Xalq yazıçısı Ənvər Məmmədxanlı anıldı

 

"Həyatım ağrıyır..." Ənvər Məmmədxanlının ifadəsidir. Uşaqlıq illərimdən xatırlayıram, hərdən-birdən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birə öz içəri dünyasına qapılardı, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərli və o zaman xəbər alanda: "Nə olub sənə, nə var?" dalğın-dalğın cavab verərdi: "Həyatım ağrıyır".

Xalq yazıçısı Anarın unudulmaz Ənvər Məmmədxanlı haqqında olan xatirələrindəndir. Yazır ki, o uzaq illərdə mən bu ifadəni orijinal bir obraz qəribə bir məşbeh sayırdım. "...Sonra anladım ki, bu, yalnız gəlişi gözəl bir söz deyilmiş - Ənvər Məmmədxanlı taleyini çox sərrast, çox dürüst düsturu imiş..."

Fevralın 28-də xalq yazıçısı Ənvər Məmmədxanlının xatirəsini əziz tutan söz adamları II Fəxri xiyabanda bir araya gəldiyi anların da düşüncələri elə bu ağrıyan həyatın iç dünyasına hesablanmışdı. Daha çox müdrikliyindən, mərdliyindən, dözümlükdən, dönməzliyindən söz açdılar ustadın. Rəhmət diləyib, məzarı önünə tər çiçəklər qoydular, xatirələrini bölüşdülər. Xalq yazıçısı Elçin unudulmaz xatirələrini dilə gətirdi. Ənvər müəllimlə bərabər görkəmli ədəbiyyatşünas Araz Dadaşzadə son mənzilə yola saldıqları anı xatırladı. "İndi əbədi dünyalarına qovuşublar, qəbirləri yanaşıdı, - dedi. - Ənvər müəllim ona çox bağlı idi. Xətrini çox istəyirdi. Ümumiyyətlə, o, gəncliyə çox bağlıydı. Onların yaşındaydı. Qoruyurdu. Gənclərə inanırdı və yanılmırdı. Ənvər Məmmədxanlının dərin yumor hissindən söz açan Elçin müəllim dedi ki, bir neçə dəfə ölüm xəbəri yayılmışdı ustadın: "Bir dəfə də belə bir kədərli xəbəri eşidəndə Anara zəng etdim, xəbəri eşidib-eşitmədiyini soruşdum. Dedi: "Hə, eşitmişəm, amma doğru xəbər deyil, indicə özü ilə danışmışam".

Sonra Xalq yazıçısı Anar Ə.Məmmədxanlının xatirəsini əziz tutanlara minnətdarlığını bildirdi.

Anım mərasimi Yazıçılar Birliyində davam etdi. AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid də Ə.Məmmədxanlının istedadlı gənclərə qayğısından, lirik, poetik üslubundan söz açdı. Vurğuladı ki, ədəbi gəncliyin Ənvər müəllimin yaradıcılığını daha dərindən öyrənməyə ehtiyacı var.

Xalq şairi Ramiz Rövşən Ə.Məmmədxanlı ilə 70-ci illərin axırlarında daha yaxından tanış olduğunu bildirdi: "O zaman tez-tez kinostudiyaya gəlirdi. Onu məntiqi, bilgi genişliyi məni heyran edirdi. O nəsildə iki yazıçı gəncliyə daha yaxın idi - Ənvər müəllim və İlyas Əfəndiyev. Poeziyada da Rəsul Rza. Ənvər müəllimin hər mövzuyla bağlı dolğun bilgisi vardı. Çox ziyalı, kübar adam idi. Vicdan mücəssiməsiydi. Yenilənməyi sevirdi. Təəssüf ki, Ənvər müəllim həyatımızda baş verən sonrakı hadisələri görmədi. O, əsl şəxsiyyət və ləyaqət nümunəsi nadir şəxsiyyət, işıqlı adam idi. Dünyaya necə işıqlı gəlmişdisə, eləcə də işıqlı getdi".

Ramiz Rövşən sonra böyük ədibin xatirəsinə həsr etdirdi. "Bu da ötən günüm, batan günəşim" adlı şeirini səsləndirdi.

Akademik Rəfael Hüseynov dedi: "Ənvər Məmmədxanlı böyük mütəfəkkir idi. Dünyaya gəlişindən yüz on illik bir zaman məsafəsi ayırır. Amma gələcək illərdə onun daha yuvarlaq xatirə gecələri keçiriləcək. Buna səbəb onun böyük irsi, ölməz yaradıcılığıdı. Onun ədəbi irsinin qorunmasına xalq yazıçısı Anarın böyük xidmətləri var. Ənvər müəllim zəngin biliyə malik adam idi. Ömrünü planlı şəkildə yaşamışdı. Düşüncəsini, münasibətini dəqiq şəkildə incələyirdi. Pak və təmiz vicdanıyla yaşadı. İstənilən mövzuda müdrikcəsinə söz aça bilərdi.

Yazıçı Seyran Səxavət Ənvər müəllimin gənclərə olan qayğısından söz açdı: "Başımızı sığallayırdı, nəsə xoş bir söz deyirdi. Onun kimi kişilər indi çox azdı. Onun kimi kişilərin qədrini bilənlər də çox azdı. Hədsiz təvazökar adam idi. O xoşbəxtlərdənəm ki, xətrimi çox istəyirdi. Onun çox səmavi, qeyri-adi alın yazısı, taleyi vardı. Əsl aristokrat idi. Kaş sağ olaydı, biz onun haqqında dediklərimizi eşidəydi, bir kamera onun üzünü çəkəydi, görəydik nə hisslər keçirir... bu, çox maraqlı bir film olardı.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə böyük sənətkrala bağlı xatirələrini bölüşdü: "Ənvər müəllim piyada gəzməyi çox xoşlayırdı. Tez-tez rastlaşırdıq... təbii ki, mən onu orta məktəbdə oxuduğum illərdə əsərlərindən tanıyırdım. Amma 1971-ci ildə şəxsən tanış oldum. Kinostudiyada... O, yazıçılar içində sıra nəfəri deyildi. Xüsusi mövqeyi vardı. Onunla hamı hesablaşırdı... Kinostudiyada fiziklərin həyatından bəhs edən əsərinin müzakirəsi zamanı Əkrəm Əylisli də fikrini bildirdi. Bir az da ironiya ilə. Dedi orazların dili xalq dilinə yaxın deyil. Sonra Ənvər müəllimə söz verildi. Təmkinlə dedi ki, "Əkrəm, bu ssenarini oxumuş olsaydın görərdin burada təsvir olunan obrazlar alimdirlər, fizikdirlər, alim kimi danışırlar, daha sənin Nəğməkar bibin kimi yox..."

Sonra Xalq yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayev, yazıçı-publisist Vaqif Əlixanlı, tənqidçi Əsəd Cahangir və başqaları ölməz sənətkarla bağlı fikirlərini bölüşdülər. Sənətkarın "Leyli və Məcnun", "Babək" ssenariləri, "Odunçu oğlu", "Karvan dayandı", "Buz heykəl" və sair əsərlərinin unudulmaz təəssüratlarından dəruni duyğularla söz açıldı.

 

Sərvaz Hüseynoğlu

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə