Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri qurumun sədri seçilib

Türk dünyası mədəniyyətini bir araya gətirərək beynəlxalq aləmdə  tanıdılmasında əhəmiyyətli rol oynayan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY növbəti maraqlı layihəyə imza atıb.

Martın 6-da qurumun təşəbbüsü və təşkilatçılığı ilə Türk dünyası ədəbiyyatına yeni nəfəs gətirən “TÜRKSOY Yazıçılar Birliyi təsis olunub.

Təşkilatın Ankaradakı baş qərargahında birliyin təsis toplantısı keçirilib. TÜRKSOY-un baş katibi Sultan Raevin iştirakı ilə keçirilən tədbirdə Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdaulet, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekov, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirojiddin Seyid, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Türkiyə Yazıçılar Birliyin İdarə Heyətinin üzvü Mahmut Erdemir, Avrasiya Yazarlar Birliyinin sədri Yakup Ömeroğlu və Türkmənistanın Ankaradakı səfirliyinin ikinci katibi Handurdi Turayev iştirak edib.

Açılış nitqi söyləyən Sultan Raev Türkiyədə böyük itkilərə səbəb olan dağıdıcı zəlzələlərin ürəkləri ağrıtdığını vurğulayıb, “Türk qardaşlarımızın dərdi bizim də dərdimizdir. Türkiyə bu çətin günlərdən mütləq çıxacaq”, – deyə bildirib. Baş katib qeyd edib ki, TÜRKSOY Yazıçılar Birliyinin yaradılması türk coğrafiyasında yaşayan yazıçılarının bir-birini tanımasına, əsərlərinin təbliğinə zəmin yaratmaq, ortaq problemlərin müəyyən edərək həll olunmasına çalışmaq məqsədilə təsis edilir: “TÜRKSOY bütün türk xalqlarının mədəniyyətinə möhkəm körpü olmaq, ədəbiyyat və mədəniyyət vasitəsi ilə bir-birinə yaxınlaşdırmaq, onları birliyə, həmrəyliyə dəvət etmək üçün var gücü ilə çalışır. Türk mədəniyyətinin lokomotivi ədəbiyyatdır. TÜRKSOY-un baş katibi olaraq mənim ən mühüm vəzifələrimdən biri də Türk dünyası sivilizasiyalarını bir-birinə yaxınlaşdırmaq, onların ünsiyyətini gücləndirməkdir. Əsas şüarımız isə dildə, fikirdə, işdə birlikdir”.

Digər çıxış edənlər təmsil etdikləri qurumların fəaliyyətindən və TÜRKSOY tərəfindən qardaş xalqların ədəbiyyatının inkişafına və təbliğinə göstərilən diqqətdən danışıb, yaradılacaq birliyin də Türk coğrafiyasında ədəbi düşüncənin tərəqqisinə yeni təkan olacağını vurğulayıblar.

Sonra iclas sessiyalarla davam edib. İclasın sonunda “TÜRKSOY Yazıçılar Birliyi”nin yaradılması haqqında sənəd iştirakçılar tərəfindən imzalanıb.

Sənədə əsasən, Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluqbek Esdaulet TÜRKSOY Yazıçılar Birliyinin sədri seçilib. Bundan əlavə, yeni birliyin ilk toplantısının bu ilin mart ayının sonunda Özbəkistanda keçirilməsi qərara alınıb.

Mehparə Sultanova
Ankara

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə