Azərbaycanın Xalq yazıçısına Rusiyanın Dostluq ordeni təqdim olunub, Abdullayev qeyd edib ki, ordenlərinin sayı çoxdur, amma bu mükafata daha çox sevinib.

 

BAKI, 10 noyabr — Sputnik. Azərbaycanın məşhur yazıçısı Çingiz Abdullayevə bu gün Rusiyanın Dostluq ordeni təqdim olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, mükafatlandırma mərasimi Rusiyanın Azərbaycandakı səfirliyində keçirilib.

“Xeyli ordenim var, amma bu mükafata lap çox sevindim, çünki bu, Dostluq ordenidir. Mən həmişə dostluq və istənilən münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olmuşam: analar ağlamamalıdırlar”, - Azərbaycanın Xalq yazıçısı qeyd edib.

O, həmçinin Azərbaycan xalqını respublikanın suverenliyinin, ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edib.

Abdullayev rus dilinin vacibliyini də qeyd edərək son günlərin hadisələrinin bunu təsdiqlədiyini deyib: Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox müsahibələrini rus dilində verib və Azərbaycana qarşı o qədər də dost münasibətində olmayan insanlar dövlət başçısının çıxışlarından sonra fikirlərini dəyişiblər.

Xalq yazıçısı həmçinin Rusiya Prezidenti Vladimir Putinə və RF-in Azərbaycandakı səfiri Mixail Boçarnikova bu mükafata görə minnətdarlığını bildirib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin Dostluq ordeni ilə təltif olunması haqda bu ilin mayında sərəncam imzalamışdı. Təntənəli mükafatlandırma mərasimi adətən Kremldə, Rusiya prezidentinin iştirakı ilə keçirilir, ancaq koronavirus pandemiyası bu il planları dəyişib. Yazıçının mükafatlandırılması mərasimi Bakıdakı Rusiya səfirliyində baş tutub. 

Tədbirdə qonaqları salamlayan Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Çingiz Abdullayevin RF-lə mədəni münasibətlərin, əməkdaşlığın, sülh və dostluğun möhkəmləndirilməsində qiymətli töhfəsindən danışıb. Boçarnikov qeyd edib ki, iki ölkəni təkcə qarşılıqlı əməkdaşlıq deyil, eləcə də xalqlar arasında dostluq bağlayır.

Rusiyanın Dostluq ordeni 1994-cü il martın 2-də təsis olunub və millətlər və xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfələrə, Rusiyanın iqtisadi və elmi potensialının inkişafında yüksək nailiyyətlərə, ölkələr arasında mədəniyyətlərin yaxınlaşdırılması və qarşılıqlı zənginləşdirilməsində, sülh və dostluq əlaqələrinin möhkəmləndirilməsində məhsuldar fəaliyyətə görə təqdim olunur.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev əsərlərini rusca, əsasən psixoloji və siyasi detektiv janrında yazır. 2002-ci ildə rusiyalı kinematoqrafçılar Çingiz Abdullayevin romanları əsasında “Dronqo” serialı çəkiblər. Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların aparıldığı günlərdə Çingiz Abdullayev Rusiya telekanallarındakı verilişlərdə aktiv iştirak edərək rusiyalı tamaşaçılara Azərbaycanın mövqeyi barədə həqiqətləri çatdırıb. 




Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə