Dekabrın 20-də Azərbaycan Yazıçılar Birliyində (AYB) katiblərin, ağsaqqallar şurasının, qəzet və jurnalların baş redaktorlarının iştirakıyla toplantı keçirilib.  Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar toplantı iştirakçılarını salamlayıb, onları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib. AYB sədri Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdan gələn 60 illik yubileyi haqqında söz açıb:

“Bildiyiniz kimi dekabrın 24-də Prezident İlham Əliyevin doğum günüdür. Belə bir təklifim var ki, Azərbaycan mədəniyyətinə, Azərbaycan ədəbiyyatına, Azərbaycan Yazıçılar Birliyinə göstərdiyi diqqət və qayğıya görə cənab İlham Əliyevi Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv seçək. Azərbaycan Yazıçılar Birliyinin ilk fəxri üzvü Ulu öndər Heydər Əliyev olub.

2003-cü ildə seçkilər zamanı Cənab İlham Əliyevdən  kitabların latın əlifbasında çap edilməsini xahiş etmişdim. Seçkilərdən sonra cənab Prezidentin ilk sərəncamlarından biri məhz bu böyük layihə oldu. Kitablar latın əlifbasında, yüksək tərtibatla, yüksək tirajla çap edildi. Azərbaycan Yazıçılar Birliyinin binası təmir edildi. 2019-cu il Nəsimi ili elan olundu, bu il də Nizami ili idi. Torpaqlar işğaldan azad edilən kimi ilk işlərdən biri Şuşada Vaqifin məqbərəsinin təmiri və açılışı, daha sonra Vaqif Poeziya Günlərinin təşkil edilməsi – bütün bunlar hamısı İlham Əliyevin Azərbaycan ədəbiyyatına göstərdiyi yüksək diqqətin və qayğının nəticəsidir. Məhz buna görə İlham Əliyevin Azərbayan Yazıçılar Birliyinə fəxri üzv seçilməsini təklif edirəm”

Sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan Prezidentinin fəaliyyəti ərzində mədəniyyətə, ədəbiyyata, ədəbiyyatımızın görkəmli nümayəndələrinə diqqət və qayğısından söz açdılar. Yazıçılar Birliyinin sədrinin təklifini yüksək qiymətləndirdiklərini qeyd edərək dəstəklərini dilə gətirdilər.    

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə