Son xəbərlər

 


…Gözümü bir qadının qucağında açdım.

                                                                                        Ağlayırdım.

İndicə məni qucağından

                              birhuriylə oynamağa buraxan

                                                        mehriban atam üçün ağlayırdım...

 

Oyuncağımı əlimdən almış o huriqılmana acığımdan ağlayırdım.

                                  Qadının mənə verdiyi abi-həyat südünə kiridim.

Düşündüm,–“Hələ cənnətdəyəm, bu da  həmin dirilik suyudur...”.

                                                   Yol susuzluğunu söndürüb kiridim.

*

Gözlərimi üzünə zilləmişdim,–“Görən mən hardayam?

Yoxsa məniatam qovub?

Bu qadın kim?

Cənnət niyə qucaq boyda olub görəsən..?

Mələk belə olmur axı...!”

O mehriban qadının gözlərindəki tanrı nəvazişinə,

                                         cadarlı əllərin başımı oxşamasına kiridim...

*

Mənə zillənmiş məlhəm gözlərdəki nuru gördüm,–“Yəqinmələkdir!”–dedim.

Onun çiynindəki sadiq mələkləri tanıdım–cənnət bildim qucağını.

                      Kiridim ki, incitməyim mənə abi həyat verən qadını.

Kiridim ki, mələklərim mənə gülüb atama şikayət etməsin mənə süd verən qadını...

                                  Munkirin qadının telini oxşamasına kiridim.

*

O qadın mənə layla çaldı,–“Laylay balam”–dedi, –

                                             “Şirin yuxu içində qızılgülə bat”–dedi.

Yatdım...

Qızılgüllər içində gülərüz atamı gördüm.

Qucağına qaçdım.

“Sevdinmi o qadını?”–sordu tanrım.

                                                       “Hə”–dedim, –“Axı kimdir o?!”

“Bu gündən sənin anandır o. Daha cənnəti onun ayaqları altında axtar”–dedi.

Cənnətin ayaqlar altında qalmasından qorxub ağladım.

Sonra.., sonra qadının həzin nənnisinə kiridim.

*

Qulaq asdım bu laylaya, eynən cənnət nəğməsidir.

– “Bəs o bunu hardan bilir, bəlkə məndən əvvəl gəlib?”.

“Hə, elədir. Onu mən hardasa görmüşəm.

 Görmüşəmsə, tanıyıram...

 Anam bir mələkmiş demək..!”.

Bunu  laylasındanbildim, həm də gülən gözlərindən.

Gül üzünə qığıldayıb, qismətimə kiridim.

*

Yaşlandım...

“Kişi qadın qoltuğunda gizlənməz!”– deyən atamdan eyzan ona qısıldım.

Bir gün anam,–“Artıq böyümüsən oğul, çıx qucağımdan”–deyib,

o da məni tanrım kimi cənnət qucağından ayıranda

tənhalığıma, qovulduğuma doyunca ağladım.

Ürkək-ürkək məni bağrına basarkən

Allahından örpənən  anamın ismətinə sığındım.

Tanrı mələklərdən mənə də övlad payı verəndə

                                                             talehimə şükr etdim,

övladımın gurtelini qoxlayıb kiridim...

*

... Günlərin birində, anammən gəldiyim yerə döndü.

Məni aparmadı. Atamla yalqız buraxdı getdi...

Mərhəmətli, halal, zəhmətkeşdi mənim atam.

Ancaq kişiliyi imkan vermir ki, anam kimi saçımı oxşasın,

məni bağrına basıb yanağımdan öpsün...

Atam hər dəfə qəribsədiyim nəvazişi nəvələrinə göstərəndə paxıllığım tutur.

İndi atamı övladlarım qədər sevirəm.

Çünki, onun bu uşaqlardan heç bir fərqi yoxdur.

 Qocalar da uşaq kimidir, sadəcə onlarla oynamaq istəyən azdır.

 Fikri-zikri tanrı qatındakı anamın yanındadır.

Kövrək atamın tənha halına acıdım,

sadiqliyinə hönkür-hönkür ağladım.

Anamalayiq sevgisinəqibtə edib kiridim.

*

İndi mən də qocalıram, bu dünyaya sığmaz oldum..

Uşaq kimi bir qucağı, isti ana sığalını, bir də layla istəyirəm.

Mən tanrımı istəyirəm...

 Mən əlimdən alınmış oyuncağımı istəyirəm!

 Anamın çiynində gördüyüm o mələklərlə

cənnət gülüstanında doyunca oynamaq istəyirəm!

Qocalmaq istəmirəm, ölüb yad torpağa qarışmaq istəmirəm!

Yalançı əmzikləri istəmirəm!

Kiritməyin məni!

Məni kiridəcək mələk anamı istəyirəm!

Mən anamı istəyirəm!!!

*

Bəlkə eyni yerdə oynadığım mələklərdən kimsə qalıb burda?

 Qoy səsimə səs versinlər,–“Eh-he-hey!!!

Cənnət bağlarında oynamağa gedirəm, tez gəlin!

 Burdakı bağlarda bizi tutub adımıza oğru dedilər!

Döydülər, söydülər.

Hərə bir bağa yiyələnib,–“Mənim bağımdır!”–edilər.

Bizim oynamağımız üçün burda yer yoxdu!

Burda göz yaşlarına baxan yoxdu!

Burda məni kiridəcək birisi yoxdu..!

Ana qucağından başqa cənnət yoxdu....

... Hay verən tapılmadı.

*

Qurbanın olum, ey Xudavənd!

                 Mən bu dünyaya azıb gəlmişəm.

Məni lap təzədən yarat.

Məni öz külümdən yarat!

Məni anamın külünə qarışdır, ana sevgisiylə birlikdə yarat.

Məni anama qovuşdur ya Rəbbim.

Məni cənnətin ayaqlar altında olan küncündə yarat Allahım!

*

... Yəqin, yenə də anam məndən tez qayıdacaq bu dünyaya.

Onda qoy qumlu sahilə yazdıqlarımı gəlib özü oxusun, –

“Səni çox, həm də lap çox, hətta tanrımdan və atamdan da çox sevirəm ana!...

                                 Mənə qucaq aç – mən sənə gəlirəm ana!..”

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə