Mən yarpağam!
Barsız bir ağacda saralmışam.
Mən buludam!
Günəşsiz göylərdə qaralmışam.
Mən yollaram!
Hər gün min kərə taptalanıb əzilmişəm.
Dözürəm.
Mən küləyəm!
Qapı-qapı gəzirəm,
Mən torpağam!
Əkilməkdən bezirəm,
Yoruluram.
Dağılıram, quruluram,
Mən nəfəsəm!
Hər insana yaxınam,
Mən dənizəm!
Ləpələrsiz axıram,
Mən vicdanam!
Hər parçam bir insandadır,
Sızıldayır.
Mən namusam!
Zaman məni hədələyir,
Parçalayır.
Qan ağlayır parçalarım.
Mən şərəfəm!
Çoxu məni satın alır,
Sevilə bilməyirəm,
Addım-addım sürünürəm,
Məni ayaqlar sevir,
Yolların tozu sevir.
Mən insafam!
İnsanlardan uzağam.
Mən o haqqam!
Ömrü boyu çolağam.
Mən çiçəyəm, ya alağam?
Ev sahibi, ya qonağam?
Kim bilirsə kimliyimi,
Desin mənə öz yerimi,
Mən özümü axtarıram,
Kimliyimi axtarıram.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə