hərə bir züm-zümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır.
məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isiti saxlayır:

gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə.
mən də böyüməyə tərəf qaçardım,
qarqı atım vardı, onun belində.

gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə.
"klas"a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə.

deyimmi xəlvətcə ağac başına
çıxıb yuvaları yoxlamağımı?
körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?

canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı.
sonradan səngərdə döyüşən gördüm,
taxta aftomatla atdıqlarımı.

götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi, gəlmədi-
mənim uşaqlığım, ax... uşaqlığım,
kağız gəmilərdə batdı, gəlmədi...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə