbek Kuşerbayev bunlarla yanaşı, bu il Qazax ədəbiyyatının banilərinin, Qazax mədəniyyətinin yüksək istedadlı sənətkarları Saken Seyfullin, İlyas Jansuqurov və Beimbet Mailin anadan olmasının 125 illiyinin qeyd edildiyini xatırladıb. O, çıxışında Yazıçılar Birliyinin mövcud olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib, mədəniyyətin və tarixin qorunmasında yazıçıların mühüm rolunu vurğulayıb.
Öz növbəsində Almata şəhərinin meri Bakıtjan Saqintayev qeyd edib ki, bu gün Yazıçılar Birliyi ölkənin 800-dən çox yazıçısını birləşdirir. Onun sözlərinə görə, bu təşkilat sayəsində bir vaxtlar çətin günlərdən keçmiş qazax dili qorunub saxlanılıb. Qeyd edib ki, müxtəlif illərdə Saken Seyfullin tərəfindən qurulan birliyə İlyas Jansuqurov, Sabit Mukanov, Abdilda Tajıbayev, Qabit Musrepov, Əli Şərifov, Anuar Alimjanov, Oljas Süleymanov, Nurlan Orazalin rəhbərlik ediblər.
Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət Birliyin illər ərzində gördüyü əsas işlərdən danışıb, müxtəlif ölkələrlə qurulan ədəbi əlaqələr, çap olunan kitablarla bağlı məlumat verib.
Avrasiya Yazarlar Birliyinin sədri, Türkiyəli yazıçı Yaqub Öməroğlu Qazaxıstan Yazıçılar Birliyinin səmərəli fəaliyyətindən danışıb, bu illərdə AYB-nin onlarla birlikdə gördüyü layihələrdən söz açıb.
Tanınmış yazıçı Oljas Süleymanov çıxışında mədəniyyətin, ədəbiyyatın önəmindən, bütün sahələrdə mədəniyyət amilinin nəzərə alınmağının vacibliyindən danışıb. Deyib ki, mədəniyət olmasa fizika, riyaziyyat, texnologiya xilas yolu olmayacaq. Bəşəriyyətin sabahı yalnız mədəni texnologiyalarla mümkündür.
Tədbirdə eyni zamanda XX əsrin 30-cu illərində repressiya qurbanı olmuş Saken Seyfullin, İlyas Jansuqurov və Beimbet Mailin anadan olmasının 125 illiyi münasibətilə hər üç sənətkarın əsərlərinin toplandığı kitab da təqdim olunub, qonaqlara hədiyyə edilib.
Həmin günün axşamında keçirilən tədbirdə söz qonaq ölkələrin yazıçılarına verilib. Azərbaycanı təmsil edən Rəşad Məcid AYB-nin sədri, Xalq yazıçısı Anarın təbrik məktubunu oxuyub. O, çıxışında Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrindən, qarşılıqlı çap olunmuş kitablardan, xüsusən də U.Esdövlətin aybKitab layihəsində işıq üzü görən kitabından danışıb. Sonra Xəyal Rza rəhbəri olduğu, 2020-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş I Türk Dünyası Kİtab Festivalı layihəsi və bu layihə çərçivəsində günlərdən birinin böyük Qazax şairi Abayın şərəfinə Türk Poeziya Günü adlandırılması ilə bağlı məlumat verib. X.Rza Qazaxıstan Yazıçılar Birliyinin üzvlərini yubiley münasibətilə tərbrik edib. Daha sonra Yazıçılar Birliyinin təklifi ilə Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin hədiyyəsi Ticarət Evinin təsisçisi Rəhim Sulatnov tərəfindən Uluqbəy Esdövlətə təqdim olunub.
Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan Yazıçılar Birliklərinin rəhbərləri çıxış edərək xoş fikirlərini səsləndiriblər.
Səfərdə Qazaxıstan və Azərbaycan yazıçıları arasında gələcəkdə ədəbi əlaqələrin inkişafı yönündə səmimi söhbət baş tutub. Azərbaycanda da tanınmış qazax şairi Berik Şaxanov ədəbiyyatlarına və yazıçılarına göstərdikləri diqqətə görə Azərbaycan Yazıçılar Birliyinin sədri Anara və nümayəndə heyətinin üzvlərinə təşəkkürlərini bildirib.

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə