Dağlar “Yanıq Kərəm”, dərə “Lələ”di,

“Kərəm”in ardınca çəkdi öz köçün.

Dərələr özünü şəhid eylədi,

Dağları göylərə qaldırmaq üçün.

 

 

Dərədən güc alıb qalxdı ayağa,

Qoşuldu göylərdə bulud köçünə.

Daşını, qumunu verənde dağa,

Dağlardan ummadı dərələr heç nə.

 

Dərənin köksündən dikəldi qalxdı,

Kəsdi yolu-izi, bəndi-bərəni.

Göydə şimşəklərə qarışdı başı,

Görmədi ayağı altda dərəni.

 

Dağlardan həmişə bəla görübdü,

Selindən yaşlıdı gözü dərənin.

Canının odunu dağa veribdi,

Günə həsrət qalıb özü dərənin.

 

Əgər olmasaydı dərə zəhməti,

Dağlar buludlardan verməzdi soraq.

Dağ da bilməlidi bir həqiqəti,

Dərə olmasaydı dağ olmazdı dağ.

 

Dərənin canını illərdən bəri,

Alsa da ürəyi dolmaz dağların.

Dərələr torpağın istəsə geri,

Boyu bir təpəcən qalmaz dağların.

 

Qüssədən, ağrıdan qulağı kardı,

Eşitmir zirvədə yüz tufan əsə.

Dağın dağ olmağı xəyal olardı,

Dərələr özünü qurban verməsə.

 

Can atır dağların altından çıxa,

Səsin eşidən yox, hay-haray salıb.

Dərədə taqət yox ayağa qalxa,

Dağda da nə insaf, nə mürvət qalıb.

 

Dərə, dərdli dərə, döz, dözək hələ,

Bir gün dərdlərimiz sökülər daş-daş.

Sənin çiynindəki bir dağdı elə,

Mənim çiynimdəki görünmür.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə