Bu dünya həm acı, həm də şirindir,

Pulun varsa, ölünü də dirildir

Haram yesən, onu bil ki, irindir,

Yeyən – yedi; üzülənlər neyləsin?...

 

 

Ömrü boyu yem olduq aslanlara

Inanmazdıq, inandıq yalanlara

Su olmuşuq bir para yananlara

Yanan – yandı; köz qalanlar neyləsin?...

 

Talan edib daşıdılar o yana,

Mərd istərəm bu ağrıya dayana

Əflaki (xalqım) yatıb istəyirəm oyana,

Udan – uddu; uduzanlar neyləsin?...

 

Daha yoxdur tükənibdir səbirim,

Kaş olaydı, Mirzə Cəlil, Sabirim,

Bu dünyanın üzü yalan nə bilim

Susan – susdu; söz alanlar neyləsin?...

 

Hələ guya ayılmışıq biz indi,

Çox itirdik, qalacaqsa, bizimdir

Torpaq yoxsa, necə qoyaq, iz indi?

Cığır itdi; - yol azanlar neyləsin?...

Udan – uddu; uduzanlar neyləsin?...

Yanan – yandı; köz qalanlar neyləsin?...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə